28 sentyabr 2023 23:58
276

Qətiyyətli siyasət, xalqımızın mübariz ruhu, sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacaq

Xalqımız bu gün qürur hissi ilə söyləyir ki, dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdi. Döyüş meydanında Ermənistan silahlı qüvvələrini diz çökdürən, illərdir yaradılan “məğlubedilməz erməni ordusu” mifini darmadağın edən  rəşadətli ordumuz yazdığı tarixlə gələcək inkişafımızın prioritetlərini müəyyənləşdirdi. Vətən müharibəsi haqqın, ədalətin bərpası olmaqla yanaşı, işğalçı Ermənistana və ona havadarlıq edənlərə tarix və hüquq dərsi oldu. Ermənilərə elə bir dərs verildi ki, bu dərsi heç vaxt unutmayacaqlar. 

Şahidi olduq ki, Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı bütün dünyaya səs saldı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Ölkəmizin ərazisinin 20 faizinin erməni işğalı altında qaldığı 30 il müddət ərzində münaqişənin sülh yolu ilə həll edilməsi üçün dövlətimiz və Prezidentimiz əlindən gələni etmiş, siyasi dialoqdan heç bir zaman geri durmamış, münaqişənin həlli üçün yaradılmış beynəlxalq qrumlarla sıx əməkdaşlıq etmiş və onlara  lazımi köməyi göstərmişdir.  Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi daxil olmaqla, bütün beynəlxalq sənədlər yalnız kağız üzərində qalmış, işğalçı Ermənistana qarşı heç bir sanksiya, məcburetmə tədbiri görülməmişdir. Başda ATƏT-in Minsk qrupu olmaqla münaqişənin həlli üçün çalışan qurumlar nəinki münaqişənin həll olunması üçün ciddi iş görməmiş, azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyi ilə maraqlanmamış, Ermənistanın torpaqlarımızda törətdiyi terror hadisələrinə, eləcə də onların törətdiyi mədəni terrora, tarixi, dini, mədəni abidələrimizin dağıdılmasına, erməni vandalizminə heç bir  münasibət bildirməmiş, hətta əsrin ən qanlı hadisələrindən olan Xocalı Soyqırımı ilə əlaqədar heç bir tədbir görməmişdir. Əsrlərdən bəri ermənilər tərəfindən xalqımızın başına gətirilən bu faciələrə ilk hüquqi qiymət verən Ulu Öndərimiz Heydər Əliyev  olmuşdur. Ulu Öndər Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı imzalamaqla nəinki yalnız 1918-ci il 31 mart hadisələrinə, ümumilikdə ermənilərin azərbaycanlılara qarşı  soyqırımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiymət vermişdir.

 Artıq 2021-ci ildən başlayaraq hər il təqvimin  27 sentyabr tarixini  Anım Günü kimi qeyd edir, tarixi Zəfərimiz  uğrunda həyatlarını qurban  vermiş mübariz ruhlu, polad iradəli, dəmir biləkli qəhrəman Vətən oğullarımızın əziz xatirəsini yad edirik. Hər günü qələbə salnaməmizə çevrilən 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızın əziz xatirəsi əbədi yaşayacaq. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq.

Cənab Prezident 27 sentyabr 2020-ci il tarixdə xalqa müraciətində bildirirdi ki, “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Azərbaycan, hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Bu gün öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmiş Azərbaycan regionda yeni reallıqlar yaratdı. Bütün şərtləri diktə edən qalib Azərbaycanın konstruktiv siyasəti, strateji əhəmiyyətli təklif və təşəbbüsləri regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına yönəlmişdir. Dövlətimizin gücü, qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, xalqımızın mübariz ruhu, sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacaq. Xalqımız bundan sonra da müzəffər və qurucu xalq kimi öz adını tarixin yaddaşına silinməz izlərlə həkk edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq!

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı