26 sentyabr 2023 23:36
326

Eyni dalğa, eyni koordinat...

Azərbaycanın radikal müxalifətinin Paşinyan sevgisi haradan qaynaqlanır?

Azərbaycanın sentyabrın 20-də Qarabağda “boz zona”nın ləğv edilməsi məqsədilə keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirlərinin nəticələrinin Ermənistanda siyasi vəziyyəti gərginləşdirəcəyi gözlənilən idi. 2020-ci ildə şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra da müxalifət kapitulyasiya sənədini imzalamış Nikol Paşinyanı devirmək üçün İrəvanda kütləvi etiraz aksiyalarına başlamış, hətta baş nazirin iş otağına hücum edərək altını üstünə çevirmişdilər (Sonradan Paşinyan gileylənirdi ki, etirazçılar onun şəxsi əşyalarını, o cümlədən qol saatını oğurlayıblar-red.). Ancaq həmin vaxt Ermənistanın baş naziri müxalifətə qarşı indi olduğu qədər sərt davranmamışdı. Bugünlərdə paytaxt İrəvanda keçirilən nümayişlər isə polisin sərt müdaxiləsi ilə müşayiət olunur. Müxtəlif rəngli beretlilər baş nazir Nikol Paşinyanın istefasını tələb edən, İrəvanın mərkəzi küçələrini bağlayan etirazçılara zor tətbiq edir, fəallar, müxalifət liderləri saxlanılaraq polis bölmələrinə aparılır. Həbs edilənlər arasında parlamentin müxalif  “Ana Ermənistan” blokunun nümayəndəsi Andranik Tevanyan, Ermənistanın eks-prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan və digər tanınmış şəxslər də var. Etirazçılarla polis qüvvələri arasında baş verən toqquşmalarda onlarla insan xəsarət alıb, yüzlərlə aksiya iştirakçısı həbs edilib. Ermənistanın “demokrat” baş naziri dünyanın gözü qarşısında öz hakimiyyətini polis dəyənəkləri sayəsində qorumağa çalışır. Ancaq nədənsə Nikol Paşinyanın bu fransızsayağı davranışlarına (Ermənistanın dostu, ermənilərin “böyük bacısı” Fransa Prezidenti Emmanuel Makron da öz ölkəsində hakimiyyətin siyasətinə qarşı çıxanlara eynilə belə davranır-red.) nə başqa vaxt demokratiyadan, söz azadlığından, insan hüquqlarından dəm vuran ABŞ və digər Qərb dövlətlərindən, nə də beynəlxalq təşkilatlardan heç bir reaksiya yoxdur. Ən adi bəhanələrlə, iftiralarla Azərbaycana “hücumlar edən” dünya indi Ermənistana münasibətdə elə susqunluq nümayiş etdirir ki, sanki demokratiya elə belə də olmalıdır.

Ən acınacaqlısı isə odur ki, Azərbaycanda da Paşinyana rəğbət və sevgi bəsləyən, 30 ildən artıq torpaqlarımızı işğal altında saxlamış düşmən ölkənin baş nazirinə olan sevgilərini ictimailəşdirən və əməllərini “demokratiya” pərdəsi altında əsaslandırmağa çalışan heysiyyətini itirmişlər var. AXCP sədri Əli Kərimli, onun müavini Fuad Qəhrəmanlı, həmin partiyanın funksioneri Ceyhun Novruzov, millətimizlə və milliliklə heç bir əlaqəsi olmayan “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli sanki eyni anti-Azərbaycan dairələrdən aldıqları sifarişləri yerinə yetirirmişlər kimi son günlər Nikol Paşinyanı müdafiə etməklə, tərifləməklə məşğuldurlar. Möhtəşəm Qələbəmizə sevinmək əvəzinə ordumuzun zəfərinə kölgə salmağa çalışan bu dırnaqarası “demokrat”ların arqumentləri də ikrah doğurur – Paşinyan ölkəsini Rusiyanın əsarətindən qurtarmaq üçün etiraz aksiyalarını qanla, güclə, polis vəhşiliyi ilə yatırtmaqda düz edir. Budurmu Qərbdən “öyrəndiyiniz”, arzuladığınız, görmək istədiyiniz insan hüquqları, söz azadlığı? Bəs harda qaldı sizin həmişə özünüzü didib-parçaladığınız “demokratiya”? Bu qədər riyakarlıq, bu qədər xəyanət olmaz axı.

Yanaşma üslubuna baxdıqda bu antimilli ünsürlərin başlatdığı Ermənistanın baş nazirini müdafiə kampaniyasının ssenarisinin harada yazıldığını, tapşırığın kimlər tərəfindən göndərildiyini təxmin etmək mümkündür. Sanki fikir bildirənlər azərbaycanlı deyil, ermənipərəst ABŞ konqresmeni, yaxud fransız senatorlardır. Eyni ikili standart, eyni yalan və iftira, eyni Azərbaycan əleyhinə qara piar. Necə deyərlər, eyni dalğa, eyni koordinat...

Hərdən xalq arasında da “Paşinyan bizim adamdır” tipli zarafatlar dolaşır. Ancaq ciddi anlamda yanaşdıqda heç siyasətçi olmayan insanlarımız da yaxşı başa düşürlər ki, Ermənistanın baş naziri yalnız özünü, ölkəsini və hakimiyyətini düşünən hiyləgər düşməndir. Bəlkə Vətən müharibəsindən sonra Qarabağdakı separatçıların silahlandırılmasından, ölkəmizə saysız-hesabsız Ermənistan istehsalı minaların göndərilməsindən Paşinyanın  xəbəri yox idi? Onu tərifləyəndə, ona haqq qazandırmağa çalışanda heç olmasa, işğaldan azad edilmiş Xocalıda, Kəlbəcərdə, Ağdərədə, Ağdamda mülki obyektlərdə aşkarlanan yüz minlərlə silah-sursata, ölüm saçan raketlərə, artilleriya mərmilərinə, müasir hərbi avadanlıqlara baxıb xəcalət çəkmək lazımdır. Təbii ki, əli kərimlilər, gültəkin hacıbəylilər, fuad qəhrəmanlılar və onların “əqidədaşları” xəcalət çəkmək hislərini də satmayıblarsa...

Mahir Rəsuloğlu, “İki sahil”