26 sentyabr 2023 02:59
334

Qarabağın məşhur Amaras məbədi: Erməni mifi və real tarix

1992-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi tarixi və mədəniyyət abidələrimizin bir qisminin dağıdılmasına, bir qisminin isə mənimsənilməsinə səbəb oldu. Azərbaycan ərazilərindəki xristianlığa qədər və xristianlıq dövrü abidələrinin formalarının dəyişdirilməsi üzərində işləməyə Ermənistandakı beynəlxalq səviyyəli institutlar cəlb edildi. 28 il Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərində 20 yeni erməni kilsəsi inşa olundu, 50-dən çox xristian dövrü abidəsinin formaları dəyişdirildi. İşğal dövrünə dair bütün tarixi həqiqətləri inkar edən Ermənistan hökuməti xristianlıq amilindən istifadə edərək bu tipli abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək erməniləşdirdi. Ermənistan hökuməti azərbaycanlıların torpaqlarını erməni milləti üçün əbədiləşdirmək, eyni zamanda, bu torpaqların erməni millətinə məxsusluğunu “sübut” etmək üçün alban dövrü abidələrinin forma və məzmununda dəyişiklik edərək şəkillərini çəkib, beynəlxalq təşkilatları inandırmaq üçün məqsədli şəkildə davamlı təbliğat kampaniyası aparırdılar.

Azərbaycanın 44 günlük Vətən müharibəsi də tarixi qələbəsindən sonra ermənilər ərazilərimizdə yaratdıqları bu saxta “sübut və dəlillər”in dağıdılacağından qorxuya düşərək, UNESCO-ya müraciət ünvanlayaraq Azərbaycandakı tarixi xristian dövrü abidələrinin “dağıdılması”nın “qarşısını almağa” çağırış etdilər. Qarabağdakı, həmçinin Laçındakı, Kəlbəcərdəki, eləcə də ətrafdakı alban məbədlərinin, monastırlarının hamısı Azərbaycanın tarixi irsidir. Həmişə belə olub, bundan sonra da belə olacaq. Bu monastırların 30 il işğalda qalması və memarlıq quruluşunun dəyişdirilməsi, fasadlarına süni şəkildə erməni xaçlarının yerləşdirilməsi o demək deyil ki, bu kilsələr “erməni” kilsələridir. Bu tarixi faktı qəbul edə bilməyən ermənilər hələ də yalandan hay-küy salırlar. Panorama.am-ın məlumatına görə, “Həyat üçün ölkə” partiyasının nümayəndəsi Mesrop Arakelyan Amaras məbədinin Azərbaycanın nəzarətinə keçdiyini yazıb. Arakelyan üzdəniraq yazısında erməni xislətinə uyğun ifadələrdən istifadə edib. Arakelyan və onun kimiləri unudurlar ki, onların yaşadıqları Qarabağ torpaqları Azərbaycanın suveren ərazisidir və oradakı bütün abidələr, məbədlər bu dövlətin tarixi irsidir. Amaras məbədi də həmçinin.

Məlumat üçün qeyd edək ki, Amaras monastırı Xocavənd rayonunun Cütcü kəndi ərazisində yerləşən xristian alban monastırıdır. Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət edilmiş ən müqəddəs məbədlərdən biri olmaqla, yaxın vaxtlara kimi yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilmişdir. Həmçinin Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olmuşdur. Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir. Tarixi araşdırmalar da sübut edir ki, Amaras məbədinin ermənilərlə heç bir bağlılğı olmayıb, onlar yalnız işğal dövründə bu abidələrə sahibləniblər. Bunu bəzi erməni arxeoloqlar da sübut edib.

1918-1919-cu illərdə Qarabağda aparılmış arxeoloji ekspedisiya zamanı erməni alim-şərqşünas və arxeoloq İosif Orbeli Qarabağdakı monastır və kilsələri tədqiq edib. Tədqiqatlarının nəticəsi olaraq o, 1919-cu ildə Petroqradda (indiki Sankt-Peterburq) “Gəncəsər və Havotsptuk yazıları” adlı kitabını nəşr etdirib. Müəllif kitabda Gəncəsər monastırının divar plitələri üzərindəki yazılardan danışır. Bəs erməni alim hansı nəticəyə gəlib? Birincisi, ona aydın olub ki, XIX əsrdə Qarabağdakı monastırların və kilsələrin əvvəlki divar təsvirlərinin əksəriyyəti erməni alimlər tərəfindən saxtalaşdırılıb. “Oxunuşla bağlı onlarla razı deyiləm. Mən köhnə araşdırmaçıların səhvlərini düzəltməyə çalışdım”, - deyə Orbeli kitabında açıq şəkildə bildirir. İkincisi, o, düzgün təsviri sayəsində təsdiqləyib ki, XVIII əsrin əvvəlində Alban Apostol Kilsəsi erməni kilsəsindən asılı olmayıb, yəni, o, avtokefal (müstəqil) olub. Məlum olduğu kimi, xristian kilsəsinin ənənəsinə görə, patriarx ölkənin ən ali dini şəxsi, müstəqil (avtokefal) kilsənin rəhbəridir. Bunu başa düşən erməni alimlər son 160 ildə bu cümləni tərcümə edərkən “patriarxlıq” sözünü qəsdən buraxıblar. Üçüncüsü, Orbeli aşkar edib ki, Qarabağda yerləşən monastırların xarici divarlarının daş plitələri üzərindəki yazılarda çox sayda türk sözləri, bölgənin hökmdarlarının, onların xanımlarının, ruhanilərin türk adları qeyd olunub. Onun fikrincə, bu, Orta əsr alban irsində türk mədəniyyətinin əhəmiyyətli rolunu, qədim Qarabağın, o cümlədən bu monastırın tarixində türk elementinin rolunu göstərir. Nəhayət, ən əsası, monastırların divar plitələri üzərindəki yazıları təsvir edərkən İosif Orbeli heç yerdə “Ermənistan” və ya “erməni” sözlərinə rast gəlməyib. Xüsusilə onun tapdığı və tərcümə etdiyi “Albaniya ölkəsinin müqəddəs Gəncəsər taxtında” cümləsi (paraqraf 39, səhifə 18) bu tarixi faktı təsdiqləyir ki, bu monastır Ermənistanın deyil, qədim Azərbaycanın, “Alban ölkəsi”nin dini mərkəzi olub.

Qeyd etmək vacibdir ki, 1918-1919-cu illərdə Orbeli tərəfindən tapılmış və tərcümə edilmiş divar yazılarının turistlər tərəfindən çəkilərək internetə yerləşdirilən müasir fotoşəkilləri ilə müqayisəsi göstərir ki, ötən əsrdə və xüsusilə də 1993-2020-ci illəri əhatə edən Qarabağın işğalı dövrü ərzində bu məbədin xarici daşlarının, daxili lövhələrinin 50faizə qədəri yeni yazıları olan yeni lövhələrlə əvəz edilib. Əlbəttə, bu dəyişikliklər məbədlərin tarixinin erməniləşdirilməsi, Alban kiləsinin və dövlətinin müstəqilliyini sübut edən yazıların məhvi məqsədilə həyata keçirilib.

Sevinc Azadi, “İki sahil”