26 sentyabr 2023 13:41
198

Reinteqrasiya...

Şübhəsiz ki, “reinteqrasiya” yaxın dövrün ən aktual, bəlkə də ən çox müzakirə olunacaq mövzularından biridir. Əlbəttə, reinteqrasiya, eyni zamanda, siyasi demaqoqların da qərəzli manipulyasiyalarının ən “sevimli” mövzusu olacaqdır. Spesifik mövzu olduğu üçün yanlış və qərəzli şərhlər əhalinin ictimai təfəkküründə məsələ ilə bağlı təhrif edilmiş baxışların formalaşmasına gətirib çıxara bilər. Əslində xain düşüncəli siyasətciklərin hədəfi də məhz hadisələrin təhrif olunması və süni, əsassız narazılığın yaradılmasıdır. İnsan hüquqları üzrə ixtisaslaşmış müxtəlif beynəlxalq “alverçi”lərin (təşkilatların) mövzuya hücumları isə ümumiyyətlə korridaya bənzəyəcək. Odur ki, Azərbaycan ictimaiyyəti yaxın gələcəkdə reinteqrasiya mövzusu ətrafında maraqlı və populist “söz güləşmələri”nə hələ çox şahidlik edəcəkdir.

“İki sahil” xəbər verir ki,  bu fikirlər politoloq A.Adilin “Reinteqrasiya...” sərlövhəli məqaləsində yer alıb. 

Məqaləni təqdim edirik:

Siyasi prosesləri müşahidə edən sıravi Azərbaycan vətəndaşı mütləq bilməlidir ki, reinteqrasiya sosial-siyasi təzahür kimi müxtəlif elmi yanaşmalar müstəvisində müzakirə oluna bilər: hüquq, siyasət, sosial-psixologiya, ideologiya, fəlsəfə, demoqrafiya, tarix, mədəniyyət və s. Müxtəlif elm sahələrinin kəsişməsində dayanan reinteqrasiya olduqca mürəkkəb və çoxşaxəli təzahürdür. Odur ki, yalnız məişət və emosional ritorikaya sığınaraq məsələ ilə bağlı hər hansı şablon fikrilərin səsləndirilməsi daha çox banal demaqogiyaya bənzəyəcək.

Demaqogiya mövzusunu inkişaf etdirərək deyə bilərik ki, radikalların məsələ ilə bağlı təhrikedici ritorikasına rəğmən, biz Azərbaycan hakimiyyətinin təmkinli mövqe nümayiş etdirməsinə şahidlik edirik. Ehtimal edə bilərik ki, təmkinli mövqenin səbəbi, eyni zamanda, beynəlxalq təşkilatların ikili standartları və riyakarlığıdır. “Düzgün reinteqrasiya” məfhumunun “təbiəti” demokratiya anlayışı qədər nisbi, amorf və abstraktdır. Elə bu səbəbdən də reinteqrasiya mövzusu beynəlxalq təşkilatlar üçün ideal manipulyasiya alətidir.

Bəli, reinteqrasiya mürəkkəb olduğu qədər də davamlı və şaxəli prosesidir. Bu prosesin özəlliyi ondadır ki, reinteqrasiyanın müxtəlif inkişaf mərhələlərində nəzərdə tutulmayan və proqnozlaşdırılması çətin olan amillər zamanla üzə çıxır. Ancaq bütün ehtimal olunan “əmma”lara rəğmən reinteqrasiya prosesində ən vacib və ən prinsipial məsələ ali siyasi iradənin mövcudluğudur.

Prezident İlham Əliyev qeyd etdiyimiz ali siyasi iradəni sentyabrın 20-də xalqa müraciətində həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət üçün növbəti dəfə aşkar şəkildə nümayiş etdirdi. Təsbitlərimizin dəqiqliyi üçün məsələ ilə əlaqədar ali siyasi iradənin məzmununu əks etdirən cəmi bir neçə sitatı burada qeyd edə bilərik:

- Prezident İlham Əliyevin prinsipial mövqeyini və Qarabağın erməni əhalisinin statusunu müəyyən edən sitat: “Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır”;

- Sülhə və barışa çağıran sitat: “Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”;

- Ümumbəşəri dəyərlərə və tolerantlıq prinsipinə sadiqliyi nümayiş etdirən sitat: “Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq”;

- Cənab Prezident çıxışında, eyni zamanda, birgəyaşayışla bağlı öz baxışlarını bölüşüb: “Onların bütün hüquqları təmin ediləcək - təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir”.

Ümid edirik ki, Prezident İlham Əliyevin yuxarıda qeyd olunan sözlərindən sonra kiminsə məsələ ilə bağlı hətta kiçik belə tərəddüdü və ya şübhəsi qalmayacaqdır. Əslində, dövlətimizin başçısının qeyd olunan sözləri sadəcə ali siyasi iradənin təzahürü deyil. Bu sözlər, eyni zamanda, reinteqrasiyanın Azərbaycan modelinin konturlarını müəyyən edir.

Əlbəttə ki, göstərilən tezislər inkişaf etdirilməlidir və onların inkişafı bir qədər öncə qeyd etdiyimiz hüquq, siyasət, sosial-psixologiya, ideologiya, fəlsəfə, demoqrafiya, tarix, mədəniyyət və s. bu kimi elmlərinin paradiqmaları çərçivəsində həyata keçirilməlidir. Sadalanan yanaşmalar kontekstində Prezident İlham Əliyev tərəfindən konturları müəyyən olunmuş “Reinteqrasiyanın Azərbaycan modeli” şərti adlı konseptual sənəd də hazırlana bilər. Bu cür konseptual işləmələr bilavasitə Azərbaycan diplomatiyasının nəzəri bazasının gücləndirilməsinə xidmət edə bilər.

Unutmayaq ki, reinteqrasiya məsələsi artıq ölkəmizin gələcək inkişafı ilə bağlı olan bütün konsepsiyalarda, eləcə də konkret sahələrin inkişaf strategiyalarında da mütləq olaraq öz əksini tapmalıdır. Heç şübhəsiz, məsələ ilə bağlı hazırlanacaq bütün layihələrinin ideoloji “altyapı”sını Prezident İlham Əliyevin dövlət siyasətinin uzun illər ərzində əsas istiqamətlərindən birini təşkil edən multikulturalizm prinsip və dəyərlərinin təbliği olacaq. Məhz mövcud istiqamətdə nümayiş olunan prinsipiallıq və davamlılıq nəticəsində Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən dünya multikulturalizminin ünvanlarından biri kimi tanınmışdır. Belə ki, multikulturalizm birgəyaşayışın ideal modeli olaraq reinteqrasiya prosesinin ideoloji əsasını təşkil edə bilər.

Mövcud istiqamətdə konseptual prosedurların aparılması məhz elmin preriqativasıdır. Hazırlana biləcək konseptual sənədlər reinteqrasiya prosesinin ağrısız keçməsinə və ölkəmizi qərəzli tənqidlərdən qorunmasına da xidmət edə bilər. Fundamental proseslər müxtəlif siyasətciklərin və onların havadarlarının qərəzli tənqidlərini də tərk-silah edəcək. Vətənimizin inkişafı naminə emosiyalara qalib gəlməliyik və Azərbaycan xalqının zəngin mədəniyyətində olan ümumbəşəri dəyərləri qoruyub yaşatmalıyıq. Unutmayaq ki, Azərbaycanın dayanıqlı inkişaf yolu artıq reinteqrasiya prosesindən də keçir.