26 sentyabr 2023 22:44
322

Əsrə bərabər sutkanın yaratdığı yeni reallıqlar dünya birliyi tərəfindən qəbul edilir

2020-ci ilin payızında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbrərliyi ilə düşmən tapdağı altında olan əbədi torpaqlarımız­da haqq-ədaləti bərpa etdi. Məhz bundan sonra bölgədə sülhün bərqərar ola­cağına ümidlər yarandı. Hətta üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanla Ermənistan arasın­da sülh sazişi imzalanması gündəmə gəldi. Brüsseldə, Soçidə, Moskvada, Vaşinqtonda, habelə digər şəhərlərdə keçirilən görüşlərdə Ermənistanın qismən də olsa, sülhə meyillənməsi özünü göstərdi. Amma Fransa kimi havadarlarına arxalanan revanşistlər sülh masasına oturmaqdan boyun qaçırmaqla yanaşı, ölkəmizə qarşı  təxribatlar törətməkdə davam etdilər.

Azərbaycan bütün bunlara səbrlə reaksiya versə  də, son anda öz sözünü demək məcburiyyətində qaldı. Belə ki, bu il sentyabrın 19-da ermənilərin növbəti terror aktlarına cavab olaraq Azərbaycan Ordusu beynəlxalq normalar çərçivəsində lokal xa­rakterli antiterror tədbirləri həyata keçirərək hələ də Qarabağ iqtisadi rayonunun ərazisində qalan Ermənistan ordusunun qalıqlarını və  separatçıları bir sutka ərzində  ağ bayraq qaldırmağa vadar etdi. Üstəlik, Azərbaycan bütün şərtlərini bir daha dilə gətirdi. Yeri gəlmişkən qeyd edək ki, həmin sutka tariximizə əsrə bərabər gün kimi həkk olundu. Məhz bundan sonra sülh danışıqları yenidən gündəmə gəldi, sülhə ümidlər artdı. Daha doğrusu, Azərbaycan Ordusunun Qarabağda apardığı son antiterror tədbirləri sülh müqaviləsi üçün böyük imkan yaratdı.

Azərbasycan bu gün də faktiki olaraq regionda sülh və sabitliyin qarantı rolunda çıxış edir.  Çünki tarix boyu düşmənçilik etmək, müharibə şərai­tində yaşamaq qeyri-mümkündür. Danışmaq, razılaş­maq, sülh şəraitində yaşamaq lazımdır. Buna da hazırda  yeni fürsət pəncərələri açılıb. Gərək Ermənistan da buna ciddi yanaşa. “Sülhün uduzanı olmaz” deyən  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyev ilə Naxçıvanda keçirilən görüşdən sonra bəyanatında bildirdiyi kimi, Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik.

Güman ki, Ermənistan da bu fürsətin dəyərləndirməyə çalışır. Prezident İlham Əliyev lokal xa­rakterli antiterror tədbirləri başa çatandan sonra sentyabrın 20-də xalqa müraciətində bu məsələyə toxunaraq demişdi: “Ermənistan bu dövr ərzində - dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək”.  Şübhəsiz, Ermənistanın  sərgilədiyi bu mövqe sülhə olan ümid­ləri artırır. Elə Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlaxda, sentyabrın 25-də Xocalıda Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə keçirilən görüşlərdə də bu fakt açıq-aydın özünü göstərdi. Rusiya Federasiyası  Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözləri ilə desək, artıq Bakı və İrəvan sülh sazişinin imzalanmasında finiş xəttinə çıxa bilərlər.

Bir neçə gün öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai Televiziyada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın nəzərdə tutulan Qranada görüşündə sülh sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib: “Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz sülh sazişinin imzalanmasına hazırıq”. Bəli, məhz Azərbaycanın yaratdığı yeni reallıqların nəticəsidir ki, artıq Ermənistan da sülh sazişini imzalamağa hazır olduğunu bildirir.

Dünən bu istiqamətdə vacib görüş oldu. Belə ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdü. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat xidməti Hikmət Hacıyevlə Armen Qriqoryan arasında baş tutan görüşə dair bəyanat yayıb. Bildirilib ki, Şarl Mişelin diplomatik müşavirləri Simon Mordue və Maqdalena Qrononun ev sahibliyi etdiyi görüşdə Almaniya Kanslerinin siyasi müşaviri Yens Plötner və Fransa Prezidentinin siyasi müşaviri Emmanuel Bonno, həmçinin Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak edib. Qeyd olunub ki, Şarl Mişel də qısa fikir mübadiləsi üçün iştirakçılara qoşulub. Vurğulanıb ki, Aİ iştirakçıları bölgədəki hazırkı vəziyyətə və yerli əhalinin təcili ehtiyaclarının qarşılanmasına hədəflənmiş müxtəlif səylərə dair fikir mübadiləsi aparmağa dəvət edib. Qeyd olunub ki, Aİ bütün bu hadisələri yaxından izləyir və toqquşmaların mülki əhaliyə təsirlərinin aradan qaldırılmasına yardım üçün ən yüksək səviyyədə fəaliyyət göstərir. Aİ Şurasının Prezidenti Şarl Mişelin mətbuat xidmətinin görüşdən sonra yaydığı bəyanatında bildirilib ki,  görüş zamanı Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də Avropa Siyasi İcması Sammiti çərçivəsində Qranadada keçirilməsi gözlənilən görüşünə dair intensiv fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, görüş iştirakçıları normallaşma səylərinin davam etdirilməsi üçün Qranadada mümkün görüşdən istifadə etməkdə Ermənistan və Azərbaycanın ortaq marağı olduğunu vurğulayıblar. Əlavə olunub ki, bununla əlaqədar olaraq, Armen Qriqoryan və Hikmət Hacıyev Ermənistan-Azərbaycan sülh prosesinin irəliləyişinə nail olmaq üçün mümkün Qranada görüşündə sərhədlərin delimitasiyası, təhlükəsizlik, kommunikasiya, humanitar məsələlər və daha geniş sülh müqaviləsi kimi mümkün konkret addımlarla bağlı danışıqlarda iştirak ediblər.  Aİ hesab edir ki, Qranadada keçiriləcək mümkün görüşdən həm İrəvan, həm də Bakı daha əvvəl Praqada və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq, bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə bəyan etmək üçün istifadə etməlidir. Avropa İttifaqının açıqlaması Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış yeni reallığın dünya birliyi tərəfindən qəbul edildiyini göstərir. Bir daha təsdiq edilir ki, Azərbaycanın həyata keçirdiyi tədbirlər öz suveren ərazisində qeyri qanuni hərbi birləşmələrin və onların hərbi infrastrukturunun neytrallaşdırılmasına yönəlmişdi və heç bir halda mülki əhali hədəfə alınmayıb. Əksinə, onların təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirib. Bundan başqa, Azərbaycan mülki əhalinin öz yaşayış yerlərində qalmasını istəyir, ərazidə yaşayan insanlara humanitar yardım göstərir, beynəlxalq strukturların humanitar missiyalarına şərait yaradır. Ərazidən mülki insanların çıxması məcburi xarakter daşımır, bu, onların öz istəyidir. Antiterror tədbirlərinin nəticəsində yaranmış yeni reallıq göstərir ki, sülhün alternativi yoxdur və bundan sonra tərəflər davamlı sülhün əldə edilməsi üçün bütün səylərini səfərbər etməlidirlər. Bölgədə sülhün bərqərar olması labüddür. Bu, artıq zamanın, yaranmış yeni reallıqların tələbidir. Prezident İlham Əliyevin xalqa müraciətindəki bu sözlərində bildirdiyi kimi: “… o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz ara­larında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələ­cək əməkdaşlıq haqqında işləməyə baş­layacaqlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”