26 sentyabr 2023 20:04
297

Qarabağda yaşayan erməniəsilli sakinlər Azərbaycanın verdiyi tarixi fürsəti yaxşı dəyərləndirməlidir

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19- da Qarabağda həyata keçirdiyi antiterror tədbirləri öz bəhrəsini verdi.  Qarabağdakı separatçı rejimin və Ermənistan dövlətinin silahlı dəstələri 24 saat belə Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmədi. Ordumuz ermənilərin hərbi texnikalarını dəqiq atəşlə sıradan çıxartdı və ermənilər təslim olduqlarını bildirərək ağ bayraq qaldırdı. 20 sentyabr 2023-cü il Azərbaycan tarixinə şanlı bir səhifə kimi yazıldı. Prezident,  Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycan xalqı tarixi qələbə əldə etdi. Bu qələbə münasibəti ilə əlaqədar xalqa müraciətində Prezident cənab İlham Əliyev Qarabağdakı erməni separatçılara, eləcə də orada yaşayan sadə ermiəsilli Azərbaycan  vətəndaşlarına önəmli mesajlar ünvanladı. 

2020-ci il Vətən müharibəsindəki qələbəmizdən sonra Prezident cənab İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə Cənubi Qafqazda sülhün, əmin-amanlığın yaranması, bölgənin rifahı, iqtisadi və siyasi cəhətdən inkişaf etdirilməsi naminə sülh sazışl bağlamağı təklif etdi. Çox təəssüf olsun ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən Qərbdəki bəzi dövlətlər Ermənistandan alət kimi istifadə etdilər. Ermənistanın baş naziri Paşinyan Qərbdəki dövlətlərin diktəsi ilə hərəkət etməyə və Qarabağdakı separatçıları dəstəkləməyə başladı. 
Prezident cənab İlham Əliyev Ermənistan rəhbərliyinin dəstəklədiyi  Qarabağdakı separatçı rejimin nümayəndələrinə dəfələrlə xəbərdarlıq etmişdir ki, silahı yerə qoyub tərk-silah olsunlar və Azərbaycan cəmiyyətinə inteqrasiya olunsunlar. Bundan sonra onlar Azərbaycan qanunlarına uyğun firavan həyat sürə bilərlər. Qarabağdakı cinayətkar xunta isə orada yaşayan sadə erməniləri də qorxu altında saxlamağa başladılar. Antiterror tədbirləri başa çatdıqdan sonra Qarabağdakı sadə ermənilər də bu rejimdən xilas oldular.
Prezident cənab İlham Əliyev Qarabağdakı erməniəsilli Azərbaycan vətəndaşlarına azərbaycanlılarla birlikdə xoşbəxt, firavan yaşamaları üçün fürsət verdi. Tarix boyu azərbaycan və erməni xalqları bir yerdə yaşamışdır. Ermənistandakı separatçılar və millətçilər erməni xalqında azərbaycanlılara qarşı nifrət toxumu səpmişdilər. Azərbaycan dövləti və Azərbaycan xalqı isə öz tolerantlığı ilə dünyaya örnək olub. Azərbaycan çoxmillətli bir dövlətdir və ölkəmizdə yaşayan xalqlar arasında heç vaxt ayrıseçkilik olmamışdır. Azərbaycanda bütün xalqların nümayəndələri dostluq və qardaşlıq  şəraitində yaşayırlar.
Prezident cənab İlham Əliyev çıxışında erməniəsilli sakinlərin də Azərbaycan  cəmiyyətinin bir hissəsi olduğunu, onların öz dilini, dinini, mədəniyyətini  qoruyub saxlamaları  üçün hər cür şərait yaradılacağını və seçib seçilmək hüququnun da olacağını xüsusi vurğuladı.
Bu gün Qarabağ və Şərqi Zəngəzur  yenidən qurulur və ermənilərin reinteqrasiyasınsan sonra Xankəndi və bütün ətraf rayon və kəndlərimizdə  də böyük quruculuq və abadlıq işləri aparılacaq. Ümüd edirəm ki, Prezident cənab İlham Əliyevin erməniəsilli Azərbaycan vətəndaşlarına verdiyi bu tarixi fürsəti onlar  dəyərləndirəcək  və  vətəndaşı olduqları Azərbaycan  dövlətinin tərəqqisi və inkişafında iştirak edəcəklər.

Kamilə Əliyeva 
Milli Məclisin deputatı, professor