26 sentyabr 2023 01:58
347

Makron və Kolonna ermənilərlə yarışa çıxıblar

Rəsmi Paris Cənubi Qafqazda pozuculuq fəaliyyətindən əl çəkmir və situasiyanı gərginləşdirmək istiqamətində əməllərini davam etdirir. Eyni zamanda, açıq və ardıcıl ermənipərəst siyasət yürüdür. Bu ölkə Avropa İttifaqındakı imkanlarından istifadə edərək Ermənistana hərbiləşmiş missiyanın göndərilməsinə müvəffəq oldu. Eyni zamanda, Paris diplomatik praktikada görünməmiş addıma imza atdı: Ermənistandakı səfirliyinə əlavə hərbi attaşe təyin etdi. Həmin hərbi attaşenin əsas missiyası Ermənistana Fransanın öldürücü silahlarının tədarükünə nəzarət etməkdir. Fransa bu kimi addımlarla danışıqlar prosesinə zərbə vurdu və Cənubi Qafqazda sülh prosesinə faktiki olaraq, kobud müdaxilə etdi.

İndi isə rəsmi Paris Azərbaycana qarşı total diplomatik hücuma keçib. Qeyd etdiyimiz kimi, bunun da əsas səbəbi Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri, müharibədən ötən 3 ilə yaxın dövr ərzində yeni-yeni qələbələr qazanmasıdır. Onlar bunu, sadəcə olaraq, qəbul edə bilmirlər.

İndi isə Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni əhalisinin yaşadığı hissəsində suverenliyini bərpa etmək istiqamətindəki ardıcıl səyləri, öz vətəndaşlarının ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatına yenidən inteqrasiyası yolunda inamla irəliləməsi Fransanı lap özündən çıxarıb. Başda Prezident E.Makron, xarici işlər naziri Ketrin Kolonna olmaqla, Fransa rəsmiləri sanki ermənilərdən daha artıq erməni olmaq uğrunda yarışa çıxıblar. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (TŞ) 2023-cü il sentyabrın 21-də keçirilmiş iclasında Ermənistanın və onun bəzi havadarlarının beynəlxalq hüquqa zidd, ikiüzlü və azərbaycanofob siyasətlərinin bir daha şahidi olduq.

Ümumiyyətlə, Azərbaycanın öz ərazisində apardığı lokal antiterror tədbirləri ilə bağlı Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaları onların beynəlxalq hüququn norma və prinsiplərinə, ilk növbədə isə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə qarışmama prinsiplərinə ziddir. Almaniya, Fransa və Avropa İttifaqının iclasda və ondan əvvəl nümayiş etdirdikləri mövqe bu qüvvələrin bir tərəfdən regionda davamlı sülhün bərqərar olması perspektivinin yaxınlaşmasından narahat olduqlarını, digər tərəfdən isə onların Azərbaycana və azərbaycanlılara qarşı dini və etnik nifrət əsasında ayrı-seçkiliklərini göstərir.

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna tərəfindən səsləndirilən olduqca məsuliyyətsiz açıqlamalar bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəlib.

Bu fikirlər Fransanın Avropa və xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinə qarşı görülən antiterror tədbirlərinin nəticələri ilə bağlı fikirlərinə dair Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) şərhində yer alıb.

Bildirilib ki, qeyri-qanuni erməni silahlı qüvvələrinin mümkün hərbi təxribatlarının və terror aktlarının qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən öz suveren ərazilərimizdə həyata keçirilən yerli antiterror tədbirləri, beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə reallaşdırılıb.

Fransanın Ermənistan rəhbərliyi tərəfindən erməni silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsini, hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistan baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə sentyabrın 2-də ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri separatizmin və Ermənistan daxilindəki revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil.

Fransanın BMT Təhlükəsizlik Şurasının öncəki iclaslarında Azərbaycanı təkləmək cəhdlərinin uğursuzluğa düçar olmasına baxmayaraq, bu ölkənin növbəti dəfə Təhlükəsizlik Şurasından bölgəni məhdud şəkildə anlayan siyasəti və mövcud həqiqətlərin danılması üçün istifadə etmək cəhdi təhlükəli olmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinə xidmət etmir.

“Azərbaycan heç vaxt dinc erməni sakinləri hədəf almayıb, erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası prosesini həyata keçirməyə və Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində onların hüquq və təhlükəsizliyinin təmin edilməsinə sadiqdir. Bu xüsusda, Fransanın erməni sakinlərin mövcud olmayan "kütləvi deportasiyası" ilə bağlı iddiası yalnız bu ölkənin Azərbaycana qarşı növbəti ittihamları səsləndirməsi üçün mövcudluğuna ümid bəslədiyi bir düşüncədir.

Bütün qeyri-qanuni silahlı birləşmələrin qısa zaman ərzində tam tərksilah edilməsi və çıxarılması, habelə qanunsuz qondarma rejiminin buraxılması, mərkəzi hökumət nümayəndələri ilə yerli erməni sakinlər arasında onların Azərbaycanın Konstitusiyası çərçivəsində bərabərhüquqlu vətəndaşlar kimi cəmiyyətimizə reinteqrasiyası ilə bağlı məzmunlu dialoq üçün şəraitin yaradılmasının açarıdır.

Bunun da öz növbəsində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə də müsbət töhfə verəcəyini hesab edirik.

Erməni sakinlər ilə Azərbaycan rəsmiləri arasında birbaşa dialoqun, bölgədə tərk-silah və demilitarizasiyanın praktiki baxımdan icrasına başlanılması ilə müşayiət olduğu bir vaxtda beynəlxalq ictimaiyyət, xüsusilə Fransa tərəfindən vəziyyətin dəyərləndirilməsi dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq hüququn normalarına uyğun olmalıdır”, - deyə XİN-in şərhində vurğulanıb.

Azərbaycan XİN-in də şərhindən aydın olduğu kimi, ölkəmiz hazırda ermənipərəst dairələrin siyasi təzyiqləri ilə üz-üzədir. Azərbaycan prinsipial mövqeyini ortaya qoyub, geri addım atmaq barədə düşünmür. İndiyədək buna bənzər çox hücumlarla üzləşmiş dövlətimiz dəqiq hesablanmış addımlarla bu təzyiq dalğasını da boşa çıxaracağına əmindir. Son günlər Azərbaycanın müdafiə mövqeyindən intensiv hücum taktikasına keçməsi də məhz bu hədəfə nail olmağa hesablanmışdı.

Nigar Orucova, “İki sahil”