27 sentyabr 2023 15:29
277

Vətən müharibəsi düşmənə və ona havadarlıq edənlərə tarix və hüquq dərsi oldu

Məlum olduğu kimi 1948-1956-cı illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1987-ci ildən başla­ya­raq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovuldu, bununla da Ermənistan monoetnik dövlətə çevrildi.  Ermənistan milli zəmində azərbaycanlılara qarşı düşmənçilik siyasəti aparırdı. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaq­ların­dan didərgin düşməsi ilə nəticələndi. Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini  işğal etdi. İşğal zamanı yaşayış məntəqələri dağıdıldı, minlərlə insan amansızcasına qətlə yetirildi. Başlıbel, Ağdaban, Baqanis-Ayrım, Meşəli, Qaradağlı kəndlərində vəhşiliklər törədildi. Belə faciələrdən ən dəhşətlisi Xocalıda törədildi. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləş­mələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Azərbaycan dövləti öz torpaqlarının 20 faiz işğala məruz qalmasına baxmayaraq, bu münaqişənin sülh yolu ilə həllində daim maraqlı idi. Məhz onun üçün ATƏT-in Minsk qrupunun münaqişənin həllində mühüm rol oynayacağına ümid edilirdi. Lakin Minsk qrupu 28 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. BMT Təhlükəsizlik Şura­sı­nın qətnamələrini yerinə yetirməyən işğalçı dövlət sülh danışıqlarından yayınır, regionda status-kvonu saxlamağa çalışırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qə­tiy­yətlə demişdi ki, nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı Azərbaycanda ikinci er­məni dövlətinin yaranmasına imkan verməyəcək. Bu, Azərbaycan dövlətinin dönməz, davamlı xari­ci siyasətinin mahiyyətini ifadə edirdi. 

Azərbaycan dövləti Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdi. Döyüş meydanında Ermənistan silahlı qüvvələrini diz çökdürən, illərdir yaradılan “məğlubedilməz erməni ordusu” mifini darmadağın edən  rəşadətli ordumuz yazdığı tarixlə gələcək inkişafımızın prioritetlərini müəyyənləşdirdi. Vətən müharibəsi haqqın, ədalətin bərpası olmaqla yanaşı, işğalçı Ermənistana və ona havadarlıq edənlərə tarix və hüquq dərsi oldu. Ermənilərə elə bir dərs verildi ki, bu dərsi heç vaxt unutmayacaqlar. Ermənistanın ölkəmizə qarşı 2020-ci il 27 sentyabrdan başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başladı. Bu, müasir dünya tarixinə qızıl hərflərlə yazılacaq vətənin ərazi bütövlüyü uğrunda savaşı idi. 28 sentyabr 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəcamı ilə ölkədə qismən səfərbərlik elan olundu. Ehtiyatda olan hərbi qulluqçular, o cümlədən könüllü olaraq ordu sıralarına yazılmış gənclər döyüşlərə cəlb olundu. Azərbaycan xalqı öz Prezidenti və Ordusu ilə birlikdə “Dəmir yumruq” olub düşmənin başını əzdi. Xalqın güc və birlik rəmzinə çevrilmiş “Dəmir yumruq” öz gücünü və şücaətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Zəfərimizlə Azərbaycanın dövlətçilik, hərbi-siyasi, müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazıldı. Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydular. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası sıradan çıxarıldı, canlı qüvvəsi zərərsizləşdirildi və Azərbaycan öz gücünü, öz qüdrətini dünyaya göstərdi. Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Azərbaycan Ordusu düşmənin işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, təkmilləş­dir­diyi müdafiə sədlərini darmadağın etdi, ilkin qələbələr qazandı. Döyüşə-döyüşə Şuşaya yaxınlaşdı. Noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Noyabrın 10-da üçtərəfli bəyanat imza­lan­dı. Bu bəyanat Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Böyük strateji əhəmiyyətə malik və Qafqazın incisi sayılan Şuşanın qüdrətli ordumuz tərəfindən işğaldan azad edilməsi isə böyük tarixi hadisəyə çevrildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın erməni işğalından azad edilməsi barədə müjdəsi Azərbaycan xalqı tərəfindən xüsusi coşqu ilə qarşılandı. Şuşanın azad edilməsi Azərbaycan xalqının möhtəşəm tarixi qələbəsinə çevrildi. Şuşanın azad edilməsi eyni zamanda dövlətimizin başçısı İlham Əliyevin parlaq qələbəsiydi. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.  Şuşanın azad edilməsi ilə Ermənistan çıxılmaz duruma düşdü. Yaranmış vəziyyət Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da məlum bəyanatı imzalasın. İmzalanan bəyanat Ermənistanın hərbi kapitulyasiyası olmaqla Azərbaycanın siyasi maraqlarını təmin edən bir sənəd oldu. Bu bəyanat 30 ilə yaxın davam edən işğala birdəfəlik son qoydu. Razılaşmaya əsasən, Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam rayonları ərazisindən işğalçı qoşunlarının çıxarılması barədə öhdəlik götürdü. Beləliklə, məcburi köçkün olan həmvətənlərimizin 30 illik yurd həsrətinə son qoyuldu. 44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirdi. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir yumruq” əməliyyatı göstərdi ki, Qarabağ Azərbaycandır! Bu ilin sentyabrın 20-də Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri keçirdi. Xankən­din­də ağ bayraq qaldırıldı. Ermənistan ordusunun qalıqları, separatçılar tərksilah edildi. Bu döyüşlərdə də şəhidlərimiz oldu.  Xalqımız və dövlətimiz hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.  Rəşadətli Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri