26 sentyabr 2023 01:15
357

Ermənistanda anti-Rusiya ovqatı güclənir

Kreml hayların nankorluğunu cavabsız qoymaq niyyətində deyil

Ermənistanda anti-Rusiya ovqatı gündən- günə güclənir. Erməni saytları bu ölkənin əleyhinə silsilə yazılar dərc edir, siyasətçilər, ziyalılar isə tez-tez Rusiyanı ittiham edən açıqlamalar verirlər. Xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyan son dövrlər anti-Rusiya çıxışlarını artıq açıq mətnlə ifadə edir. O cümlədən bu ölkə artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərindən də imtina edib. Əvəzində ABŞ-la birgə təlimlər keçirir və Avropa İttifaqı (Aİ) müşahidə missiyasına üstünlük verir. Yəni, rəsmi İrəvan Azərbaycanla sərhəddə gərginlik iddiasını ortaya ataraq hər vəchlə Aİ-nin Ermənistanda missiyasının genişlənməsinə çalışır.

Erməni mediasında yer alan xəbərlərə görə, Avropa İttifaqı müşahidə missiyası Tavuş vilayətinin İcevan şəhərində əməliyyat mərkəzi açıb. Bu barədə qurumun hesabında məlumat yerləşdirilib. Lakin bazanın hansı işləri aparacağı, hansı əməliyyatları icra edəcəyi açıqlanmır. Bu, artıq Aİ-nin Ermənistandakı üçüncü mərkəzidir, sonuncu avqust ayında Qafanda açılmışdı. Aİ-nin Ermənistandakı müşahidə missiyasının sayının artırılmasının yalnız bir məqsədi var - KTMT-dən uzaqlaşmaq, ardınca da rus qoşunlarının Ermənistandan çıxarılmasına başlamaq. Ermənistanda Rusiya və onun himayəsində olan təşkilatlara inam və etibarın minimuma düşməsinə səbəb kimi Azərbaycanla İkinci Qarabağ müharibəsində lazımi dəstəyin olmaması göstərilir. Halbuki, bu barədə KTMT-nin nizamnaməsində bənd var ki, təşkilat yalnız üzv dövlətlərin ərazisinə hücum olarsa hərbi müdaxilə etmək zərurəti yaranar.

Hətta İkinci Qarabağ müharibəsində Ermənistanın sərhəddə gərginlik yaratmaqla KTMT-ni münaqişəyə cəlb etmək kimi məkrli planı da baş tutmadı. Məhz bundan sonra Ermənistan hakimiyyəti  Rusiya və onun himayəsi ilə qurulan bir çox təşkilatlardan qeyri-rəsmi formada imtia etməyə başladı. Əvvəlcə baş nazir Nikol Paşinyanın yaxın ətrafına daxil olan məmurlar, sonra isə özü dəfələrlə bu quruma üzvlüyün əhəmiyyətsizliyini vurğuladılar. Baş nazir sonuncu müsahibəsində daha irəli gedərək bu təşkilatın Ermənistanın maraqlarını qorumaq iqtidarında olmadığını bəyan etdi.

Bəli, geosiyasi kursunu dəyişən İrəvan artıq Avropa İttifaqına daxil olan ölkələrlə yaxınlaşır, təşkilatın Ermənistan ərazisində missiyasını genişləndirməyə çalışır. Amerikalı milyarder Corc Sorosun planına uyğun olaraq ABŞ-la əməkdaşlığın genişləndirilməsi, hətta onunla birgə hərbi təlimlər keçirilməsi də bu planın tərkib hissəsidir.

Ermənistanın KTMT-dən uzaqlaşmağa çalışmasının daha bir nümunəsi bu ölkənin təşkilata hələ də nümayəndə təyin etməməsidir. Əvəzində Ermənistanın bu təşkilatdakı keçmiş xüsusi nümayəndəsi Viktor Biyaqov Haaqada xüsusi nümayəndə təyin edilib. Məlumdur ki, Rusiyanın inhisarındakı KTMT yalnız postsovet məkanında nəzarəti əldə saxlamaq üçün yaradılmayıb. Bu, həm də NATO-ya alternativ kimi yaradılıb. Rusiyada etiraf edirlər ki, uzun illər təşkilatda çalışan, onun bütün planlarından və strategiyasından xəbərdar olan Viktor Biyaqovun Avropaya göndərilməsi ermənilərin KTMT-yə vurduğu növbəti zərbədir.

 Paşinyan hakimiyyəti  bu qənaətdədir ki, Ermənistanın Rusiyadan asılılığı ən yüksək həddədir və bundan yaxa qurtarmaq lazımdır. Onun qənaətincə, Rusiyanın yerini Qərb və digər tərəfdaşlar tutmalıdır. Bir sözlə, ermənilər artıq Rusiyanı tərəfdaş kimi görmür və onu satqın hesab edirlər. Əslində Ermənistanın Rusiyadan asılılığa son qoyması heç də asan məsələ deyil. Ona görə ki,  Ermənistanın təkcə  hərbi deyil, həm də iqtisadi obyektləri də  üstünlük də Rusiyanın əlindədir. Burada ən böyük istehsalat müəssisələri hələ də Rusiyadan tamamilə asılı vəziyyətdədir. 

Bundan başqa, anti-Rusiya cəbhəsinin lideri Nikol Paşinyan,  indi eyni zamanda, Rusiyapərəst müxalif qüvvələrlə də mübarizə aparır. Yəni, bu işdə Paşinyana  sadəcə rəhbəri olduğu  azsaylı Soros komandası dəstək verir. Bütün bunların fonunda  ölkədəki Rusiyanın təsiri altında olan qüvvələr də xeyli fəallaşıblar.

Bu gün ermənilər gərgin günlərini yaşayırlar. Çünki  Ermənistan mövcud olduğu  gündən bəri ilk dəfədir ki, ağasına- forpostu olduğu Rusiyaya qarşı soyuq müharibə elan edib. Hətta yaxın gələcəkdə hayların  MDB və Avrasiya İqtisadi İttifaqından da imtina edəcəkləri gözlənilir.  Təbii ki, Rusiya da bu erməni nankorluğunu cavabsız qoymayacaqdır.

Elçin Zaman, «İki sahil»