29 sentyabr 2023 00:09
358

Milli kimliklərini şəxsi ambisiyalarına qurban verənlər

Seymur Həzi hələ də Azərbaycanın uğurlarından məyus olmaq depressiyasından qurtula bilmir

Dəfələrlə yazmışıq ki, AXCP sədri Əli Kərimlinin inhisarında olan dağıdıcı müxalifət Azərbaycanın iqtisadi, hərbi və siyasi uğurlarına qısqanclıqla yanaşır. Xüsusilə onlar həm İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizi, həm də postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda aparılan  sürətli tikinti- quruculuq işlərini həzm edə bilmirlər. Çünki Azərbaycan dövlətinin bu uğurları sözügedən dağıdıcı düşərgənin əqidəsinə və antimilli duyğularına uyğun deyil. Məsələn, AXCP sədrinin müavini Seymur Həzi sosial şəbəkə statusunda yazır ki, bizə insanı sevən siyasət lazımdır. Zəngilanda ərik bağları, salmaq üçün, Laçında mal-davar saxlamaq üçün insanı qırğına verən siyasət yox. 

Belə yerdə ondan haqlı olaraq soruşmaq lazımdır ki, Seymur Həzi, sən və rəhbərin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı tikinti- quruculuq işlərindən, 30 illik vətən həsrətindən sonra öz doğma yurd-yuvalarına qayıdan məcburi köçkünlərin Böyük Qayıdış layihəsindən  niyə bu qədər narahatsan? Və yaxud siz niyə İkinci Qarabağ müharibəsində düşmənçilik mövqeyində duraraq 50 siyasi partiyanın dövlətə və orduya dəstək bəyanatına qoşulmadınız? Budurmu, sizin milliliyiniz? Azərbaycanı Vətən müharibəsində dəstəkləməyib, əvəzində Rusiya-Ukrayna müharibəsində profil şəklinin yerinə Ukrayna bayrağını yerləşdirmək heç də  haqq- ədalət tərəfdarı olmaq demək deyil. Əgər sən və rəhbərlərin Rusiya əleyhdarı kimi çıxış edirsinizsə, bəs nə üçün illərdir rus layihəsi olan qondarma «Milli Şura»dan əl çəkmirsiniz?

Seymur Həzini narahat edən  digər məqam isə 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda lokal antiterror  tədbirlərini  qısa müddətdə və qələbə ilə başa vurmasıdır. Təbii ki, bu döyüşlərdə də xeyli şəhidimiz və yaralımız oldu. Lakin o, iyrənc statusunda  yazıb ki, vətənpərvərlik başqasını ölümə göndərmək, ya da başqasını ölümə göndərənə yaltaqlanmaq deyil. Hər şeyin ən yaxşısını şəxsi nümunədə göstərməkdir. Müəllim kimi də, siyasətçi kimi də, döyüşçü kimi də əxlaqlı olmaqdır. Amma evdə oturub, başqasının qanı və göz yaşı üzərindən ağız köpükləndirmək əxlaqsızlıqdır, vətənpərvərlik deyil.

Diqqət edin- onun bu fikirləri çox pafoslu görünsə də tam olaraq  avantüradır,  əsgərlərimizi fərariliyə, satqınlığa çağırışdır. Təbii ki, belə  vətənsizlərin Vətəni qoruyanlar haqqında bu kimi rəzil fikirlərini heç cür qəbul etmək mümkün deyil. Onlar hələ də qanmırlar ki, döyüşü Azərbaycan Ordusu aparır və bu Qələbədə payı olanlar xalqımızın ən ləyaqətli oğullarıdır.  Bu tam həqiqətdir ki, Seymur Həzi kimi xaraktersizlərin əlinə silah verib hayların üzərinə göndərmək çox təhlükəlidir. Çünki onlar elə birinci gündən silahı da götürüb ağ bayraqla erməni tərəfə keçərlər.   

Bir sözlə, Seymur Həzi, sənin və rəhbərin Əli Kərimlinin, həmçinin  qayınatan Tofiq Yaqublunun millilikdən danışmaq haqqınızı sizin riyakar xislətiniz çoxdan dəfn edib. Tam çılpaqlığı ilə görünən odur ki,  sizin Vətən, xalq sevginiz yalnız pafoslu, saxta  statuslarınızdadır. Siz hər vəchlə özünüzü Qərbə onların övladları kimi göstərməyə çalışırsınız. Ancaq anlayın ki, kiminsə bicbalası olmaqdansa, öz xalqınızın övladı olmaq daha şərəflidir.

Təbii ki, Seymur Həzinin anti-Azərbaycan və antitürk çıxışları bir xeyli çoxdur. Məsələn o, hələ ötən dövrlərdə  qalmaqallı və bir o qədər də riyakar çıxışı ilə də gündəmə gəlmişdi. Belə ki, o, terror təşkilatı PKK ilə birbaşa əlaqəli şəxs olan HDP-nin sədri Səlahəddin Demirtaşı «siyasi məhbus»  və «Türkiyə üçün kilid siyasətçi» adlandırmışdı. Öz çıxışında hazırda həbsdə olan Səlahəddin Demirtaşı az qala alqışlayan Seymur Həzi daha da irəli gedərək onun fəaliyyətini «bu coğrafiya üçün cəsur nümunə» hesab etdiyini bildirmişdi.

O da məlumdur ki, PKK və onun siyasi himayədarı olan HDP  erməni lobbisinin layihəsidir. Əslində, bu iki təşkilat Türkiyə kimi bir dövlətin inkişafına, güclənməsinə mane olmaq üçün yaradılıb. Hətta bir məsələni də qeyd etməliyik ki, 2020-ci ilin sentyabrın 27- də Azərbaycanın işğalçı Ermənistana qarşı başladığı hərbi əməliyyatlarda Qarabağda PKK döyüşçüləri də ermənilər tərəfindən bizə qarşı döyüşüblər.  Eyni zamanda, Türkiyə Böyük Millət Məclisində Azərbaycan haqqında önəmli qərarlar veriləndə HDP davamlı olaraq bizim əleyhimizə səs vermişdir.

Bəli, açıq şəkildə terroru dəstəkləyən, «uşaq qatili», türk düşməni  Abdulla Öcalanın heykəlini uçaltmağı təklif edən Demirtaş haqqında Seymur Həzinin bu mövqeyi indi də ciddi suallar doğurur. Onları terrorçulara, anti-Türkiyə  və anti-Azərbaycan qüvvələrə bu qədər bağlayan nədir?  Cavabı sadədir: milli kimliklərini  şəxsi ambisiyalarına qurban verməkləri…

Elçin Zaman, «İki sahil»