27 sentyabr 2023 02:58
260

Güclü iqtisadiyyat, firavan həyat

Ölkəmizin valyuta ehtiyatları son bir ildə daha 14,5 faiz artaraq 67 milyard ABŞ dollarına çatdırılıb

Son 20 ildir ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrin cərgəsindədir. Xüsusilə bu dövrdə iqtisadiyyatımız 3,5 dəfə artmışdır. 2022 - 2023-cü illərdə strateji valyuta ehtiyatlarımız daha 14,5 faiz artaraq 67 milyard ABŞ dollarına çatdırılmışdır.

Bundan başqa 2022-2023-cü illərdə  ölkəmizin  ümumi daxili məhsulunun (ÜDM) rekord həddə-135 milyard manata çatmasını, ( bu rəqəm cari ilin 6 ayında 60,3 milyard manat olub ki, bunun da 36,2 faizi  qeyri-neft sektorunun payına düşür), xarici ticarət dövriyyəmizin 50 milyard dolları ötməsini də müsbət tendensiya kimi dəyərləndirmək olar. Bu ilin ilk 6 ayında xarici ticarət dövriyyəsi  isə 22,9 milyard ABŞ dolları təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 2,5 faiz artım deməkdir. 

Bu dövrdə xarici ticarət üzrə əməliy­yatların 14,7 milyard ABŞ dolları və ya 64,3 faizi ixrac, 8,2 milyard ABŞ dolları və ya 35,7 faizi idxal əməliyyatlarının pa­yına düşüb. Nəticədə xarici ticarət üzrə 6,6 milyard ABŞ dolları həcmində müs­bət saldoya nail olunub. Qeyri-neft-qaz məhsullarının ixrac göstəricisi isə əvvəlki ilin müvafiq dövrünə nəzərən 16,9 faiz artaraq 1,8 milyard ABŞ dol­larına yüksəlib. 

Qeyd edək ki, bu kimi iqtisadi inkişaf tendensiyası gələcək illər üçün də yeni inkişaf istiqamətləri yaradır. Maliyyə Nazirliyinin hazırladığı «2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama»da qeyd edilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisa­di rayonlarında infrastrukturun yenidən qurulması, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası təmin olunacaq ki, bu da öz növbə­sində iqtisadiyyatın bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaradacaq. Azad edilmiş ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, «ağıllı şəhər», «ağıllı kənd» layihələrinin, «yaşıl texnologiya»ların tətbiqi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, nəqliyyat-loqistika imkanlarının artırılması və digər göstəricilər regionun inkişafında və biznes cəlbediciliyinin artırılmasında mühüm rol oynayır.

İşğaldan azad edilmiş ərazilərimizdə biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqamətində uğurlu nəticələrə hesablanmış işlər görülür. Bu ərazilərdə vergi, sosial sığorta və digər güzəştlər müəyyən olunub. Qarabağ və Şərqi Zəngəzurdakı bütün layihələr dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində icra olunur. Hökumət azad edilmiş ərazilərdə investor və sahibkarlar üçün əlverişli şərait yaradıb. Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parklarında sahibkarlar dövlət hesabına infrastrukturla təmin edilir. Buradakı rezidentlər 10 illiyinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddır. İdxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad edilib.

Bundan başqa, regionda yeni aqropaklar yaradılır. Bu qəbildən ilk layihənin –«Dost Aqropark»ın təməli iki il öncə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilanda qoyulub. Hazırda regionda 3 aqropark fəaliyyət göstərir. Bütün bunlar ilk növbədə, yerli və xarici şirkətlərin bölgədə sahibkarlıq fəaliyyətinə başlamasına, yeni iş yerlərinin yaradılmasına, məşğulluğun təmin olunmasına şərait yaradır.

Regionun iqtisadi cəlbediciliyinə görə orada biznes quran və qurmaq niyyətində olan şirkətlərin sayı mütəmadi artmaqdadır. İndiyədək azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak üçün 500-ə qədəri xarici şirkət olmaqla 1500-dən çox şirkət müraciət edib. Bu göstərici istər yerli, istərsə də xarici biznes qurumları üçün Qarabağın böyük və çoxistiqamətli iqtisadi potensialının, əlverişli biznes və investisiya imkanlarının nə qədər cəlbedici olduğunu nümayiş etdirir.

Məhz bu və digər uğurlu layihələrin reallaşması nəticəsində gələn ilin sonuna kimi ölkədə qeyri-neft-qaz üzrə ÜDM-in həcminin 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5 faiz interva­lında olacağı proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin açıqlamasında gələn il üçün Azərbaycanda bir sıra vergi güzəştlərinin tətbiq ediləcəyi də bildirilir. Belə ki, gələn il fiziki şəxslərin və sahibkarlıq subyekt­lərinin vergi yükünün azaldılması nəzərdə tutulub. Həmçinin ictimai və sosial məqsədlər üçün ödənilən və­saitlər üzrə mənfəət vergisindən azad olan hissənin artırılması, bir sıra təsərrü­fat sahələri üzrə mülkiyyət vergiləri üzrə əlavə güzəştlərin verilməsi də nəzərdə tutu­lub.

Bəli, Azərbaycan dövlətinin iqtisadi uğurları artdıqca əhalinin rifah halının yüksəlməsi tendensiyası da davam edir. Başqa sözlə, güclü iqtisadiyyat firavan həyata zəmin yaradır.

Elçin Zaman, «İki sahil»