29 sentyabr 2023 02:58
349

Ədalət və qətiyyətin təntənəsi

44 günlük müharibə və 24 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün bərpası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz siyasi iradəsinin, liderlik qətiyyətinin təntənəsidir

Cənubi Qafqaza gəlmə millət olsalar da yedikləri çörəyi itirən ermənilər Rusiya imperiyasından aldıqları dəstəklər sayəsində onlara yaşamaq üçün yer verib, hörmət edən azərbaycanlılara qarşı düşmən münasibətlərini daim bildirmişlər. Ötən əsrin əvvəllərində, xüsusilə 1918-1920- ci illərdə imperiyanın dəstəyi ilə törədilən erməni-müsəlman münaqişələri nəticəsində minlərlə azərbaycanlı qətlə yetirildi. Öz torpağımızda yerli azərbaycanlılara qan udduran daşnaklar sovetlər dönəmində daha da azğınlaşaraq Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı qətliamlar törətmişlər. Daşnakların mənfur «dənizdən –dənizə böyük Ermənistan» xülyalarının əsirinə çevrilən, ermənilərin genetik xüsusiyyətləri olan qəddarlıgın, qaniçənliyin, vəhşiliyinin qurbanlarına çevrilən soydaşlarımıza qarşı törədilən soyqırımlar nəticəsində yüz minlərlə azərbaycanlı qətlə yetirilmişdir. Ermənipərst Mixail Qorbaçovun SSRİ-yə başçılıq etdiyi dövrdə erməni millətçilərinə göstərilən havadarlıq nəticəsində yaranan, artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi» ortaya atıldıqdan sonra millətçi erməni quldurlarının törətdikləri cinayətlər heç bir tarixdə, ölkədə baş verməyən qəddarlıq nümunəsi idi.

Kremlin, SSRİ-nin planlarına uyğun 1988-ci ilin fevral ayında Xankəndidə aksiya təşkil edən daşnaklar o vaxtki «Dağlıq Qarabağ Muxtar Vilayəti»nin Ermənistana birləşdirilməsi kimi separatçı meylləri gücləndirdilər. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan faktiki olaraq Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldu və Dağlıq Qarabağın erməni separatçı-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladı. Rəsmi İrəvandan başlanan qızışdırıcı hərəkat iki azərbaycanlı gəncin ölümü ilə daha da genişləndi. Ermənilərin təhriki və diktəsi ilə hərəkət edən M.Qorbaçov ilk növbədə Ulu Öndəri Heydər Əliyevi Kremldə tutduğu vəzifədən, Siyasi Bürodan uzaqlaşdırmaqla daşnakalırn planlarına «yaşıl işıq» yandıran, onların ideoloqlarından olan Silva Kaputikyan başda olmaqla, bir qrup şovinist erməni ilə görüşündən sonra Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına başlanıldı. Qarabağın əzəli Azərbaycan torpağı olmasına dair əlindəki sənəd və sübutları da Kreml rəhbərliyinə təqdim etmək istəyən Ulu Öndər Heydər Əliyevə rəsmi Kremlin cavabı belə oldu: «Biz Qarabağda erməni-azərbaycanlı münaqişəsi ilə bağlı problemi özümüz həll edəcəyik”. Bu problemin «həlli» isə 30 il çəkdi.

İmperiyanın niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Azərbaycana göz dağı olan Xocalı soyqırımını törədən sovet ordusunun 366-cı alayı ermənilərlə birlikdə 613 nəfər soydaşımızı qətlə yetirdilər. Xocalı qətliamında iştirak edən Ermənistanın sabiq prezidentləri Robert Koçaryan, Seyrjik Sarkisyan da var idi. Azərbaycan xalqına düşmən mövqelərini dəfələrlə bildirən Dağlıq Qarabağ separatçılarına rəhbərlik edən Robert Koçaryan, Serjik Sarkisyan yüzlərlə soydaşımızın əmrini verib və 1992-ci il fevral ayının 26-da Ermənistan silahlı birləşmələri ilə imperiyapərəst qüvvələrin bilavasitə iştirakı və havadarlığı ilə Xocalı soyqırımını törətdilər. Erməni quldurlarının törətdikləri Başlıbel, Edilli kimi digər faciələr, aşkarlanan kütləvi məzarlıqlar da erməni quldurlarının soydaşlarımıza qarşı həyata keçirdikləri qətliamlardandır.

Torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistan və artıq tarixin zibilliyinə atılmış «Dağlıq Qarabağ respublikası»nın separatçıları 44 gün davam edən İkinci Qaraba müharibəsində məğlub olsalar da terrorçulardan ibarət qanunsuz silahlı dəstələr təxribatlarını sonra dövrdə də davam etdirdilər. Amma Ermənistanın baş naziri Nikol Paşinyana kapitulyasiya aktını imzalamağa məcbur edən Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi rəşadətli Silahlı Qüvvələrimiz separatçıların bütün həmlələrinin, təxribatlarının qarşısını alır. 44 gün davam edən Vətən müharibəsindən sonra bölgədə sabitliyin yaranması üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün bütün vasitələrdən istifadə edən Prezident İlham Əliyev yenə də humanistlik göstərir.

İkinci Qarabağ müharibəsindən sonra 2020-ci ilin noyabrın 10- da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq separatçıların Azərbaycanın ərazisi olan Qarabağdan çıxarılmasını dəfələrlə Ermənistanın rəsmi dairələrinə xatırladan Prezident İlham Əliyev humanistlik göstərərək onu da diqqətə çatdırırdı ki, silahlarını könüllü təhvil verən separatçılara amnistiya tətbiq ediləcək. Lakin Vətən müharibəsindən ötən 3 ilə yaxın müddətdə üzərinə düşən məsuliyyətdən yayınan Ermənistanın baş naziri Nikol Paşinyan əksinə havadarlarının aldadıcı vədlərinə arxayınlaşaraq qeyri-qanunu erməni dəstələrinə əlavə silah- sursatların daşınmasına şərait yaradırdı. İrandan, Fransadan, Hindistandan, Rusiyadan gətirilən silahlar Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının dəstəyi ilə separatçılara çatdırılırdı. Müsahibələrində, xalqa müraciətlərində Xankəndidə fəaliyyət göstərən qanunsuz separatçı strukturları ləğv etməyə və erməni əsilli Azərbaycan vətəndaşlarının respublikamızın qanunlarına tabe olmağa çağıran Prezident İlham Əliyev «Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır» sözləri ilə separatçı qurumun oyuncaq rəhbərliyinə xəbərdarlıqlar edirdi. Dövlət başçımız ermənilərin «müstəqillik» xülyasının bitdiyini isə «Miatsum”» kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”» sözləri ilə ermənilərə və havadarlarına çatdırdı.

Laçın sərhəd- keçid məntəqəsinin yaradılmasının başlıca tələbi bu idi ki, saxta rejimin yalançı «prezident və parlament strukturları» özlərini buraxmalıdırlar. Bu xəbərdarlıqlara baxmayaraq Xankəndidə yenidən «prezident» seçkilərinin keçirilməsi sülh danışıqlarına maneçilik törətdi. Lakin ilk gündən dünyanın bir neçə ölkəsi, beynəlxalq təşkilatlar seçkinin nəticələrini tanımadılar. Qeyri-qanuni erməni silahlı dəstələrinin ləğvi üçün Azərbaycanın bütün imkanlara malik olduğunu əminliklə diqqətə çatdıran dövlət başçımız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olan revanşist qüvvələrə, separatçıların başçılarına bildirirdi ki, Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər: «İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq.»

Lakin Rusiyanın vətəndaşı, illərdən bəri Azərbaycanın işğalı altında qalan ərazilərimizdə xalqımıza məxsus təbii sərvətləri talan etməklə milyonlara sahib olan Ruben Vardanyan, saxta qurumun keçmiş «prezidenti» Araik Arutyunyan kimi quldurlar Qarabağın erməni əsilli Azərbaycan vətəndaşlarını girov saxlayaraq sülh sazişinin imzalanmasına imkan vermirdilər.

Əksinə, guya Laçın sərhəd- keçid məntəqəsindən Xankəndi sakinlərinin sərbəst hərəkəti üçün şərait yaradılmadığı, insanların « humanitar böhran»la üzləşdiyi kimi yalançı bəhanələrlə Azərbaycan əleyhinə təxribatlara başladılar. Azərbaycanın sərhəd bölgəsindəki hərbi mövqelərini müxtəlif silahlardan atəşə tutdular. Nəticədə Azərbaycanın bir neçə əsgəri şəhid oldu , yaralandı. İşğaldan azad edilmiş ərazilərdə belə ermənilərin basdırdıqları minalar nəticəsində Azərbaycanın bir neçə polisi həlak oldu. Artıq xalqımızın səbr kasası doldu. Beləliklə, 20 sentyabr 2023-cü ildə Azərbaycanın separatçılara qarşı lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı dəstələr ac bayraq qaldırdılar və silah-sursatlarını təhvil verməyə razılaşdılar. Yevlaxda, Xocalıda Qarabağın erməni icmasının nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri arasında görüşlər təşkil olundu, danışıqlar aparıldı, problemlər müzakiər edildi. Dövlət başçımızın vurğuladığı kimi, bölgədə yeni vəziyyət yaranıb: «Çünki kriminal xunta rejimi təslim olandan sonra artıq bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər”.

Ötən il Şuşa- Laçın yolunda Azərbaycan torpaqlarındakı təbii sərvətlərimizin talan edilməsinin qarşısını almaq, Xankəndidəki separatçı rejimi idarə edən rusiyalı milyarder Ruben Vardanyanın təxribatlarına son qoyulması çağırışı ilə keçirilən aksiyalar müsbət nəticələndi. Azərbaycanlı ekofəalların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin tələbləri həllini tapdı. İllərdən bəri Ermənistanın işğalı altında qalan ərazilərimizdəki Azərbaycana məxsus yeraltı və yerüstü təbii sərvətlərimizi vəhşicəsinə dağıtmaqla iqtisadiyyatımıza xeyli maddi zərər vuran, sərvətlərimizi vəhşicəsinə istismar edən, təbii sərvətlərimizi talan edərək qızıl, gümüş, mis-molibden mədənlərini dağıdan, İran vasitəsilə xarici şirkətlərə satan, Qarabağdakı qeyri-qanuni silahlı dəstələrə, separatçı rejimə, ölkəmizə qarşı törədilən təxribatlara başçılıq edən Azərbaycan hərbi mövqelərinə atəş açan erməni separatçılarını maliyyələşdirən, işğaldan azad edilən ərazilərimizdə minaların basdırılmasına da nəzarət edən Ruben Vardanyanın həbsi separatçılara ən ağır zərbə oldu. Ölkəmizə qarşı hərbi, ekoloji təxribatlar törədənlərə yol göstərən, İran vətəndaşları adı ilə terrorçulardan ibarət iki dəstənin Xankəndiyə gəlməsinə şərait yaradan Rusiya sülhməramlıları ilə əlbir olan Vardanyan öz torpağına getmək istəyən erməni əsilli Azərbaycan vətəndaşlarının qarşısını almaqla da mənfur niyyətini həyata keçirirdi.

Axır ki, ədalət yerini tapdı. Laçın dövlət sərhəd- keçid məntəqəsində Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri tərəfindən həbs edilən Ruben Vardanyan layiq olduğu cəzasını alacaq. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qondarma «Dağlıq Qarabağ Respublikası»nın dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Xankəndidə separatçıların «rəhbəri”»nin müşaviri David Babayan da könüllü olaraq Azərbaycana təslim olacağını feysbuk hesabında paylaşıb: «Hamınız bilirsiniz ki, Azərbaycanın qara siyahısına salınmışam və Azərbaycan tərəfi müvafiq araşdırma həyata keçirilməsi üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim”.» Erməni silahlılarının təslim olmasından cəmi bir həftə sonra isə Qarabağdakı qanunsuz qurumun özünü buraxması ilə bağlı xəbər erməni separatizminə birdəfəlik son qoyulmasıdır. Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurumun özünü buraxdığını elan edən separatçıların «rəhbəri» Samvel Şahramanyan bununla bağlı «sərəncam»” imzalayıb: «2024-cü ilin yanvarın 1-nə qədər bütün dövlət təşkilatları və müəssisələri buraxılır və Dağlıq Qarabağ Respublikası öz mövcudluğunu dayandırır.» Bildirilir ki, Qarabağ əhalisi, o cümlədən «respublika”dan kənarda olan sakinlər» «sərəncam»” qüvvəyə mindikdən sonra gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.

Xuraman İsmayılqızı, «İki sahil»