30 sentyabr 2023 00:58
487

Azərbaycan-Türkiyə əlaqələri regionda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir

Məlumdur ki, sentyabrın 25-də Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü keçirildi. Bu görüş zamanı İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyuldu və müxtəlif sənədlər imzalandı.

Türkiyə və Azərbaycan arasında hər bir sahədə əməkdaşlıq artan dinamika ilə inkişaf edir. Misal olaraq ticarət dövriyyəsini qeyd etmək olar. Belə ki, ölkələrimiz arasında ticarət dövriyyəsi sürətlə artır. Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi artıq 6 milyard dollara yaxınlaşıb və gələcəkdə daha da artacaq. Bunu həyata keçirilən birgə layihələr, xüsusilə də enerji sahəsində icra ediləcək layihələr təmin edəcək. Məlum olduğu kimi Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bundan sonra da artacaq. Eyni zamanda, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində işlər təbii qaz məsələsi ilə məhdudlaşmır. Ölkələrimiz arasında bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Məhz bütün bunlara görə Prezident İlham Əliyev bu əminliyi bir daha ifadə etdi ki, bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıracaq.

Belə ki, imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” kimi sənədlər ölkələrimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcək.

Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfə verir. Tarixin ən çətin anlarında belə bu iki ölkə arasındaki qardaşlıq sözdə deyil, əməldə özünü göstərib.

Dünya 44 günlük İkinici Qarabağ müharibəsində, həmçinin, postmünaqişə dövründə Azərbaycan-Türkiyə qardaşlığının möhkəm təmələ əsaslandığının bir daha şahidinə çevrildi. İki dost ölkə atdıqları addımları ilə ədalətin, beynəlxalq hüququn yanında olduqlarını təsdiqləyirlər. Türkiyənin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə siyasi və mənəvi dəstəyini daim vurğulayan dövlət başçısı İlham Əliyev ölkəmizin bundan güc aldığını bütün çıxışlarında bildirir. Cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuata bəyanatında Ermənistanın sentyabrın 19-da törətdiyi terror aktının səbəb olduğu bir günlük lokal antiterror tədbirlərimizə diqqəti yönəldərək Türkiyənin qardaş dəstəyini belə xarakterizə etdi: “Əziz qardaşım, bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq.”

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı