28 sentyabr 2023 01:58
271

Effektiv ordu quruculuğu tarixi Zəfəri reallığa çevirdi

Vətən müharibəsinin yekunlarını təhlil etdikcə qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fədakarlığı ilə qürur duyuruq

“Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var” deyən dövlət başçısı güclü ordu və güclü dövlət anlayışlarının vəhdət təşkil etdiyini formul olaraq ortaya qoyur. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Qafqazın ən güclü ordusuna sahibdir. Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunun inkişafının davamlı diqqət mərkəzində saxlanılacağını bildirib: “Bundan sonra da ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq...”

44 günlük Vətən müharibəsinin nəticələri münaqişənin həllinə dair Azərbaycan Prezidenti İlham Əliyevin hərbi-siyasi həll konsepsiyasının mütləq doğruluğunu və reallığını qəti şəkildə sübut etdi. Ali Baş Komandan “Münaqişənin hərbi həll yolu yoxdur” deyərək əslində 30 il vəziyyəti Ermənistanın xeyrinə dondurmaq istəyən qüvvələrin planlarını və taktikasını alt-üst etdi. 2020-ci il sentyabrın 27-dən başlanmış əks-hücum əməliyyatları Azərbaycanın gücünü və regionda dayanıqlı sülhə doğru ən düzgün və qısa yolda olduğunu sübut etdi. Müharibənin ilk günlərindən Prezident İlham Əliyevin ortaya qoyduğu real və ədalətli sülh şərtləri öz bəhrəsini verdi. Hamı Azərbaycan Silahlı Qüvvələrinin yaratdığı siyasi reallıqlarla barışmağa məcbur oldu.

Azərbaycan Prezidenti dünya hərb taktikaları tarixində unikal bir yenilik etdi. Ölkəmiz onillər boyu uğurlu diplomatiya ilə kənar qüvvələri neytrallaşdırmaqla təcavüzkarı hərb meydanında təkləmək, Ermənistanın heç cür qəbul etmək istəmədiyi əsas prinsiplər deyilən çərçivənin mühüm hissəsini hərbi güclə təkbaşına icra etmək və bundan sonra işğalçını kapitulyasiya masasına əyləşdirmək kimi uğurlu formul ortaya qoydu.

Beləliklə, Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində, Zəngilanda, habelə digər ərazilərdə bir neçə strateji yüksəklik düşməndən təmizləndi. Noyabrın 8-də isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini yenidən özümüzə qaytardı. Bu, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində ən mühüm tarixi hadisə və böyük hərbi qələbə kimi yaddaşlara yazıldı. Bu, eyni zamanda, müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi, Ermənistanın kapitulyasiyası reallaşdı.

Dövlətimizin başçısı bütün sahələrdə olduğu kimi, hərbi quruculuq sahəsində də dahi şəxsiyyət Heydər Əliyevin siyasətini uğurla davam etdirməkdədir. Ölkəmizdə ordu quruculuğu sahəsində Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü tədbirlər Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 20 ildə layiqli şəkildə davam etdirilir.

Hazırda Azərbaycan ilə NATO arasında səmərəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarıb. İndi hər il iki mindən çox hərbçimiz NATO proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsəyir. 1997-ci ildən Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələri NATO standartlarına keçib. Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı tabor Şimali Atlantika Alyansının xətti ilə keçirilən hərbi-humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına dəstək verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi davamlı sürətdə təkmilləşdirilir, hərbi hissələr ən müasir hərbi texnika ilə təchiz olunur. Yüksək şəraitə malik hərbi şəhərciklər, döyüş poliqonları yaradılır. Bütün bunların nəticəsidir ki, hazırda yüksək döyüş ruhuna malik ordumuz formalaşıb.

Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb. Azərbaycanda minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə fəallıq göstərir.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu bizim üçün ən başlıca və prioritet məsələ olaraq qalmaqdadır. Görülən bütün işlər də məhz bu prioritet məsələnin əhəmiyyəti nəzərə alınaraq həyata keçirilir. Ali Baş Komandanın tapşırığına əsasən, 2023-cü ildə də ordu quruculuğu prioritet sahələrdən biri olacaq. Əminliklə deyə bilərik ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu hər bir əmri dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdır.

Uca Allah Azərbaycan xalqına milli qürur və Zəfər hissi bəxş etmiş, ölkəmizin keçdiyi çətin və məsuliyyətli tarixində böyük iz qoyan, onun iqtisadi, siyasi inkişafında mütərəqqi rola malik və həmişə Azərbaycan dövləti və xalqı ilə birlikdə olan, ona uğurla rəhbərlik edən qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi qorusun!

Zahid Rza, “İki sahil”