30 sentyabr 2023 02:57
429

Paşinyan dövlət büdcəsini ailə büdcəsi hesab edir

Ermənistanda Nikol Paşinyanın və ailəsinin dövlət büdcəsini öz şəxsi əmlakları kimi istifadə etmələri barədə yüzlərlə fakt mövcuddur. Belə faktlardan bir neçəsi erməni baş nazirinin arvadı Anna Akopyanın hətta ölkədaxili səfərlərini təyyarə və helikopterlərlə etməsi, eyni zamanda, övladlarının bahalı əyləncə mərkəzlərində istirahət etmələri, xarici səfərlərdə valyutaları sağa-sola xərcləmələri və s. məsələlərdir. Bu kimi faktlar demək olar ki, günaşırı olaraq erməni KİV-ində işıqlandırılır. Bu səbəbdən də Ermənistanda baş nazirinin əleyhinə ittihamlar hər gün getdikcə artmağa başlayıb. Xüsusilə erməni mediası Paşinyanın komandasını büdcəni dağıdıb məhv etməkdə, ayrı-ayrı dövlət qurumlarının böyük həcmdə pulları “silmək əməliyyatları” həyata keçirməkdə, lazımsız yerə xərcləmələr aparmaqda ittiham edir.

Politoloq Andranik Tevanyanın erməni mediasında yer alan kəskin ironik açıqlaması əslində həm də bütün erməni cəmiyyətinin fikrini ifadə edir: “Baş nazir korrupsiyanın yolverilməz olduğunu bildirir və fikrimcə, Nikol Paşinyan bu mənada “səmimi”dir. Ona heç korrupsiya ilə məşğul olmaq lazım da deyil, o dövlət büdcəsini açıq şəkildə talamaqdadır. Ortalıqda korrupsiya faktı olmadığı görünsə də, “Ermənistan mənim evimdir” deyərək o, öz “işini görür”. Axı, onun məntiqi ilə evin büdcəsi onun şəxsi büdcəsinə çevrilir. Paşinyanın siyasəti - özünün və ailəsinin ehtiyacını dövlət büdcəsi hesabına təmin etməkdir. Madam ki, baş nazir dövlət büdcəsini ailə büdcəsi hesab edir, deməli oğurlamır, elə deyilmi? Axı, ailə büdcəsində oğurluq olmur... Ancaq böyük planda baxdıqda biz Paşinyanın da elə özündən əvvəlki korrupsioner sələflərinin yolu ilə addımladığını görürük. Ancaq onlardan fərqli olaraq daha riyakarcasına”.

Analitik Paşinyanı verdiyi vədləri yerinə yetirməməkdə və populizmdə ittiham edərək xalqı aldatdığını bildirib: “Paşinyan meydanlara çıxanda populist texnologiyasından istifadə edərək əhalinin müxtəlif təbəqələrindən dividend almaq üçün lüks həyatı, rüşvətxor oliqarxları tənqid edirdi. Buna görə də hakimiyyətə gəlməyə müvəffəq oldu. Çünki rəsmi rəqəmlərə görə, əhalisinin üçdə birindən çoxu son dərəcə yoxsul olan bir ölkədə belə populizm texnologiyaları asanlıqla tətbiq olunur və işə yarayır. Əgər Nikol Paşinyanın əvəzinə başqa bir məmur eyni şeyi etsəydi, ictimaiyyət buna o qədər də əhəmiyyət verməzdi, çünki “antioliqarxik” ifadələrini səsləndirən Paşinyan idi və cəmiyyət indi ona əvvəllər söylədiyi bütün sözləri dönə-dönə xatırlatmağa məcbur olur. Ancaq nə fayda? Paşinyanın və ailəsinin başı lüks həyata elə qarışıb ki, səfil vəziyyətdə yaşayan Ermənistanı da, onun problemlərini də unudub”.

Digər bir fakt…bir neçə ay öncə Ermənistanın baş naziri üçün dövlət büdcəsindən dəyəri 500 min dollardan çox olan beş yeni yolsuzluq avtomobili alınıb. Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır: “Maşınlar Milli Təhlükəsizlik Xidmətinin məxfi qərarı ilə alınıb. Baş nazir üçün hər birinin qiyməti təxminən 100.000 dollar olan 4 ədəd "Toyota Land Cruiser 300" alınıb. Beşincisi, qiyməti 130-150 min dollar olan dizel mühərrikli lüks yolsuzluq avtomobili “Lexus LX 500"dür. “Lexus LX” Paşinyanın arvadına əməliyyat nömrələri ilə xidmət göstərəcək. Baş nazirin xanımına hazırda başqa bir lüks yolsuzluq avtomobili “Lexus GX460” da xidmət göstərir. MTX-in mətbuat xidməti bu məlumatı nə təsdiq, nə də təkzib edib. Bildirək ki, təxminən bir il əvvəl Paşinyan üçün daha iki yeni avtomobil alınmışdı: təxminən 250 min dollar dəyərində zirehli yolsuzluq avtomobili “Lexus LX570” və “Toyota Hiace”.

Xatırladaq ki, hələ ötən il daha bir qıcıqlandırıcı fakt erməni ictimaiyyətinin kəskin hiddətinə səbəb olmuşdu. Belə ki, kökumət başçısı üçün ayrılmış avialaynerin yeni görüntüsü üçün dövlət büdcəsindən 210 000 avro (250 000 ABŞ dolları) xərclənmişdi. Söhbət təyyarədə yalnız simvollardan: bayraqdan, gerbdən, qeydiyyat nişanlarından gedirdi. Hökumət laynerini avqust ayında çexlərin “İnternational Aerospace Coatings” (IAC) şirkəti rəngləyib. Bu şirkət şəxsi və hökumət təyyarələrinə xidmət göstərmək üçün dünya üzrə fəaliyyət göstərən ən aparıcı şirkətdir. News.am agentliyinin apardığı araşdırmanın nəticəsinə görə, həmin iş maksimum 70 min dollara başa gələ bilərdi: “Nikol Paşinyana xidmət edən “Airbus A319” avialayneri 34 metr uzunluğundadır. Onun uzunluğu “Boening 747”dən iki dəfə azdır ki, bu da təyyarənin rənglənməsində də iki dəfə az xərc tutur. Əgər onu da nəzərə alarsaq ki, baş nazirə xidmət edən təyyarəyə azxərcli dizayn qərarı tətbiq edilibsə, onda nəticəyə gəlmək olar ki, həmin iş maksimum 70 min dollara başa gələ bilərdi”.

Hər kəsə məlumdur ki, bu gün Ermənistanda ağır sosial-iqtisadi vəziyyət hökm sürür. Demək olar ki, hər gün ölkədə işsizliyə, ağır sosial vəziyyətə etiraz olaraq aksiyalar keçirilir. Bundan əlavə, Paşinyanın hakimiyyəti dövründə Ermənistanda heç bir uğurlu iqtisadi layihə reallaşdırılmayıb, nəinki xarici investorlar, hətta yerli iş adamları belə ölkəyə sərmayə qoymaqdan imtina edir. Vətəndaşların şikayətlərini qulaqardına vuran Paşinyan dövlət büdcəsini sabiq yüksək vəzifəli məmurlardan korrupsiya yolu ilə yığdıqları vəsaiti geri almaqla doldurmağa çalışır ki, bunun da problemdən çıxış yolu olmadığını yaxşı anlayır. Görünən budur ki, işğalçı Ermənistanı bundan sonra da xoş günlər gözləmir. Nə qədər ki, oradakı korrupsioner rejimdə işğalçılıq siyasətini davam etdirən, sərsəm və populist bəyanatlar verən cinayətkar “siyasi” fiqurlar bir-birini əvəz edəcək, Ermənistan problemlərin girdabında çapalamağa davam edəcək...

Sevinc Azadi, “İki sahil”