27 sentyabr 2023 19:41
3559

Qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə

Tarixə baxdığımız zaman görərik ki, Azərbaycan Türkiyə sarsılmaz dostluq və qardaşlıq münasibəti hər zaman mövcud olub. Hər iki dövlətdə yaşayan xalqlar hər pis gündədə, yaxşı gündədə bir-birlərinin yanlarında olublar. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər. Getdikcə bu dostluq, qardaşlıq münasibətləri daha da möhkəmlənməkdədir.

2021-ci  ilin 15 iyununda Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki dövlət arasında qardaşlığı daha da möhkəmləndirdi, rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəltdi. Təkcə 44 günlük Vətən müharibəsi dövründə deyil, müharibədən sonrakı vaxtda da Azərbaycan-Tükiyə dostluq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf etdi.  Ölkə başcısı İlham Əliyevin vurğuladığı kimi “ İki dövlətin arasında bu cür səmimi münasibətlər dünyada nadir rast gəlinən münasibətlərdəndir.”

Qardaş ölkədə fevral ayın əvvəlində baş verən güclü zəlzələ zamanı ilk olaraq köməyə gedən məhz Azərbaycan oldu.  Həm dövlətimiz, həm xalqımız əlindən gələn bütün dəstəyi türk qardaş və bacılarına göstərdi. Geniş yardım kampaniyalarına başlanılması bütövlükdə Azərbaycanın Türkiyə ilə bağlı həssaslığını, xalqımızın qardaşlıq bağlarının nə qədər dərin və güclü olduğunu göstərdi. Azərbaycanın qardaş Türkiyəyə fevralın 6-dan martın 15-dək göstərilmiş humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) təşkil edir. Birbaşa göstərilmiş maliyyə yardımının ümumi məbləği isə 22 milyon 776 min 400 manatdır (13 milyon 397 min 883 dollar). Azərbaycan və Tükiyə hər platformada biri-birilərini müdafiə edirlər. 

Bu il Azərbaycanın apardığı antiterror tədbirləri lokal xarakterli idi və Ordumuzun qarşısına mülki obyektlərə, insanlara zərər yetirilməməsi vəzifəsi qoyulmuşdu. Qarabağın relyefi dağlıq olduğundan və qeyri-qanuni erməni silahlıları uzun müddət yüksəkliklərdə möhkəmləndiyindən antiterror tədbirlərinin aparılması heç də asan məsələ deyildi. Ordumuz verilən tapşırığa əsasən ancaq legitim hərbi hədəfləri zərərsizləşdirdi və bu, humanistliyə görə dünyada aparılan ən nümunəvi antiterror tədbiri olaraq tarixə düşdü. Lokal antiterror tədbirlərinin yüksək dəqiqliklə aparılmasına Ordumuzun peşəkarlığı və müasir silahları idarə etmək bacarığı sayəsində nail olundu. Beləliklə, ərazilərimizdə “qarayara” kimi qalmış separatçıların yuvasını darmadağın etməklə Azərbaycan yeni uğur hekayəsini yazmış oldu. Ərdoğanın da qeyd etdiyi kimi, Azərbaycanın həyata keçirdiyi bu antiterror tədbiri ilə dünyaya  Türkün ədalətini və mərhəmətini nümayiş etdirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri hər iki ölkənin  tarixində mühüm bir hadisə kimi qeyd olunacaq.Danılmaz faktdır ki, Türkiyə regionda sabitliyin və sülhün bərqərar olmasına çalışan tərəf kimi yetərincə inkişaf etmiş dövlətdir. Bununla yanaşı, bu ölkə Avropaya çıxış üçün qonşu dövlətlərdən ötrü çox yaxşı tərəfdaş rolunu oynaya bilər.Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan və Türkiyənin quru əlaqələrinin yaranması kimi qiymətləndirilməməlidir. Bu dəhlizin açılması iqtisadi əlaqələrin genişlənməsinə xidmət göstərəcək, qarşılıqlı ticarət imkanlarının inkişafına müsbət təsir edəcək.Türkiyə lideri Naxçıvana gəlməklə, Azərbaycan, Türkiyə, İran və Ermənistan münasibətlərinə yeni baxış imkanlarını, regionun sabitlik və əmin-amanlığını müzəkirə etmək üçün yeni məkanın mövcudluğu mesajını verdi.

Bəli, bu gün əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyənin sıx münasibətləri dünya ölkələri üçün nümunədir və xüsusilə Türk dünyası dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir. Bir sözlə, Azərbaycan bu prosesdə Türkiyə ilə birgə liderliyi ələ alıb və onu uğurla davam etdirir.

Məhərrəm Əlverdiyev,
YAP Xətai rayon təşkilatının fəalı