27 sentyabr 2023 00:00
457

Zəfər tariximizin qürur səhifəsi: 27 sentyabrla başlayan yol

44 gün əzmlə, qətiyyətlə, cəsurluqla, dillərə dastan olan qəhrəmanlıqla gəldiyimiz bu yol bizi bağrı yaralı Qarabağamıza və Şərqi Zəngəzurumuza apardı, yurd həsrətimizə son qoydu

 

Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı.  Artıq 2021-ci ildən başlayaraq hər il təqvimin  27 sentyabr tarixini  Anım Günü kimi qeyd edir, tarixi Zəfərimiz  uğrunda həyatlarını qurban  vermiş mübariz ruhlu, polad iradəli, dəmir biləkli qəhrəman Vətən oğullarımızın əziz xatirəsini yad edirik. Hər günü qələbə salnaməmizə çevrilən 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızın əziz xatirəsi əbədi yaşayacaq. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq.

Ermənistanın təcavüzkar siyasətinə göz yuman bir sıra güc mərkəzlərinin ikili standartlar siyasətinə, beynəlxalq təşkilatların selektiv yanaşmasına, mürəkkəb geostrateji şərtlərə və şəraitə baxmayaraq, Azərbaycan xalqı torpaqlarımızın işğal faktı ilə barışmadı, inamını itirmədi, 30 ilə yaxın müddətdə haqq-ədalət mübarizəsini davam etdirdi və Qələbəyə kökləndi. Çünki xalqa arxalanaraq Azərbaycan dövlətini Zəfərə aparan liderlər - Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tarixin həlledici anlarında və taleyüklü məqamlarında ölkəni çətin sınaqlardan çıxarmaqla, parlaq nailiyyətlərə imza atmaqla bu güvəni - Qələbə inamını yaratdı. “Münaqişənin hərbi yolla həlli yoxdur” deyənlər, Azərbaycanın təcavüzkar siyasətə - işğal və separatizm faktına dözəcəyini düşünənlər yanıldılar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin bütövlüyünü, tarixi ədaləti bərpa etmək uğrunda haqq mübarizəsini şərəflə, ləyaqətlə və qətiyyətlə aparan Azərbaycan xalqı iradəsini ortaya qoydu, sözünü dedi, gücünü göstərdi və haqq savaşında məqsədinə nail oldu.   

2020-ci ilin sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti təxribatına şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə cavab verdi, 30 illik işğala son qoymaq üçün 44 gün davam edəcək Zəfər yürüşünə başladı.  Beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu işğalçı hərbi birləşmələrə sarsıdıcı zərbələr endirdi, ard-arda yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad etdi, bununla da adını tarixə əbədi həkk etdirdi. 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad edən Silahlı Qüvvələrimiz daha bir tarixi missiyasını müvəffəqiyyətlə yerinə yetirdi. Noyabrın 8-də əzəli və əbədi Azərbaycan torpağı – dünyanın mədəniyyət incilərindən olan qədim Şuşa şəhəri Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin xüsusi məharəti, böyük şücaəti və nümunəvi rəşadəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində hərbi-siyasi əsarətdən xilas edildi.  Döyüş meydanında tarix yazan Azərbaycan Ordusunun Şuşanın qurtuluşundan bir gün sonra daha 70-dən artıq yaşayış məntəqəsini işğaldan azad etməsinin ardından Ermənistanın təslimçilik mövqeyindən çıxış etməsi və onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalaması Azərbaycanın Qələbəsinin siyasi-hüquqi təsdiqi oldu. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanata əsasən üzərinə bir sıra öhdəliklər götürən işğalçı dövlətin sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz tərk etməsi Azərbaycanın hərb meydanında qazandığı möhtəşəm qələbənin diplomatiya müstəvisində davamı olmaqla Zəfər tariximizin ən mühüm və parlaq səhifələrindən birinə çevrildi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Böyük Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin deyil, eyni zamanda, milli qürurun bərpasının təzahürü idi. 

Dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın hərbi gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 gün davam edən "Dəmir yumruq" hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu.

 Azərbaycanın təntənəli Zəfər yürüşünün uğurunun və möhtəşəmliyini təmin edən ən mühüm amillərdən biri sarsılmaz milli həmrəyliyimiz oldu. Xalqımızın birliyi müstəsna amil kimi tariximizin müxtəlif dönəmlərində - taleyüklü məqamlarda öz sözünü deyib. Hələ 2016-cı ildə Aprel döyüşləri və 2018-ci ildə Günnüt əməliyyatı zamanı, 2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın təxribatlar törətdiyi vaxt Azərbaycan xalqı, xüsusilə də gənclər Ali Baş Komandanımıza, dövlətimizə və ordumuza birmənalı dəstəklərini ifadə etmişdilər.

Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz ölkədə ordu quruculuğu istiqamətində aparılan islahatlar, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qətiyyətinin məntiqi nəticəsi idi. İndi Azərbaycan Bayrağı təkcə Şuşada deyil, işğaldan azad olunmuş şəhərlərdə, kəndlərdə, yüksəkliklərdə dalğalanır. Bu Zəfərin müəllifi Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimizdir. Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgərlərimizə, zabitlərimizə və bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən respublikamızda Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılır, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstərilir. Şəhid ailələrinə, qazilərimizə dövlətin xüsusi diqqət və qayğısı isə cəmiyyətdə olduqca yüksək qiymətləndirilir, Azərbaycan xalqı Vətənin mübariz və qəhrəman övladları ilə fəxr edir. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur. 27 Sentyabr - Anım Günündə bir daha şəhidlərimizin xatirəsini ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir, Tanrıdan rəhmət diləyirik. Şəhidlərimizin ruhu rahatdır, çünki uğrunda canlarından keçdikləri Vətən torpaqları azaddır.

Bu gün Azərbaycanda şəhid ailələri, müharibə qaziləri və iştirakçıları dövlətimizin ən yüksək səviyyədə diqqət və qayğısı ilə əhatə olunublar. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, qazilərimizin reabilitasiyası və normal həyata qaytarılmaları istiqamətində görülən işlər sübut edir ki, dövlət hər zaman öz əsgərini yüksək qiymətləndirir. Azərbaycan xalqı, Azərbaycan dövləti mübariz oğul və qızlarının şücaətini təqdir edir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid və qazi ailələrinə dəstək göstərilməsi ilə həm də Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunur. O da qeyd edilməlidir ki, Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması da Zəfərimizin əbədiləşdirilməsi məsələsinə və müharibə iştirakçılara göstərilən dövlət diqqətinin növbəti təcəssümüdür.

Artıq Vətən müharibəsinin başlamasının üçüncü il dönümü ərəfəsindəyik. Bu üç il ərzində çox böyük işlər görmüşük. Azərbaycan postmüharibə dövründə yeni nailiyyətlərə imza atıb - dünya daha güclü Azərbaycanın uğurlarına şahidlik edib. Bu gün işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın həmin torpaqlara hər bir səfərləri fövqəladə məmnunluq, sonsuz qürur və iftixar, milli özünəinam hissi yaratmaqla yanaşı, Zəfər yürüşünün addım-addım və fasiləsiz davam etdiyini göstərir. Böyük Qayıdış 30 il ərzində torpaqları işğal altında olan dövlətin vətəndaşlarının, soydaşlarımızın, bütövlükdə, Azərbaycan xalqının ən böyük arzularından idi və bu gün biz buna nail oluruq.

Tarixi Zəfərimizin yaratdığı reallıqların həyata keçirilməsi sülh müqaviləsinin imzalanmasını bir tələbə çevirir. Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla öz üzərinə götürdüyü öhdəlikləri tam və zamanında yerinə yetirir. Təəssüflər olsun ki, eyni fikri bu Bəyanatın digər tərəfi – Ermənistan haqqında söyləmək olmaz. Rəsmi İrəvan istər Rusiyada, istər Avropanın siyasi paytaxtında – Brüsseldə, istərsə də Praqada keçirilmiş üçtərəfli görüşlərdən sonra mütəmadi olaraq hərbi təxribatlara əl atır, sülhyaratma prosesini pozmağa çalışır. Ermənistanın siyasi sabotajları və hərbi təxribatları, əslində, sülh gündəliyinə “atəş açmaq”, üçtərəfli Bəyanatı, beynəlxalq hüquq normalarını heçə saymaqdır. Həmçinin ərazilərimizdə basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın bu gün də hərbi cinayətlər törətdiyini sübut edir. Basdırılmış yüz minlərlə mina işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün ciddi təhlükə törədir. Əslində hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Buna görə də dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır.

Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin, genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Lokal antiterror tədbirləri zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar öz məğlubiyyətlərini etiraf edərək ağ bayraq qaldırıb təslim oldular. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atan yenilməz Azərbaycan Ordusu daha böyük bir missiyanı - ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha ordumuzun gücünü, qüdrətini bütün dünyaya göstərdi.  Bu, həm də onu bir daha sübut etdi ki, Ermənistan növbəti dəfə ölkəmizə qarşı təxribat törədəcəyi təqdirdə onun dövlət kimi mövcudluğu sual altına düşəcək. Çünki, onların qarşısında Cənubi Qafqazın ən güclü ordusu dayanır.

Bu gün öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmiş Azərbaycan regionda yeni reallıqlar yaratdı. Bütün şərtləri diktə edən qalib Azərbaycanın konstruktiv siyasəti, strateji əhəmiyyətli təklif və təşəbbüsləri regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına yönəlmişdir. Dövlətimizin gücü, qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, xalqımızın mübariz ruhu, sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacaq. Xalqımız bundan sonra da müzəffər və qurucu xalq kimi öz adını tarixin yaddaşına silinməz izlərlə həkk edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”