02 oktyabr 2023 16:15
327

Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir

Sentyabrın 29-da 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərinə bir daha diqqət çəkdi, dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işlərindən geniş bəhs etdi. Bu gün bütün Qarabağ inkişaf edir. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi.

2-ci Milli Şəhərsalma Forumunda Prezident cənab İlham Əliyev xatırlatdı ki, Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir.

Ölkə başçısı Forum iştirakçılarının diqqətinə çatdırdı ki, bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Həçminin Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə də töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir.

Ölkəmizin Böyük Qayıdış Proqramını həyata keçirdiyini qeyd edən ölkə başçısı vurğuladı ki, Böyük Qayıdış Proqramının bir tərkib hissəsi də məşğulluqdur. Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.

Prezident cənab İlham Əliyev 2-ci Milli Şəhərsalma Forumunda çıxışı zamanı bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtsınlar. Növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaqlar. Artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq.

30 ilə yaxın bir müddətdə insanlar erməni işğalından çox əziyyət çəkiblər, çətin şəraitdə yaşayıblar, mənəvi çətinliklərlə üzləşiblər. Onlar özlərinin haqlı hüquqlarından, öz Vətənlərindən, qəbiristanlıqlarını ziyarət etməkdən məhrum ediliblər. Azərbaycana qarşı planlı urbisid və kultursid həyata keçirilib. Zəngilan məscidi ermənilər tərəfindən məhv edilib. Bizim işğal altında olmuş bütün torpaqlarımızdakı 67 məsciddən 65-i məhv edilmişdir, 2-si isə yarı dağıdılmış vəziyyətdə olmuşdur. Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edilmişdir.

Ölkə başçısı qeyd etdi ki, bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər.

Prezident cənab İlham Əliyev Forum iştirakçılarına onu da xatırlatı ki, Ermənistan işğaldan əl çəkmək istəmirdi. Azərbaycan isə işğalla barışmadığını sübut etdi və 2020-ci il noyabrın 8-də Şuşa Ordumuz tərəfindən azad olundu. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu.

Cavid Osmanov,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı