27 sentyabr 2023 01:57
234

44 gün, 24 saat, Zəngəzur dəhlizi!

Siyasi, iqtisadi əhəmiyyətli, bölgədə sülhün yaradılmasını şərtləndirən bu tarixləri Ermənistanın baş naziri Nikol Paşinyan kimi, separatizmi dəstəkləyən havadarları da heç vaxt unutmamalıdırlar

Daşnakların «dənizdən-dənizə böyük Ermənistan» kimi sərsəm utopik xülyalarının əsirinə, girovuna çevrilən, genetik psixi xəstəliyə düçar olan haylar hələ də hansı məzhəbə qulluq edəcəklərini bilmirlər. Öz maraqları naminə ermənilərdən istifadə edənlərin vədlərinə aldandıqları üçün hərdən bir dövlətin qoltuğuna sığınan, başqalarının süfrəsinin artığı ilə yallanan haylar hələ də illərdən bəri adət etdikləri yaltaqlıq ənənələrindən əl çəkmirlər. İrəvan yenə də çalxalanır. Ermənistanın baş naziri Nikol Paşinyanın istefa tələbi ilə başlanan aksiyalar daha geniş miqyasda davam edir. İllərdən bəri korrupsioner rejim tərəfindən idarə edilən, nisbətən işlək sənaye müəssisələri Rusiyanın tabeliyində olan, bəziləri rəhbərlikdəki oliqarxların şəxsi biznesinə çevrilmiş Ermənistanda xalq yalnız xarici ölkələrdən ayrılan ianələr, yaxınlarının göndərdikləri yardımlar hesabına çətinliklə dolanır.

İkinci Qarabağ müharibəsindən sonra özünə gələ bilməyən, səfalət içərisində yaşayan, övladlarını itirən insanlar xalqı dilənçi, miskin vəziyyətə salan, yalan vədlərlə aldadan hakimiyyətdən haqq-hesab tələb edirlər. Siyasi partiyalar arasındakı didişmələr, hakimiyyət uğrunda güclənən siyasi garşıdurmalar, Qərbmeyilli qüvvələrlə anti-Rusiya çağırışları səsləndirən tərəflər arasındakı ziddiyyətlərin gərginləşməsi ölkədəki xaosu qarşısıalınmaz səviyyəyə çatdırıb. Hələ bir neçə ilə bundan əvvəl işğalçı, terrorçu ölkədə yaranan vəziyyəti erməni siyasətçilərindən daha obyektiv təhlil edən, artıq tarixi qovuşmuş «Dağlıq Qarabağ münaqişəsi»nin danışıqlar masanda həllindən başqa alternativin olmadığını bildirən Prezident İlham Əliyev erməni xalqına düşdükləri bəlalardan çıxış yollarını göstərirdi : «Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistanın faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər.”» Prezident İlham Əliyev bu sözləri ilə ermənilərə xalqını uçuruma sürükləyən xunta rejiminin törədə biləcəyi fəlakətlərin anonsunu vermişdi. Dövlət başçımızın uzaqgörənliklə söylədiyi «Erməni xalqının ən böyük düşməni ona rəhbərlik edən hərbi xuntadır. Xalq onu rəzil gününə qoyan, dövləti dalana dirəyən cinayətkar rejimdən xilas olmalıdır”» mesajı bu gün İrəvanı bürüyən aksiya iştirakçıları tərəfindən səsləndirilir.

Azərbaycanın bu günlərdə Qarabağdakı separatçı rejimə qarşı apardığı lokal xarakterli tədbirlərdən sonra daha da gərginləşən vəziyyət Paşinyanı çıxılmaz labirintə salıb. Keçirdiyi Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində olmadığını «Ermənistan hərbi əməliyyatlarda iştirak etmir. Biz indiki vaxtda tələsik addım atmayacağıq» bu sözləri ilə bildirən Paşinyanın növbəti yalanı ölkə əhalisi tərəfindən birmənalı qarşılanmayıb. Çünki 24 saat davam edən separatçılara qarşı lokal xarakterli antiterror əməliyyatlarında ölənlər elə Ermənistanın sınıq-salxaq fərari ordusunun əsgərləri idilər. Sabiq prezidentlər- Xocalı soyqırımının iştirakçılarından olan Robert Koçaryanın və Serjik Sarkisyanın tərəfdarları arasında güclənən hakimiyyət uğrundakı rəqəbət vəziyyəti daha da gərginləşdirir. Bəzi dairələrin dövlət çevrilişinə çağırışları da daxil olmaqla müxtəlif səpkili bəyanatlarını savadsızcasına izah edən Paşinyanın « Ayrı-ayrı şəxslərə və siyasi qüvvələrə Ermənistanın dövlətçiliyinə xələl gətirmək imkanı verilməməlidir”» sözləri də gülüncdür . Çünki özünün müstəqil daxili, xarici siyasəti olmayan, iqtisadiyyatı başqa ölkələr tərəfindən idarə edilən, sərhədlərini Rusiyanın «yaşıl papaqlı»larının qoruduğu Ermənistan beynəlxalq aləmdə suveren dövlət kimi qəbul olunmur.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi vəziyyəti köklü surətdə dəyişən Azərbaycanın reallıqları bölgədə beynəlxalq əhəmiyyəti baxımdan yeni vəziyyət yaratsa da Ermənistanın xunta rejimi yenə də ələbaxımlıq siyasətindən əl çəkmir.

Həmişə maraqlı dairələrin, supergüclərin mübarizə poliqonu olan Cənubi Qafqazda ermənilərdən istifadə edən dairələr yenə də fəallaşıblar. İkinci Qarabağ müharibəsində məğlub olan, kapitulyasiya aktı imzalayan Ermənistanı yeni döyüşlərə həvəsləndirən, separatçıları, terrorçuları silah-sursatlarla təmin edən, saxta « humanitar fəlakət» şousu yaradan ABŞ, Fransa, İran, Rusiya kvartetinin çaldığı havalara oynayan Ermənistan dənizdə orientirini itirən gəmi kimi « ərköyünlük» dalğasında çabalayır. Rusiya ilə ABŞ-ın maraqlarının toqquşduğu qlobal bölgə olan Cənubi Qafqazda yaranan daimi gərginliyin «oyuncağı» olan Ermənistan yenə də hər iki qüdrətli dövlətin mənafelərinin ziddiyyət təşkil etdiyi obyekt kimi maraq dairəsindədir. İrəvanda anti -Rusiya çağırışlarının səsləndiyi məqamlarda ABŞ hərbçilərinin İrəvanda təşkil etdikləri hərbi təlim istər-istəməz mənfi reaksiya yaradır. Bu yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Palatasında ermənilərə dəstək xarakterli dinləmələrin keçirilməsində də məqsəd rəsmi İrəvanı Rusiyanın himayəsindən uzaqlaşdırmaq idi.

Bu günlərdə Azərbaycanın keçirdiyi lokal antiterror xarakterli tədbirlərdən sonra Qarabağda yaşayan hayların İrəvana üz tutması Ermənistanda yerli və gəlmə ermənilər arasındakı illərdən bəri davam edən qarşıdurmanı, ayrı-seçkiliyi daha da gərginləşdirib. Bu baxımdan Ermənistanda Nikol Paşinyanın əleyhinə təşkil edilən aksiyaların hələ uzun müddət davam edəcəyi şəksizdir. Yəni, bu xəmir hələ çox su aparacaq. Paşinyanın yeganə çıxış yolu Azərbaycanla sülh sazişini imzalamasıdır. Yevlaxda, Xocalıda Qarabağın erməni icmasının təmsilçiləri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri arasında keçirilən görüşlər sülhə doğru atılan ilk uğurlu addımlardır.

Xuraman İsmayılqızı, «İki sahil»