29 sentyabr 2023 23:12
455

Heydər Əliyev və hüquqi dövlət quruculuğu

“Mən həyatımda üç şeyə: Yaradanıma, zəhmətimə və bir də xalqıma arxalanmışam” –bu sözlər  otuz ildən artıq bir müddət ərzində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran, hələ sağlığında ikən canlı əfsanəyə çevrilən Heydər Əliyevə aiddir. 1993-cü ildə ”Olum, ya ölüm” dilemması qarşısında qalan Azərbaycan dövlətçiliyi və xalqı dövrün diktəsi ilə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bəli, 1993-cü ilin iyununda Azərbaycan xalqı dövlətin idarə olunmasını Heydər Əliyevə etibar edəndə, bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hakimiyyətsizlik, hərc-mərclik baş alıb gedirdi. Heydər Əliyev özü o dövr haqqında deyirdi: “1993-cü ilin iyunundan başlayaraq, ilk növbədə, hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilməyə başlandı, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Dövlət qurumları ilə xalqın birliyi, yekdilliyi təmin edildi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və Vətənə mənsubluq hissləri aşılanmağa  başlandı”.

Məhz Heydər Əliyevin qayıdışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yarandı və Heydər Əliyev ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni stimul verdi, zaman-zaman Azərbaycanın başı üstündə dolaşan qara buludlar dağılmağa başladı, Azərbaycan parçalanma təhlükəsindən xilas oldu. Nəzərə alsaq ki, milli azadlığa gedən yol məhz milli oyanışdan, milli dirçəlişdən, milli ruhun canlanmasından keçir, onda Heydər Əliyevin gəlişinin nə demək olduğunu açıqlamağa ehtiyac qalmır. Milli-mənəvi və bəşəri dəyərlərin ən ali prinsiplərini ardıcıllıqla zənginləşdirən ümummilli liderimizin Azərbaycan xalqı qarşısında xidmətləri ölçüyəgəlməzdir. Onun iradəsi, qətiyyəti, zəngin idarəçilik təcrübəsi, Vətənin azadlığı və müstəqilliyi uğrunda apardığı gərgin mübarizə nəticəsində ölkədə ictimai-siyasi sabitlik, əmin-amanlıq bərqərar oldu, demokratik-hüquqi dövlət quruculuğunda sanballı nailiyyətlər qazanıldı.

Təbiət Heydər Əliyevə müdriklik, aqillik, qətiyyət, əyilməzlik, yenilməzlik, mübarizlik, alicənablıq, nadir iş qabiliyyəti, natiqlik istedadı, özünün haqlı olduğuna əminlik, ətrafındakı adamların məziyyətlərini və imkanlarını müəyyənləşdirmək bacarığı, fenomenal və ensiklopedik yaddaş, universal bilik kimi keyfiyyətlər bəxş etmişdir. Müasir, müstəqil Azərbaycan dövlətinin təməl daşını qranitdən yapan Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti, onun qismətinə düşmüş Tanrı payıdır. Uzun illər keçəcək, lakin milli özünüdərki sovet ideoloji sisteminin buxovlarından çox məharətlə xilas edən Heydər Əliyev bir şəxsiyyət kimi sirr olaraq qalacaqdır. Heydər Əliyevin yaratdığı fəlsəfi konsepsiyanın qayəsi Azərbaycanın müasir dünyada yerini və gələcəyini müəyyənləşdirməkdən ibarətdir. Mayası vətən və xalq sevgisindən yoğrulan, xalqının yolunda çəkdiyi əzab-əziyyəti sevgi ilə qarşılayan, dünyanı özünə heyran qoyan Heydər Əliyevlə - bu nadir şəxsiyyətlə öyünməyə, qürurlanmağa, fəxr etməyə bütün dünyanın, amma öncə və daha çox bizim, biz azərbaycanlıların haqqı vardır. Çünki Heydər Əliyev, hər şeydən öncə, bizimdir, öz əlləri ilə qurub-yaratdığı doğma Azərbaycanımızındır.

Hamımızın gördüyümüz, amma hamımızın eyni cür duya və dərk edə bilmədiyimiz Heydər Əliyev bütün dünya azərbaycanlılarının – 50 milyonun ömrünü yaşayan, ömrü xalqının olan, canından əziz bildiyi müqəddəs ata yurdunu müstəqilliyə qovuşduran müqayisəyəgəlməz bir şəxsiyyətdir, mənalı yaşamaq nümunəsi, mədəniyyət, intellekt mücəssəməsidir, idarəçilik və siyasət məktəbidir. Odur ki, milli sərvətimiz olan Heydər Əliyev irsini öyrənmək, onu gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. 1993-cü ildən 2003-cü ilə kimi ölkəmizdə hüquqi islahatların, demokratik dəyişikliklərin gerçəkləşdirilməsi Heydər Əliyevin misilsiz xidmətləri, gördüyü böyük işlər sayəsində mümkün olmuşdur.

Zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmiş Heydər Əliyevin başçılığı ilə hazırlanmış yeni Konstitusiyamız və demokratik əsaslarla seçilmiş ilk parlamentimiz Azərbaycanın müasir tarixində tamamilə yeni səciyyəli bir mərhələnin başlanğıcı olmuşdur. Bu illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyətinin təmin edilməsi məqsədilə xeyli tədbirlər həyata keçirilmişdir.

Hüquq islahatları sahəsində çox önəmli sənədlərdən biri Heydər Əliyevin 1996-cı il iyun ayının 8-də imzaladığı “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında” sərəncamdır. Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması da ulu öndərimizin tarixi xidmətlərindəndir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Həmin il Azərbaycanın ilk Milli Məclisi seçildi, ictimai-siyasi vəziyyət ardıcıl surətdə sabitləşdirildi. Bunların hamısı bizə Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, Azərbaycana xarici investisiyanın cəlb edilməsini təmin etmək, Azərbaycanın ordusunu yaratmaq, onu möhkəmləndirmək və insanların rifah halını yaxşılaşdırmaq üçün imkanlar yaratdı.

Heydər Əliyev milli qanunvericiliyimizin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunmasının daha etibarlı təmin edilməsi məqsədilə 22 iyun 2002-ci il tarixli fərmanla Konstitusiyada dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı layihəsini ümumxalq müzakirəsinə çıxardı. Fərmanda bildirilirdi ki, bu addım respublikamızın “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmasından, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsindən, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilməsi zərurətindən irəli gəlir. Referendumun keçirilməsi insan hüquq və azadlıqlarının qorunmasını daha da gücləndirdi, vətəndaşlara, ombudsmana, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verdi, ölkənin seçki sistemini daha da təkmilləşdirdi. Milli Məclisdə referendumun nəticələrindən irəli gələn müxtəlif qanun layihələri hazırlandı.

Heydər Əliyevin apardığı uğurlu xarici siyasət Azərbaycanın bir çox ölkələrlə, mötəbər beynəlxalq təşkilatlarla əlaqəsini gündən-günə möhkəmləndirdi. Bu gün Azərbaycanın ATƏT, Avropa Şurası, NATO Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və başqa beynəlxalq təşkilatlarla sıx əlaqə saxlaması, bu qurumlarda bilavasitə iştirakı hüquq islahatları sahəsində təcrübə qazanmaqda respublikamıza çox böyük fayda verir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq istəyir və öz ərazisinin sahibi olmağa, bütün sərvətləri barəsində müstəqil qərar qəbul etməyə qadirdir. Artıq Azərbaycan Heydər Əliyevin, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət sayəsində beynəlxalq aləmdə özünəməxsus yer tutmuş və tutmaqdadır.

Ümumiyyətlə, Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev əməyinin, Heydər Əliyev zəkasının izi olmasın. Bu əməyin, bu irsin qədrini bilməli, onu göz bəbəyi kimi qorumalı və gələcək nəsillərə ötürməliyik.

Malik Mirzəyev,
YAP Lerik rayon təşkilatının sədri