03 oktyabr 2023 01:36
332

Mollaların "səhvlərini" Allah bağışlayacaqmı?..

Qonşulara bilərəkdən xəyanət edənlər əfv olunmurlar

Siyasi simasızlığını gizlədə bilməyən cənub qonşumuz buna görə Cənubi Qafqazda olan-qalan nüfuzunu da itirdi. Artıq bu barədə özləri də etiraf etməli olurlar.

“İran hökumətinin Ermənistana dəstək siyasəti məğlubiyyətə uğrayıb.”

Bu sözləri Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabəyli sosial media hesabında yazıb. O, Birinci və İkinci Qarabağ müharibələri zamanı İranın Ermənistanı dəstəkləməsinin nəticələrinə toxunub: “Azərbaycan və Ermənistan arasında ikinci müharibə bundan əvvəlki Həsən Ruhani hakimiyyəti dövründə baş verdi. İran hökuməti məsələ ilə bağlı yanlış mövqe tutdu və bu, Azərbaycan xalqının bizdən daha da uzaqlaşmasına səbəb oldu. Onlar bizim qohumlarımızdırlar, ancaq biz elə bir iş gördük ki, onlar bizdən incidilər”.

Əhməd Əlirzabəyli hazırkı hökumətin də eyni yanlış siyasəti yürütdüyünü, bunun qarşılığında isə Ermənistanın Qərbə üz tutduğunu, ABŞ-la birgə hərbi təlimlər keçirdiyini xatırladıb: “Ermənistan regional siyasətini yenidən formalaşdırır, NATO-nun bölgədə yerləşməsinə zəmin yaradır. Biz isə Ermənistana görə Azərbaycan xalqını özümüzdən uzaqlaşdırdıq. Bu, İranın necə aldandığını və səhv siyasi kurs seçdiyini göstərir”.

 Hiss olunur ki, Əlirzabəyli bir qədər yumşaq ifadələr işlədir.

Deməliydi ki, İran yalnız indi yox, heç vaxt düzgün siyasət yeritməyib. Ona görə də dünyada dostu yoxdur. Azərbaycanla münasibətlərinin kökündə isə məkrli işğalçılıq planları durur. Molla rejimi başa düşür ki, ermənilər kimi, onun da 200 illik işğalçılığı sona yaxınlaşır və yaxınlaşmanı mümkün qədər uzaqlaşdırmaq üçün nəyə gücü yetirsə onu edir. İran hər nə qədər proseslərə daxil olmağa çalışsa da, bundan sonra istəsə də o tip addım ata bilməz. Ermənistanla  ABŞ-ın birgə hərbi təlimlərindən sonra "qonaq" hərbçilərin bəziləri geri qayıtmayıb. Bundan əlavə, İranın özünün Ermənistanın cənubunda konsulluğu açılıb. Yaxın zamanda Ermənistanın cənubunda Fransanın və daha bir neçə ölkənin konsulluqlarının açılacağı gözlənilir. Belə bir şəraitdə İranın Zəngəzur dəhlizindən keçən istiqamətdə hansısa təxribat xarakterli addımlar atacağı gözlənilmir. Çünki İran bilir ki, regionda atacağı bir səhv addım özünə ciddi problem yaradacaq. Bundan əlavə, Azərbaycan bütün sərhədlərini tam şəkildə bərpa edib. Bundan sonra kənardan Azərbaycana qarşı hansısa müdaxilə mümkün deyil. Əks halda bu, müharibə anlamına gələcək. İran həm də Azərbaycanın tərəfdaşlarından çəkinərək, ölkəmizə qarşı neqativ addımlar atmayacaq. Çünki bilir ki, əl tərpətsə Türkiyə, İsrail və Pakistan ona qarşı lazımi tədbirlər görəcək. Bundan da əlavə Cənubi Azərbaycan da ayağa qalxacaq və bununla da molla rejiminin sonu olacaq. Ona görə də karvana hürən itin vəziyyətində qalmağa məcbur olub. İran, sadəcə olaraq, Azərbaycana qarşı siyasi təzyiqlərini davam etdirə bilər ki, bunun ona heç bir faydası olmayacaq. Çünki cavabını alacaqdır.

 Zəngəzur dəhlizi İranın ciddi maliyyə itkisinə və narkotik trafikinin dayanmasına gətirib çıxaracaq. Ölkənin tiryəki rəhbərlərini də ciddi narahat edən budur. Suriyada və başqa yerlərdə saxladığı terror dəstələri narkotik alverindən gələn pullarla qidalanır və silahlandırılırlar. Mollalar müsəlman aləmini gözdən salan belə haram işlərdən əl çəkməlidir.

Ancaq görünür ki, radikal molla rejimi əsla buraxdığı səhvlərdən nəticə çıxarmaq niyyətində deyil. Bunu onun son aylardakı davranışları da sübut edir. Özləri bilər, can onların, cəhənnəm Allahın...

Vəli İlyasov, “İki sahil”