02 oktyabr 2023 23:46
315

Yaqublunun Paşinyan sevgisi

Və yaxud hayların maşası olmağın qazancı nədir?

Tofiq Yaqublunun son bir neçə ildəki statuslarını oxuyanda düşünürsən ki, bu adamın fəaliyyəti kodlaşdırılıb və missiyası yalnız Azərbaycan xalqının və dövlətinin ünvanına iftiralar yağdırmaqdan ibarətdir. Məsələn, sonuncu statusundakı fikirləri bir daha təsdiq edir ki, o, ruhən hayların xaç atasına oxşayır. Statusunda yazır ki, Qarabağın azad edilməsinə demokratiya səbəb oldu: «Bəli, məhz demokratiya! Ermənistanda Putinin dostu və kompanyonu Koçaryanın (və ya həmin komandanın bir başqa üzvünün) hakimiyyəti dövründə əlbəttə ki, Rusiya Azərbaycana öz torpaqlarını qaytarmağa imkan verməyəcəkdi. Putin özü Vladivostokda dedi ki, o, Dağlıq Qarabağı, Laçını və Kəlbəcəri Ermənistana verməyi planlaşdırırdı. 2018-ci ildə Ermənistan xalqı meydanlara çıxıb demokratiyanı bərqərar etdilər, azad seçki keçirdilər və Putinin korrupsioner marionetka hakimiyyətini rədd etdilər. Yalnız bundan sonra Kreml ona tabe olmayan Paşinyanı devirmək qərarına gəldi və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə razılıq verdi.»

Bu gerizəkalının məntiqinə görə, həm İkinci Qarabağ müharibəsindəki, həm də 2023-cü ilin sentyabrın 19-da başlatdığımız antierror tədbirləri zamanı Ermənistan üzərindəki qələbələrimizə görə Azərbaycan Ordusuna, qəhrəman şəhid və qazilərimizə deyil, Ermənistandakı demokratiyaya borcluyuq. Bu rəzil adam hələ də anlamır ki, 2018-ci ildə görüntüdə demokratiya, əslində isə Sorosun külli miqdarda maliyyəsi hesabına hakimiyyətə gələn Nikol Paşinyan beynəlxalq tribunalardan «Qarabağ Ermənistandır nöqtə» deməklə sələfləri Robert Koçaryan və Serjik Sarkisyan kimi işğalçı simasını göstərmişdi. Məhz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizdən sonra onun başına dəyən dəmir yumruqdan sonra o, şovinst- separatçı fikirlərindən qismən də olsa geri çəkildi. Necə deyərlər, quyruğu qapı arasında qalandan sonra həqiqətləri anlamağa başladı.

Siyasət dəllalı olan Tofiq Yaqublunun hələ də gəlir mənbəyi Azərbaycana qarşı böhtanlar yağdırmaqdan, erməni lobbisinin əl maşası olmaqdan qaynaqlanır. O, bütün qüvvəsini ermənipərəst beynəlxalq təşkilatların sifarişlərini canla-başla yerinə yetirməyə sərf edir. Hətta milli kimiliyini o səviyyədə itirib ki, ABŞ-ı və Avropa İttifaqını Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırıb. Eyni zamanda, statuslarında yazırdı ki, Qarabağda yaşayan ermənilərə status verilməlidir. Həmçinin onun «Fransanın ermənipərəst siyasəti bizə sərf edir» fikri də öz ölkəsinə qarşı kin və küdurətinin göstəricisidir.

Bütün bunlara rəğmən demək olar ki, İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizi və Qarabağdakı separatçı- terrorçu xuntanın özünü buraxaraq mövcudluğuna son verməsini məğlub ermənilər nə qədər həzm edə bilmirlərsə, Tofiq Yaqublu və ətrafı da eyni səviyyədə qəbul etmir. İndi Azərbaycan dövləti Xankədidə, Ağdərədə, Xocalıda, Xocavənddə, Əsgəranda nəzarəti tamamilə ələ keçirib. Ən önəmlisi isə qan içən xunta rəhbərlərinin bir neçəsi Azərbaycan hüquq- mühafizə orqanları tərəfindən həbs edilib, digərlərinin də həbsinə hazırlıq gedir. Bütün bunlardan sonra Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifə Zəngəzur dəhlizinin açılmasıdır. Təbii ki, həmişə sözünə sadiqlik nümayiş etdirən Ali Baş Komandanımız bu şərəfli missiyanın da öhdəsindən layiqincə gələcək .

Ancaq Zəngəzur dəhlizinin açılmaq gerçəkliyi Ermənistanı nə qədər təşvişə salırsa, bir o qədər də Tofiq Yaqublunu narahat edir. Məsələn, o, Zəngəzur dəhlizi ideyasını «Azərbaycan dövlətinin avantürası» adlandırır. Ancaq anlamır və yaxud anlamaq istəmir ki, birincisi, Zəngəzur dəhlizi Azərbaycanın milli məsələsidir. İkincisi, Zəngəzur dəhlizinin açılması ölkəmizə yeni siyasi-diplomatik qələbələr və iqtisadi imkanlar vəd edir.

Vurğulamaq lazımdır ki, bu riyakarla həmrəy olanlar da var. Belə ki, həm AXCP rəhbərliyi, həm də qondarma «Milli Şura»çılar da bu kimi anti-Azərbaycan statuslarla gündəmdə qalmağa çalışırlar. Digər bir rəzillik isə ondadır ki, AXCP sədri Əli Kərimlinin başçılıq etdiyi «qrant dəllaları» Tofiq Yaqublunu cəmiyyətə hər şeyə münasibət bildirən «siyasi ekspert» kimi sırımağa çalışırlar. Ona görə ki, «cəbhəçi»lər ermənilərin bir çox anti-Azərbaycan çıxışlarına həmrəyliyi Yaqublunun statusları ilə ifadə edirlər.

Elçin Zaman, «İki sahil»