27 sentyabr 2023 16:37
211

44 günün hər günü Azərbaycan tarixinə Zəfər səhifəsi kimi yazıldı

Çoxəsrlik tariximizə qızıl hərflərlə yazılan tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimi  dəyərləndirilən 27 sentyabr 2020-ci il tarixindən üç il keçir. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan növbəti qəhrəmanlarını dünyaya təqdim etdi. Onlar qanları, canları ilə Zəfər tariximizi yazdılar.

Dünya hərb tarixinə yeni səhifə yazan Azərbaycan Silahlı Qüvvələrinin  döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı Qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuz ilk gündən düşmənin müdafiə xəttini yararaq bütün 44 gündə yalnız irəli getdi. 44 günün hər günü Azərbaycan tarixinə Zəfər səhifəsi kimi yazıldı.

Şanlı Qələbəmizi şərtləndirən amillər sırasında əsgər və zabitlərimizin  vətənpərvərliyi xüsusi qeyd edilir.  Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu mühüm məqamı önə çəkir ki, bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.

Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si  şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini təkcə bu gün deyil, həmişə ehtiramla yad edir. 44 gündə 30 ilin işğalına son qoymaq Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu, döyüş ruhunu, torpağa, Vətənə bağlılığını nümayiş etdirdi. Əks-hücum əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Azərbaycan Ordusunun Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etməsi qarşıdakı böyük Qələbəmizin ilk müjdəsi oldu.  8 noyabr tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi  Ermənistanı geri çəkilməyə, kapitulyasiya aktını imzalamağa məcbur etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın siyasi yolla işğaldan azad edildi.  

Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi müjdəsini 30 il gözlədi.  Dövlətimizin qətiyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, torpağa, Vətənə bağlılığımız, sevgimiz sayəsində qazandığımız bu Zəfər dünənimizi, bugünümüzü və gələcəyimizi özündə ehtiva edir.  Bu baxımdan ki, Azərbaycan düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində hər bir sahədə davamlı uğurlara imza atdı.  Münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Azərbaycan gəncləri milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunur.  Ümummilli lider Heydər Əliyev bldirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi  və necə öyrətməyimizdən asılıdır. Onun siyasi kursunun layiqli davamçısı, cənab İlham Əliyev  bu fikirlərin davamı olaraq bildirir ki, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır.

    Haqq və şərəf işimiz olan, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdilər.  Azərbaycan Ordusunun zəfər yürüşünün qarşısında dayana  bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Müzəffər Ordumuzun  yazdığı  tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramımızı bildiririk.  27 sentyabr tarixinin Anım Günü kimi qeyd olunması bugünkü və gələcək nəsillərə Zəfər tariximizin qəhərəmanlarını tanımağa, vətənpərvərlik ruhunda tərbiyə olunmağa bir çağırışdır.

    Şanlı  Zəfərimiz milli kimliyimizi, qürurumuzu bərpa etdi, xalqımızın yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycanın zəngin çoxəsrlik tarixini vərəqlədikcə Zəfər səhifəsini  yazan, belə qürurlu günü bizlərə bəxş edən Vətən oğullarımızla fəxr edəcəyik. Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşərək tarixi Zəfərimizin reallıqlarının həyata keçirilməsinə öz töhfəmizi verməliyik. Qalib Azərbaycanın vətəndaşı olmaq böyük xoşbəxtlikdir. Artıq üç ildir Qarabağımız və Şərqi Zəngəzurumuz azaddır, bərpa-quruculuq dövrünü yaşayır. Böyük Qayıdış proqramının uğurlu icrası Azərbaycanın iqtisadi və siyasi gücünün təqdimatıdır. Qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin fonunda Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı biri-birindən möhtəşəm uğurlar gözləyir.

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi