27 sentyabr 2023 01:14
397

Reinteqrasiya: Beynəlxalq hüquqa əsaslanan proses

Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnəndən sonra Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə görüş keçirdi. Konstruktiv keçən görüşdə digər məsələlərlə yanaşı, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası  ilə bağlı müzakirələr də aparıldı və onlara reinteqrasiya üzrə planlar təqdim edildi. Şübhəsiz, bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa hesablanan prosesdir. Bu mənada Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası ilə bağlı təşəbbüslər çərçivəsində 21 sentyabr tarixində keçirilmiş Yevlax görüşünün əhəmiyyəti böyükdür.

“Mühüm olan odur ki, bizim reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var” deyən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlamasında bildirib ki, biz reinteqrasiya haqqında danışanda Qarabağdakı ermənilərin Azərbaycanın iqtisadi, siyasi və sosial həyatına sülhməramlı reinteqrasiya modelini nəzərdə tuturuq: “Eyni zamanda, biz realist olmalıyıq ki, bunu bəyənməyənlər və qəbul etməyənlər də olacaq”.

Bu, diplomatik dildə o deməkdir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli sakinlər  könüllü surətdə və öz iradələri çərçivəsində sərbəst hərəkət etmək hüququndan istifadə edə bilərlər. Yəni, onlar Azərbaycanın qanunları ilə yaşamaq və yaxud başqa məskunlaşma yeri seçmək kimi alternativlərdən faydalanmaq şansına malikdirlər.  Rəsmi Bakı onların qərarlarına hörmətlə yanaşır. Qeyd edək ki, bəzi erməniəsilli vətəndaşlar artıq öz istəkləri ilə Azərbaycanın Qarabağ bölgəsini tərk etməkdədirlər. Ermənistan Nazirlər Kabineti xəbər verib ki, 25 sentyabr 12:00-a olan məlumata görə,  Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli sakinlərin sayı 4850-yə çatıb. Vaxtilə öz ata-baba yurdlarından didərgin salınan, güllə altında evlərini tərk edən soydaşlarımızdan fərqli olaraq ermənilər bizim torpaqlardan xüsusi avtomobillər vasitəsilə, rahat şəkildə çıxırlar. Odur ki, həmin şəxslərdən bəziləri hətta Ermənistan mətbuatına verdikləri açıqlamalarda onlara qarşı göstərilən humanist davranışdan məmnunluqlarını bildiriblər.

Bu arada Ermənistan mətbuatında heç bir fakta əsaslanmayan yazılar da dərc edilir. Məsələn, qondarma rejimin qondarma “prezidenti”nin “müşavir”i David Babayan  Ermənistan mətbuatına açıqlamasında bildirib ki, guya “artsax” sakinlərinin mütləq əksəriyyəti – 99,9%-i Azərbaycanın nəzarətində qalmaqdansa, Qarabağı tərk etməyə üstünlük verir: “Dağlıq Qarabağın etnik erməniləri Azərbaycanda yaşamaq istəmədikləri və etnik təmizləmədən qorxduqları üçün Ermənistana gedəcəklər”.

Bu, bir həqiqətdir ki, rəsmi Bakı müəyyən çətinliklərə rəğmən, özünün Qara­bağdakı erməni vətəndaşları üçün mümkün olan hər şeyi etməyə hazırdır və bu barədə bəyanatlar ən yüksək səviyyədə səsləndirilib. Bu da beynəlxalq qanunlara tam uyğundur. Bu mənada onların əksəriyyətinin Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri şübhə doğurmur. Çünki onlar yaxşı başa düşürlər ki, Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiyası onların təhlükəsizliyinin təmin olunmasının yeganə yoludur. Rəsmi Bakı artıq reinteqrasiya üzrə praktiki addımlar atmağa başlayıb.

Yeri gəlmişkən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərlə müsahibəsində bildirib ki, Qarabağda yaşayan erməniəsilli sakinlərin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılması, onların pasportlaşdırılması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işi diqqətdə saxlanılır: ”Bu istiqamətdə müraciət edən şəxslər var”.

Amma  Yevlax görüşündən sonra bəzi silahlı qrupların rəhbərləri döyüşməyə davam edəcəklərini, tabe olmayacaqlarını bildiriblər. Məsələn, separatçılardan biri -  qondarma rejimin sabiq qondarma “dövlət naziri”, rusiyalı erməni milyarder Ruben Vardanyan vurğulayıb ki, burada qalıb “qədim artsax” uğrunda sona qədər döyüşəcək və və “bütün vətəndaşlarla birlikdə bu torpaqda ölümünü qəbul etməyə hazırdır”.  Amma ağıldan kəm emissar unudur ki, Azərbaycanın beynəlxalq hüquqa görə öz ərazisini, suverenliyini, vətəndaşlarını qorumaq üçün siyasi və hərbi yollardan istifadə haqqı var. Hətta bununla bağlı xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında və Baş Assambleyada  bir daha məlumat verib.

Qvami Məhəbbətoğlu, “İki sahil”