30 sentyabr 2023 18:04
365

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndər

1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Prezidenti seçilərək Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyuldu. Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Buna baxmayaraq mövcud imkanlardan o cümlədən təbii sərvətlərdən və iqtisadi potensialdan səmərəli istifadə etmək üçün hər gün, hər ay, hər rüb və hər il yorulmadan çalışmağın zəruri olduğunu bildirən Heydər Əliyev, bunu iqtisadiyyatın inkişafı, nəticədə ölkəmizin qüdrətlənməsinin və vətəndaşlarımızın rifahının yüksəldilməsinin əsası kimi qiymətləndirirdi. Dünya təcrübəsi də təsdiq edir ki, islahatların müvəffəqiyyəti düşünülmüş, əsaslandırılmış strategiya və taktikadan başqa, bir çox sosial-siyasi və ideoloji amillərdən də asılıdır. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olunması iqtisadi inkişafın davamlılığına və yeni hədəflərə rəvac verməklə yanaşı, tərəfdaşlar qazanılmasına da zəmin yaratdı. Məlum olduğu kimi, ulu öndərin ikinci dəfə respublikamıza rəhbərliyinin ilk illərində ölkəmiz vətəndaş müharibəsindən yenicə qurtulduğu, atəşkəs rejimini təzəcə əldə etdiyi üçün, həmin dövrdə investorları Azərbaycana sərmayə qoymaq üçün həvəsləndirmək, onların etimadını qazanmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ idi. Bununla belə, peşəkar siyasətçi 1994-cü ilin sentyabr ayında ölkəmizin qüdrətlənməsində mühüm əhəmiyyəti olan,  Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” kimi möhtəşəm bir müqavilənin bağlanılmasına nail oldu.

Sözsüz ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tibilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsinin reallaşması da bu böyük şəxsiyyətin misilsiz xidmətlərinin nəticəsi idi. Xüsusi vurğulamaq lazımdır ki, türk dünyasının bir biri ilə, o cümlədən bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi “İpək Yolu” layihəsinin də ərsəyə gəlməsində Heydər Əliyevin təşəbbüsü ilə görülən işlər müstəsna əhəmiyyət kəsb etmişdir. Əsas məqsədi Orta Asiya və Qafqaz ölkələrinin dünya iqtisadiyyatına fəal qoşulmasını təmin etməkdən ibarət olan bu böyük layihənin reallaşdırılmasında Bakı-Tbilisi-Ceyhan boru xəttinin müstəsna əhəmiyyətini dərk edən Heydər Əliyev, bütün qüvvəsini əvvəlcə həmin xətt layihəsinin, sonra isə digər mühüm layihələrin reallaşdırılmasına yönəltmişdir. Tarix onun növbəti uzaqgörənliyini təsdiq etdi və göstərdi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin, Şərq-Qərb nəqliyyat dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası və qədim “İpək Yolu”nun bərpası Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının qüdrətlənməsinə yönələn müdrik siyasəti olmaqla bərabər, həm də türk dünyasının birləşdirilməsinə xidmət edirdi.

Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”. Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Bu ilin aprelində silahlı qüvvələrin təmas xəttində baş verənlər sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Bütün komponentlərdə düşməni üstələyən Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.

Vilayət Mirzəyev,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini