30 sentyabr 2023 02:13
450

Ermənistan böyük güclərin hərbi poliqonuna çevrilir

Burada Qərblə Rusiyanın toqquşan maraqları təhlükəli proseslərə rəvac verib

Hər hansı bir  ölkə üçün iflas və tənəzzül o zaman başlayır ki, böyük güclərin toqquşan maraqlarına tuş gəlməklə onların hərbi poliqonuna çevrilir. Necə ki, Suriya, Ukrayna, Liviya və s. ölkələrdə hazırda belə proseslər davam edir. Bu ölkələrin sırasına Ermənistanın əlavə edilməsi də gözlənilir. Çünki artıq İrəvanda xarici ölkə kəşfiyyatlarının fəallaşması müşahidə edilir. Xüsusilə Rusiyanın Ermənistanın baş naziri Nikol Paşiyanı devirmək planları işə düşüb. Əvəzində isə ABŞ bu prosesi önləmək istəyir. Lakin siyasi analitiklərin fikrincə, Ermənistanda dövlət çevrilişi ehtimalına qarşılıq ABŞ-ın və Avropanın ehtiyat variantları  mövcuddur. Belə ki, əgər Nikol devrilsə onun yerinə öz adamlarını oturtmağa çalışacaqlar. Hətta baş nazirin özünə və ailəsinə Avropa ölkələrindən birində siyasi sığınacaq verilməsi da planlaşdırılıb.

 Qeyd edək ki, Nikol Paşinyan hakimiyyətinin son vaxtlar Rusiyaya yönəlik etiraz çıxışları rusları ciddi şəkildə narahat edir. Məhz bunun nəticəsidir ki, son bir neçə ayda  Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinə qarşı sərt bəyanatla çıxış edib. Əslində bu çıxışlarda məqsəd Ermənistan cəmiyyətini mövcud hakimiyyətə qarşı qaldırmaqdır. Rusiyadakı erməni diasporu da iddia edir ki, Paşinyan hakimiyyəti Rusiya ilə Ermənistan arasındakı münasibətləri ciddi şəkildə korlayıb. Ermənistan ictimaiyyəti isə həm İkinci Qarabağ müharibəsində, həm də bu ilin sentyabrın 19-da ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindəki məğlubiyyətlərini Rusiyanın onlara dəstək verməməsində görür.

Rəsmi Kreml isə  artıq anlayıb ki, Paşinyan hakimiyyəti devrilməsə, Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşması qaçılmazdır. Ona görə də Kreml Azərbaycanın hərbi-siyasi qələbələrindən sonra Paşinyan hakimiyyətinin nüfuzdan düşməsi faktından istifadə edərək  onu devirməyə çalışır.

Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan Ordusunun son lokal antiterror tədbirlərinin nəticələri də hazırda Ermənistanda daxili gərginliyi artırmaqla hərbi-siyasi xaos yaradıb. Bu isə Rusiya üçün ideal variantdır. İndi Kreml Rusiyaya bağlı revanşist erməni müxalifətini Ermənistanda hakimiyyət çevrilişi üçün səfərbər etməyə çalışır. Kremldə əmindirlər ki, Ermənistana nəzarəti yenidən bərpa etmək üçün Paşinyan hakimiyyətinin devrilməsi yeganə çıxış yoludur. Hətta Rusiyadakı bəzi avantüristlər ölkələrinin  Ermənistanı işğal etməsinə yönəlik çağırışlar da edirlər. Onlar daha da dərinə gedərək  Ermənistan dövlətçiliyinin ümumiyyətlə ləğv edilərək onun ərazisinin Rusiyanın quberniyasına çevrilməsini istəyirlər.

Rusiyada onu da dərk edirlər ki, Ermənistandakı şəbəkəsinin Paşinyan hakimiyyətini devirməyə gücü çatmır. Çünki burada anti- Rusiya qüvvələri də kifayət qədər güclüdürlər. Eyni zamanda, ABŞ və Qərb də Paşinyan hakimiyyətini qorumaq üçün bütün mümkün variantlardan istifadə edir. Hətta bəzi informasiyalara görə, ABŞ hərbçiləri ortaq hərbi təlimlər bəhanəsi ilə Ermənistana yerləşdiriliblər və onlar lazım gələndə Paşinyan hakimiyyətini qorumağa çalışacaqlar. Bundan başqa, Ermənistandakı mövcud hakimiyyəti qorumaq üçün İrəvandakı fransız və alman casuslarından ibarət mülki müşahidə missiyası da təlimatlandırılıb. Bir sözlə, ABŞ və Qərb Paşinyan hakimiyyətini möhkəmləndirmək üçün artıq Rusiya ilə münaqişəni dərinləşdiriblər.

Təbii ki, bu şəraitdə Rusiyaya bağlı revanşist-radikal siyasi dairələrin Ermənistanda dövlət çevrilişi etməsi o qədər də asan olmayacaq. Böyük ehtimalla baş nazir Nikol Paşinyan öz hakimiyyətini qorumağa və bir müddət sonra isə mövqelərini daha da möhkəmləndirməyə çalışacaq. Hətta Qərb mətbuatının yazdığına görə, erməni revanşist-radikallar Paşinyanı aradan götürmək üçün terror planlarına da malikdirlər. Artıq belə bir sui-qəsdin qarşısı bir neçə gün əvvəl alınıb və bir neçə radikal qruplaşma üzvü həbs edilib.

Bir sözlə, haylar indi özlərinin ən xaotik dövrlərini ünü yaşayırlar. Çünki ölkələri hazırda böyük dövlətlərin xüsusi xidmət orqanları üçün açıq müharibə meydanıdır. Belə anlaşılır ki, ABŞ və Qərb Ermənistanı Rusiyaya güzəştə getmək niyyətində deyil. Əksinə, bu ölkəni Rusiyanın təsir dairəsindən tamamilə qoparmaq üçün müəyyən ssenarilərin işə salınmasına hazırlaşırlar. ABŞ Prezidenti Co Baydenin Ermənistan baş naziri Nikol Paşinyana məktub yazması və humanitar dəstək vəd etməsi də prosesin qəlizləşməkdə olduğunu göstərir.

Elçin Zaman, «İki sahil»