27 sentyabr 2023 01:35
287

Biz heç vaxt tariximizi təhrif etməməliyik

Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı Qərbi Azərbaycana qayıdışda da görməliyik 

«Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq.» Dövlət başçısı İlham Əliyev bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində hədəfləri açılqlayarkən bu məqamı xüsusi qeyd etmişdir ki, əlbəttə, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. O da məlumdur ki, ötən ilin 24 dekabr tarixində dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirmişdir ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq: «Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.»

Bu reallıq inkaredilməzdir ki, xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Dövlət başçısı bildirir ki, bu, bağışlanmaz bir addım, xəyanət və cinayət idi: «Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik.»

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 105 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Ötən 25 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart - aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib.

1948-1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan çıxarılması «ənənəsini» davam etdirən daşnaklar soydaşlarımızın növbəti deportasiyasını həyata keçirdilər. 1945-ci ildə iqtisadi əlaqələr bəhanə gətirilməklə Qarabağın Ermənistanla birləşdirilməsi təklifləri rədd edildiyinə görə ermənilər niyyətlərinə çatmaq üçün başqa hiylələrə əl atdılar. Suriyadan, Yunanıstandan, Livandan, İrandan, İraqdan 35. 400 ermənini Ermənistana köçürdülər. 1948-1952-ci illərdə Qərbi Azərbaycanın əsasən dağ ərazilərindən çıxarılan 100 min soydaşımızın əksəriyyəti aran zonasının isti hava şəraitinə dözməyərək həyatlarını itirdi. XX əsrin sonlarında SSRİ-nin rəhbəri Mixail Qorbaçovun xain planı olan yenidənqurma və aşkarlıq proseslərinin həyata keçirilməsi daşnaklar üçün əlavə fürsət yaratdı. 1945-ci ildəki taktika davam etdirildi. Erməni millətçiləri azərbaycanlıların Ermənistandan birdəfəlik çıxarılması və Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı artıq tarixə qovuşmuş keçmiş «Dağlıq Qarabağ Muxtar Vilayəti»ndə və İrəvanda kütləvi aksiyalar təşkil etdilər. 1988-ci ildə 70 nəfər soydaşımızın, o cümlədən 21 qadın və 6 uşağın, öldürülməsi ilə nəticələnən Qukark faciəsi son olmadı. Vardenisdə, Yerevanda, Masisdə, Kalinində, Kacaranda, Qafanda, Kirovakanda, Gorusda, Sisyanda, Amasyada, Alaverdidə törədilmiş qanlı hadisələr nəticəsində 250.000 azərbaycanlı daşnakların etnik təmizləmə siyasətinin qurbanı kimi Qərbi Azərbaycanı tərk etməyə məcbur qaldılar. Ermənilərin havadarı Mixail Qorbaçovun göstərişi ilə Qərbi Azərbaycandan çıxarılan soydaşlarımız Qarabağda deyil, çadırlarda yerləşdirildilər. 18 fevral 1929-cu ildə Ermənistana verilmiş Nüvədi kəndindən azərbaycanlı əhalinin 1991-ci il avqustun 8-də çıxarılması ilə daşnakların «azərbaycanlılarsız Ermənistan» ideyası tam həll olundu. 1988-ci ildən sonra Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın torpaqlarının 20 faizi işğal edildi. 1 milyona qədər soydaşımız doğma torpağında qaçqın, köçkün kimi yaşamağa məcbur oldu. XIX- XX əsrlərdə daşnakların həyata keçirdikləri şovinist, etnik təmizləmə siyasəti xalqımıza Xocalı soyqırımını, biri-birindən dəhşətli faciələr yaşatdı.

Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsi, soydaşlarımızın ata yurdlarından çıxarılması ilə bağlı tarixi faktları diqqətə çatdıraraq daşnakların 1948-1953-cü illərdə xalqımıza qarşı həyata keçirilən deportasiyalarını növbəti cinayət, ədalətsizlik adlandırdı: «Nəhayət 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Bu dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən ovaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi.»

Qarabağın və Şərqi Zəngəzurun işğalı isə daha ağrılı faciəmiz idi. Azərbaycan Ordusu 3 il bundan öncə üzərinə düşən missiyanı şərəflə yerinə yetirərək tarixi Zəfərə imza atdı. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa edildi. Düşmənləri torpaqlarımızdan qovduq. Hazırda Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri aparılır. «Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik» söyləyən Prezident İlham Əliyevin çağırışlarından biri budur ki, bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlandı. Dövlət başçısı ilk gündən bu hədəfi açıqladı ki, bu, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik: «Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar.»

Dövlət başçısı İlham Əliyevin hər bir çağırışı qarşıdakı dövrə hesablanmış addımdır. Tarixi ədalət Qərbi Azərbaycana qayıdışımıza əsas verir. Azərbaycan hər bir məsələnin ədalət və beynəlxalq hüquq çərçivəsində həllinə səy göstərir. Daim bu çağırış səsləndirilir ki, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. O gün uzaqda deyil. O günə uzanan yol isə Zəngəzurdan başlanır. Bu dəhliz isə mütləq açılacaq. Qərbi Azərbaycan yenidən doğmalarına qovuşacaq. Çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib. Əlbəttə, Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir.

Qərbi Azərbaycana qayıdışımıza sülh yolu ilə nail olacağıq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.

Yeganə Əliyeva, «İki sahil»