28 sentyabr 2023 16:04
306

Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə xilaskar kimi həkk olunub 

“Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri də tariximizə Milli Qurtuluş Günüdür. 1993-cü ilin 15 iyun günü böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik olmaqla, onu dərindən dərk edənlər üçün çox vacib və əziz gündür. Vətənini, xalqını sevən, həmin çətin günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun sözün əsil mənasında Azərbaycan xalqının məhv olmaqdan qurtulduğu tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyində, inkişafında, gələcəyində müstəsna rol oynayan, daim xalqa arxalanan və xalqa arxa-dayaq olan Ümummilli liderimiz Heydər Əliyevdir”.

Bunu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. 

Deputat bildirib ki, 1993-cü ilin may-iyun aylarında Azərbaycan tarixinin ağır günlərini yaşayırdı, ölkənin həm daxildən, həm də xaricdən parçalanma təhlükəsi var idi: “Məhz belə bir çətin dövrdə Ulu Öndər öz xalqına sahib çıxdı. 1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün səriştəsiz iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirirdi, prosesləri düzgün qiymətləndirə bilmirdi. Vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalnız Heydər Əliyevdə onun dövlətçilik təcrübəsində, bacarığında, müdrikliyində görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən bəzi şəxslərin hədələrindən qorxub gizlənən, təhlükəli proseslərin qarşısını ala bilməyən AXC-Müsavat iqtidarı özünün də xilas üçün sonda Heydər Əliyevdən imdad dilədi.

Həmin dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız zəbt olunmuşdu, paytaxtda isə hakimiyyət uğrunda ölüm-dirim savaşı gedirdi. Siyasi təşkilatlar özlərinə silahlı dəstələr yaradır, ölkədə tam özbaşınalıq hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətinə salınmışdı, “meydan liderləri”ndən ibarət iqtidarın xarici siyasəti nəticəsində Azərbaycan dostsuz, müttəfiqsiz və arxasız qalmışdı. Nəhayət özünün zəifliyini dərk edən o vaxtkı hakimiyyət xalqın təkidi və tələbi ilə o vaxt Naxçıvan Muxtar Respublikasının Ali məclisinə rəhbərlik edən Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldular. Bəli, Heydər Əliyev xalq və dövlət üçün ağır bir zamanda xalqın çağırışına səs verərək Bakıya qayıtdı, xilaskarlıq missiyasını öz üzərinə götürdü”.