02 oktyabr 2023 13:52
480

Fransa Ermənistanı yeni müharibəyə hazırlayır - RƏY

“Qarabağ məsələsinə son qoyuldu, Azərbaycan bütün ərazilərində suveren hüquqlarını bərpa etdi. İki il bundan əvvəl cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işlərinə, meqa infrastruktur layihələrin həyata keçirilməsinə start verilib. Bu günümüzə qədər minlərlə vətəndaşımızın yurd həsrətinə son qoyulub. Bundan sonra onlar dövlətimiz tərəfindən kəndlərdə, qəsəbələrdə, şəhərlərdə inşa edilmiş müasir tipli evlərdə yaşayacaqlar. Məcburi köçkünlük həyatı artıq geridə qaldı, deyə bilərik. Son hadisələr də onu deməyə əsas verir ki, silahlı qüvvələrimizin Qarabağda keçirdiyi antiterror tədbirləri 30 illik problemi birdəfəlik həll etdi.”

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu gün Qarabağda Azərbaycanın suveren hüquqlarının bərpa olunması bəzi dövlətləri qıcıqlandırıb, onların regional planlarını pozub: “30 illik münaqişə dövründə ATƏT-in Minsk qrupuna həmsədrlik edən və işğalçı ölkəyə dəstəyi ilə seçilən Fransa 44 günlük müharibə nəticəsində Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad olunmasından sonra da erməniərəst siyasətini davam etdirməkdədir. Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir, bütün büynəlxalq təşkilatlar çərçivəsində haqqımızı əlimizdən almağa, bərpa etdiyimiz ədaləti təhrif etməyə çalışır.

Paris İrəvana bütün mənalarda diqqətini artırıb. Əsasən hərbi dəstək verməklə bölgədə güc balansını Ermənistanın xeyrinə dəyişməyə can atır. Fransanın Ermənistandakı səfirliyini yeniləyir, diplomatik korpusu hərbi attaşe ilə gücləndirir, Zəngəzurda konsulluq açmaq üçün danışıqlar aparır. Fransa şər planlarını gizlətmir. Prezident Makron Afrikadakı uğursuzluğu Cənubi Qafqazda hansısa yolla kompensasiya etmək fikrindədir. Ona görə də bütün imkanlarını səfərbər edib, nə qədər ki, Rusiya Ukrayna bataqlığında çapalayır, bundan yararlanmaq, fürsəti qaçırmamaq istəyir”.