28 sentyabr 2023 11:30
254

Postsovet məkanında ilk…

Nurlan Qələndərli,
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Postsovet məkanında separatizmin əsası məhz Qarabağ problemi ilə qoyuldu. Daha sonra "domino effekti" ilə yayılan və təbii ki, kənardan idarə olunan mərkəzdanqaçma prosesi siyasi idarəetmə formasından, sosial-iqtisadi inkişaf səviyyəsindən, ərazisi və əhalisindən asılı olmayaraq bir çox ölkəni ağuşuna aldı, xalqlara ciddi zərər verdi - dövlətlərə zərbə vurdu.

Postsovet məkanında separatizmin zərərsizləşdirildiyi, başının əzildiyi - belinin qırıldığı ilk geostrateji məkan da məhz Azərbaycan oldu. Şanlı Qələbədən bir müddət sonra Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması, ardınca əzəli və əbədi Qarabağımızda lokal antiterror tədbirlərinin həyata keçirilməsi ilə geniş geosiyasi arealda - Cənubi Qafqazda, Qafqazda və postsovet məkanında separatizmin məhv edilməsi təcrübəsi yaradıldı. 30 ilə yaxın müddətdə BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməklə nadir presedent formalaşdıran Azərbaycan daha bir nümunə yaratdı.

Təbii ki, Azərbaycan kimi uzun müddət işğal, bölücülük və ikili standartlardan əziyyət çəkən bir çox dövlət, o cümlədən postsovet ölkələri mövcuddur. Hər birinin özünəməxsus iqtisadi, hərbi-strateji potensialı, demoqrafik və geosiyasi resursları var. Amma mürəkkəb beynəlxalq vəziyyətdə, olduqca çətin şərtlər və şərait fonunda haqq işini qələbə ilə yekunlaşdıran, separatizm kimi "geopolitik xərçəng daşıyıcısı olan hüceyrələrin metastazı"nın qarşısını alaraq dövlətin vahid siyasi orqanizm kimi bütöv sağlamlığını təmin edən məhz Azərbaycandır. Bu isə sırf lider amili, yaxud liderlik fenomeni ilə əlaqədardır.

Dünya azərbaycanlılarının Lideri - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji oyun qaydalarını 4 qızıl qayda əsasında müəyyənləşdirməsi sayəsində bu reallığı yarada, uğura çata, zirvəni qət edə bildik: vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq. Cənab İlham Əliyev müdrik dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi vaxtı düzgün seçdi: Azərbaycan nə tələsdi, nə gecikdi - hər şey vaxtında! Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standartlara baxmayaraq, İlham Əliyev heç vaxt avantüraya getmədi, vaxtında və məqamında müvafiq addım atdı və hədəfə nail olduq.

Artıq Cənubi Qafqazda saatlar Bakı vaxtı ilə qurulur.