29 sentyabr 2023 11:03
292

Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq münasibətləri özünün ən yüksək səviyyəsindədir

Bu gün Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri özünün ən yüksək səviyyəsindədir. Bu iki dövlət arasındaki münasinətlər tarixin sınağından keçmiş, heç bir qüvvə bu birliyi poza bilməmişdir. Əksinə, hər iki dövlət və millət şərəflə Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Böyük Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər.

Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfə verir. Tarixin ən çətin anlarında belə bu iki ölkə arasındaki qardaşlıq sözdə deyil, əməldə özünü göstərib.

Qardaş ölkə kimi Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verib. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Türkiyə bu ölkə ilə sərhədlərini bağlayıb və siyasi-iqtisadi əlaqələri dayandırıb. Biz Türkiyənin qətiyyətli dəstəyinin 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başqa qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksək səviyyəli rəsmilər Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyənatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycanın özünəinam hissini artırdı. Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Azərbaycan dövləti də öz növbəsində Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərir, bütün çətin zamanlarda qardaşının köməyinə çatan ilk ölkə olur.

Məlum olduğu kimi, cari ilin əvvəlində qardaş Türkiyə dəhşətli zəlzələ ilə silkələndi. Xatırladaq ki, Azərbaycan ilk saatlardan, ilk dəqiqələrdən bu dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında fəal iştirak etdi.

Respublikamızdan qardaş ölkəyə ehtiyac duyulan mallardan, texnikadan, həkim və xilasedici heyətlərdən ibarət yardım karvanları yola salındı. Azərbaycan zəlzələdən ziyan çəkmiş insanlara dəstəyini indi də davam etdirir. Hazırda Qəhrəmanmaraş şəhərində Azərbaycan dövləti tərəfindən inşa ediləcək şəhərciyin son parametrləri müəyyən edilir və yaxın zamanlarda inşaata başlanılacaq.

Azərbaycan və Türkiyə bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləmiş, eyni milli maraqlardan çıxış etmişlər. Dünya siyasi düzəninin indiki şəraitində isə hər iki ölkənin bölgədə və dünyada gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, hər iki ölkənin siyasi rəhbərliyi indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirirlər. Elə bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevə növbəti telefon zəngi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib. Telefon danışığı əsnasında dövlıt başçıları regional məsələləri, həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər. Dövlər başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Bu, eyni zamanda, onu göstərir ki, son vaxtlarda Ermənistanın apardığı müharibə hazırlıqları Azərbaycanda olduğu kimi, qardaş Türkiyədə də birmənalı qarşılanmır.

  Məlum olduğu kimi, Azərbaycan və Türkiyə özlərinin müttəfiqlik münasibətlərini 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyənnaməsi ilə bir daha rəsmiləşdiriblər. Bu sənəd iki qardaş ölkənin kritik anlarda birgə hərəkət etmək məsuliyyəti yaradır.

G.Təranə,
Bakı şəhəri, Xətai rayonu 27 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov 11" ünvanı üzrə ərazi partiya təşkilatlnın üzvü