24 sentyabr 2023 17:31
96

Ermənistanın Azərbaycana qarşı məqsədyönlü və planlı terror siyasəti

Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.

Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərinin 24 saat sonra dayandırıldığını bəyan edib.

Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib. Qarabağdakı tanınmayan hakimiyyət silahı yerə qoyaraq təslim olmağa və Azərbaycanın şərtləri altında Yevlax şəhərində görüşməyə hazır olduğunu bildirdi. Azərbaycan Yevlax şəhərində görüşü bir neçə aydır ki, təklif etsə də, Qarabağ erməniləri belə bir görüşün üçüncü ölkə ərazisində keçirilməsini tələb edirdilər. Artıq Yevlaxda ilk görüş keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində separatçıların Bakının şərtlərini qəbul etməyə məcbur vəziyyətə gəldiyini, Qarabağda yaşayan erməni əhalinin tezliklə yaxşılığa doğru dönüşü görəcəyini vurğulayıb.

Azərbaycanın Ermənistan üzərindəki möhtəşəm Qələbəsinin, yəni Vətən müharibəsi səviyyəsində olan bir Zəfərin üçüncü ildönümündə yenidən Ordumuz bizə qələbə sevinci yaşatdı. Bu dəfə Ermənistanın tör-töküntülərini ilə üz-üzə gəldik. Elə məqamlar var ki, o, tarix adlanır. Elə məqamlar da var ki, o, tarixdən sonrakı dövr kimi qiymətləndirilir. Ermənistan öz məğlubiyyəti ilə barışmaq istəmədi və daha böyük bir məğlubiyyətə düçar oldu. Bundan sonra da Ermənistan nə vaxt, belə bir fikrə düşsə, yenə də cəzasını alacaq.

1990-cı illərin əvvəllərində Sovetlər Birliyi çökəndən sonra onun tərkibindəki bütün xalqlar azadlıq aldılar, müstəqillik qazandılar. Amma hər xalq bu müstəqillikdən bir cür nəticə çıxartdı. Azərbaycanda müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkədə müəyyən hərc-mərclik hökm sürürdü. Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmiz xilas oldu və tədricən çox güclü bir ölkəyə çevrildi. Dövlətimiz bu gün güclü, qüdrətli dövlətə çevrilib. Amma Ermənistan hansı vəziyyətə düşdü? Ermənistan tipli dövlətlərin müstəqil yaşamaq imkanı yoxdur. Bu cür xalqlar mütləq hansısa bir dövlətin tərkibində olmalıdırlar. Ermənistanın müstəqillik illəri bu ölkənin əhalisinin sayının 2 dəfə azalması ilə müşayiət olundu.

Amma belə görünür ki, 44 günlük məğlubiyyətdən sonra 24 saatlıq məğlubiyyətə də ehtiyac var imiş. Belə məğlubiyyət hələ heç vaxt tarixdə görünməyib. Bu qələbəmiz sadəcə Azərbaycan dövlətinin öz ərazi bütövlüyü ilə bağlı apardığı tarixi mübarizənin nailiyyəti deyil. Eyni zamanda, bu yanaşmanı dəstəkləyənlərə bir dərsdir. Ermənistan da, havadarları da dərs götürsələr, yaxşı olar. Belə münasibət heç vaxt tarixdə bağışlanmır. Bununla möhkəm bir məntiq sübut edir ki, bu dünyada haqq və ədalət var, bunun qarşısını almaq mümkün deyil.

Təranə Paşayeva,
YAP Xətai rayon təşkilatında məsləhətçi