11 oktyabr 2024 12:36
161

Lüzumsuz “mülkü missiya”

“Mülkü missiya” adı altında Ermənistanda fəaliyyətini genişləndirən Qərb alyansı Cənubi Qafqazda sabitliyi pozmaq üçün dəridən-qabıqdan çıxır.  Bəli,  onlar da Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası  (COP29) ərəfəsində aktivləşiblər. 

Elə bu günlərdə Avropa İttifaqının (Aİ) “mülki missiya”sının erməni hərbçilərlə birgə keçmiş “Laçın dəhlizi” istiqamətində binokllarla müşahidələr aparması bunu sübut edir.  Bu aktivləşmə isə hər şeydən əvvəl, onların növbəti təxribat konturlarını cızmalarından xəbər verir. Bununla da Aİ-nin “mülki” adlandırılan casuslardan ibarət missiyasının məqsədinin ancaq təxribatlara qulluq etməsi bir daha təsdq olunur. Bəli, bu “mülki missiya” Ermənistanın sərhədlərini heç də qorumayan, “monitorinq” adı altında Azərbaycana, eləcə də digər ölkələrə qarşı kəşfiyyat məlumatları toplamaqdadır.

“Mülkü missiya”nın Gorus-Laçın sərhədində daha doğrusu, vaxtilə Xankəndini Ermənistanla birləşdirən yol istiqamətində müşahidələr aparması  sözün həqiqi mənasında ölkəmizə qarşı həm təxribatdır, həm də təhrikdir.  Bu mənada “mülkü missiya”nın bu seçimini heç də təsadüfi saymaq olmaz. Şübhəsiz, bununla missiya həm də Qarabağ erməniləri, o cümlədən Bakıda saxlanılan hərbi cinayətkarlarla bağlı məsələlər üzərindən manipulyasiyalar etməkdə davam edən ABŞ, Fransa kimi ölkələrin, həmçinin bəzi beynəlxalq qurumların rəsmi Bakıya qarşı bir an belə səngiməyən hədyan, qərəz kampaniyalarına öz “töhfə”sini verməyə çalışır. Şübhəsiz, bu da Qərbin guya bölgədə sülh və Azərbaycanla-Ermənistan arasında normallaşma prosesinə dəstək rolunu oynayan binokl diplomatiyasından necə sui-istifadə edildiyini göstərir.

Aİ bu gedişləri ilə Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı olmadığını, Ermənistanı revanşizmə həvəsləndirməsini, həmçinin Amerikanın, Fransanın və digər Qərb ölkələrinin istədiyi şərtlərlə Ermənistanla hansısa bir yarımçıq sənəd imzalanmasına, daha doğrusu, rəsmi Bakını güzəştlərə məcbur etməyə  nail  olmaq istəyini acıq-aydın nümayiş etdirir. Bu mənada əminliklə demək olar ki, “mülki missiya”nın bu təhrikçi, təxribatçı hərəkətləri elə buna hesablanıb. Bu isə o deməkdir ki, anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilən, təsis olunan  gündən ölkəmizin əleyhinə təbliğat aparan, rəsmi Bakının legitim maraqlarını nəzərə almayan bu qurum iki ölkə arasında normallaşma prosesində hər hansı bir rola malik olmaqdan çox uzaqdır. Bu mənada həmin missiyanın “fəaliyyəti” mənasız və məntiqsizdır. Elə bu səbəbdən Aİ-nin “mülkü missiya”sının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur.  Həqiqətən də  hansı tərəfdən baxsaq, bu “mülki missiya”nın bölgə üçün heç bir faydası olmadığı qənaətinə gəlmək mümkündür. Amma görünən budur ki, hazırda bu “mülki missiya” sadəcə canını tapşırmış ATƏT-in Minsk qrupunun vaxtilə bölgədə oynadığı rolu oynamaqdadır.

Yeri gəlmişkən, Aİ missiyasının rəhbəri dəfələrlə Ermənistanın yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirib və “mülki missiya”nın  əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” olduğunu bildirib. Elə bu kimi səbəblərdən Hayastan rəsmiləri missiyanın regionda təhlükəsizlik və sabitliyin təmin edilməsində rolunu öz erməni xislətlərinə uyğun şəkildə şişirdirlər. Bu məqamda bir vacib məsələni də vurğulayaq ki, missiya mülki adlansa da, onun tərkibində Avropanın bir sıra ölkələrinin, o cümlədən regionda destruktiv siyasət yürüdən Fransanın ehtiyatda olan jandarm qüvvələri, polis zabitləri təmsil olunurlar.

Qərbin bu və ya digər addımları (təcavüzkar ölkəni silahlandırması, maliyyə yardımı ayırması və s.) da  hələ ölkəmizə qarşı ərazi iddialarından əl çəkməyən Ermənistanın danışıqlarda manipulyasiya etməsinə imkanlar yaradır. Odur ki, təcavüzkar ölkə sülh danışıqlarında hələ də havadarlarının çaldıqları ilə oynayırlar. Halbuki, bölgədə sülhün və təhlükəsizliyin dayanıqlı olması əslində Qərbin də marağı daxilində olmalıdır. Təkcə bir faktı xatırladaq ki, bu gün Azərbaycan Qərb ölkələrinin enerji təhlükəsizliyində vacib rol oyanyır.   

Qvami Məhəbbətoğlu, “İki sahil”