28 sentyabr 2023 23:41
171

Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Uzun illərin sınağından çıxmış Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə bu dostluğun, qardaşlığın qarşısını ala bilməz. Çünki bu birlik 31 ildir ki, "Bir millət, iki dövlət", Azərbaycan–Türkiyə dövlətlər arasında diplomatik münasibətləri qurulub. Bu günün reallığı Azərbaycan-Türkiyə birliyi və qardaşlığının əbədi və sarsılmaz olduğunu təsdiqləyir. Xüsusilə də, iki qardaş dövlət rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir. Bu başqa cür də ola bilməz. Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, Türkiyə ilə Azərbaycan "bir millət, iki dövlət"dir. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir miras qoymuşlar: Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır. Və bu birliyin nəticəsini biz 2020- ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinin ilk günündən Qələbə Zəfərinə kimi Türkiyə daim bizimlə bir olub. Sevincimizə, kədərimizə şərik olub. Çünki bu birlik maraqlarda deyil,dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan iki güclü liderlərin qardaşlıq birliyinin dünyaya bir nümunə,örnək olduğunun göstəricisidir.

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.Həmçinin bu o deməkdir ki,bundan sonra Azərbaycan və Türkiyənin Təhlükəsizlik Şuraları müntəzəm olaraq birgə iclaslar keçirəcək və təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir.Sənəddə xüsusilə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələriylə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.

Tarixi gerçəklik olan Zəngəzur dəhlizinin açılışı sözsüz ki, yüz ildən çoxdur, bölgədə ermənilərin apardığı anti-Turan təbliğatına mühüm zərbədir. Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına şahidlik edəcəyik. Bu, həm də, bundan sonra iki dövlət arasında sərhədinin formal xüsusiyyət daşıdığının göstəricisidir.Həmçinin, Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət davranışları ilə bağlı müddəa da yer alır. Sənəddə qeyd edilir ki, tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparır.

Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, Bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.

Səadət  Nəbiyeva,
Xətai rayonu 27 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi,
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov 11" ünvanı üzrə ərazi partiya təşkilatlnın üzvü