27 sentyabr 2023 17:35
320

Azərbaycan dövlətinə, vətəndaşına, əsgər və zabitinə, onun ərazi bütövlüyünə və suveren hüquqlarına qarşı cinayət törədənlərin sonu

Bir az əvvəl “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək  xunta rejiminin “dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılması ilə bağlı məlumat verildi.  Rəsmi məlumatda bildirilir ki, saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilərək, barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilmişdir. Mediada yayılan foto və video materiallardan da görünür ki, Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları qanun çərçivəsində, heç bir zorakı davranış etmədən, hüquqi norma qaydalarına uyğun olaraq cinayətkarı operativ şəkildə saxlayıblar. 

Azərbaycana qarşı kəskin fikirlər söyləyən, Qarabağda olduğu dövrdə irqi, dini, etnik mənsubiyyətə görə cinayətlərə çağırış edən, eyni zamanda Azərbaycanı parçalamaq məqsədilə onun ərazisində fəaliyyət göstərən separatçılara rəhbərlik edən, ölkəmizə məxsus sərvətlərin talan olunmasında iştirak edən Ruben Vardanyan Azərbaycan Respublikasının   qanunları qarşısında cavab verəcəkdir. Əlbəttə ki, sırada digər  cinayətkarlar var, onlar da  həbs  ediləcəklər.  Bu hadisənin  məhz 27 sentyabr- Anım gününə təsadüf etməsi  bir daha göstərir ki,  Azərbaycan dövlətinə, vətəndaşına, əsgər və zabitinə, onun ərazi bütövlüyünə və suveren hüquqlarına qarşı cinayət törədən hər kəsi bu aqibət gözləyir.

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor