11 oktyabr 2024 13:38
149

MDB-yə üzv ölkələri ortaq tarix və müasir çağırışlar birləşdirir

Balanslaşdırılmış xarici siyasət kursu yürüdən Azərbaycan Respublikası bütün dövlətlərlə qarşılıqlı dostluğa və əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkəmiz beynəlxalq və regional təşkilatlarla da sıx münasibətlər quraraq milli maraqlarımızın təmin olunması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Qonşu dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq istiqamətində ardıcıl fəaliyyət göstərən Azərbaycan Respublikası, bununla yanaşı hər zaman öz müstəqil xarici siyasət kursunu da qoruyub saxlayır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra yürüdülən uğurlu xarici siyasət nəticəsində bu istiqamətdə qarşımıza qoyduğumuz əsas məqsədlərə nail ola bilmişik.

Azərbaycan Respublikasının sıx əməkdaşlıq münasibətləri qurduğu təşkilatlardan biri də məhz Müstəqil Dövlətlər Birliyidir. Keçmiş ittifaq məkanında yaradılan Müstəqil Dövlətlər Birliyinə üzv ölkələri ortaq tarix və müasir çağırışlar birləşdirir. Azərbaycanın keçmiş ittifaqa daxil olan dövlətlərin yaratdığı Müstəqil Dövlətlər Birliyində uğurlu təmsilçiliyi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi sayəsində baş tutub. Respublikamızın MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır və milli maraqlarımıza xidmət edir. Belə rasional siyasətin nəticəsidir ki, respublikamızın MDB-də təmsil olunan ayrı-ayrı dövlətlərlə yüksək səviyyəli münasibətləri formalaşıb.

Ötən dövrdə MDB özünü müstəqil dövlətlərin səmərəli əməkdaşlıq platforması kimi təsdiqləyib. Quruma daxil olan dövlətlər bir sıra istiqamətlər üzrə öz fəaliyyətlərini uzlaşdırıblar ki, bu da regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərir. Terrorizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri MDB-yə daxil olan dövlətlərin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. 

8 oktyabr 2024-cü il tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasına münasibətdə yol verilən əsassız ittihamlar haqqında məlumat verdi. Ölkə başçımız “Rossiya-1” televiziya kanalına verdiyi müsahibədə beynəlxalq sanksiyaların ədalətsiz şəkildə tətbiqi məsələsini də xüsusi vurğuladı və qeyd etdi ki, biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik. Cənab İlham Əliyev əlavə etdi ki, bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı.

Azərbaycan Respublikası hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşıb və bundan sonra da hörmətlə yanaşacaq. Qərb ölkələrinin isə dünyada baş verən proseslərə ikili standartlar və şəxsi maraqlar mövqeyindən yanaşmaları qəbuledilməzdir. Qərbin belə ədalətsiz mövqe sərgiləməsi Qalib Azərbaycan dövlətini öz qəti və ədalətli mövqeyindən çəkindirə bilməz.

Emin Əliyev,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi