27 sentyabr 2023 23:32
351

İndi cavab ver, Vardanyan!

Xalqımıza qarşı törədilən cinayətlərin təşkilatçıları və iştirakçıları məhkəmə qarşısında cavab verəcəklər

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Uzun illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayıcı və təxribatçı bəyanatlar vermişlər.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçularla yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra biz  müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. Ölkə başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini daha da gücləndirir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, əli Azərbaycan xalqının qanına batmış bütün terrorçular bir-bir cəzasını alacaq: «Biz İkinci Qarabağ müharibəsində - təkcə Ermənistanı məğlub etmədik, biz erməni faşizminin belini qırdıq. Biz erməni xalqını bəd əməllərdən demək olar ki, xilas etdik. Bəlkə bu acı məğlubiyyət, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyət onlara dərs olacaq və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb…»

44 günlük Vətən müharibəsində öz torpaqlarını düşmən işğalından azad edən Azərbaycan, həmçinin xalqımıza qarşı törədilən cinayətlərin təşkilatçısı və iştirakçılarının məhkəmə qarşısında cavab verməsi üçün davamlı addımlar atır.  Bu gün bu prosesin başlandığını  konkret faktlar əsasında görürük. Xocalı rayonunun Meşəli kəndində törədilən soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan hərbi cinayətkar Vaqif Xaçaturyanın Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq istintaqa cəlb edilməsi bir daha sübut etdi ki, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş heç bir separatçı məsuliyyətdən kənarda qalmayacaq. Sentyabrın 27-də Anım Günündə daha bir beynəlxalq axtarışda olan cinayətkar saxlanılıb. Laçın dövlət sərhədinin buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma separatçı qurumun “naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.   Xaçaturyanın, bu gün də Vardanyanın saxlanılması Azərbaycan məhkəməsi qarşısında cavab verməsi həm də tarixi ədalətin bərpasıdır. Azərbaycan hökumətində xalqımıza qarşı qanlı cinayətlər törətmiş bütün şəxslərin məlumatları var. 300-dən çox erməni cinayətkar  müharibə cinayətlərinə görə beynəlxalq axtarışa verilib. Azərbaycan tərəfi ölkəmizin ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərə qarşı müvafiq cinayət işinin başladığını son 30 ildə dəfələrlə açıq şəkildə bəyan edib.

Bu hadisə bir daha onu göstərir ki, nə qədər müddət keçməsinə baxmayaraq,  Azərbaycan xalqına qarşı cinayət işlətmiş bütün şəxslər gec-tez məsuliyyətə cəlb olunacaqlar. Bu, həm də digər separatçılara da xəbərdarlıq mesajıdır. Ermənistan və onun havadarları bilməlidirlər ki, azərbaycanlılara qarşı törətdikləri hərbi, insani cinayətlərə görə cavab  verəcəklər. Onların hamısını  Xaçaturyanın və Vardanyanın aqibəti gözləyir.

Şəmsiyyə Əliqızı, “İki sahil”