25 sentyabr 2023 17:35
396

Azərbaycan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, tərəqqinin qarantına çevrilib

2020-ci ildə – Vətən müharibəsində cəmi 44 gün ərzində Tarixi Qələbə qazanmaqla dünya hərb tarixinə öz zəfər möhürünü vuran Azərbaycan müharibədən ötən 3 il ərzində müdafiə qüdrətini, hərbi potensialını artırmaqla paralel olaraq siyasi, diplomatik, iqtisadi triumfları ilə də dünyada söz, nüfuz sahibinə çevrildi. Azərbaycan bu Tarixi Qələbə ilə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən, 30 il ərzində kağız üzərində qalan dörd qətnaməsinin icrasını hərbi-siyasi qüdrəti ilə özü reallaşdırdığı kimi, müharibə sonunda imzalanan üçtərəfli Bəyanatın reallaşdırılması məsuliyyətini və ağırlığını da öz üzərinə götürmüşdür. Belə ki, postmüharibə dövründə də ölkəmiz eyni siyasi prinsipiallıq və qətiyyətlə, bütövlükdə, Cənubi Qafqazda sülh və qarşılıqlı əməkdaşlığın qarantı missiyasını uğurla həyata keçirməkdədir.

Sülhsevərlik etalonu

Azərbaycan sülhsevər siyasətinə sadiq qalaraq  Cənubi Qafqazın lider dövləti kimi qalib və diktəedən tərəf olaraq bədnam Ermənistana dəfələrlə sülh çağırışları etmişdir. Nəticə etibarilə, Brüsseldə, Soçidə, Moskvada, Vaşinqtonda, habelə digər şəhərlərdə keçirilən görüşlərdə Ermənistan qismən də olsa, sülhə meyillənməyə  məcbur edildi. lakin daxili erməni revanşist qüvvələri və Fransa kimi ikili standartlardan əl çəkməyən ermənipərəst dövlətlər, həmçinin qərəzli beynəlxalq təşkilatlar bu ölkəni sülh masasına oturmaqdan boyun qaçırmağa, yeni təxribatlar törətməyə sürükləyirdi. Prezident cənab İlham Əliyevin 20 sentyabr tarixdəki xalqa tarixi müraciətində də vurğulandığı kimi, Azərbaycan Cənubi Qafqazın sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsi üçün mühüm təşəbbüslər göstərir, lakin regionda marağı olan dairələr buna hər tərəfdən mane olmağa çalışırlar.10 noyabr Bəyannaməsinin müddəalarından biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması olsa da, Ermənistan buna riayət etməyərək müharibədən sonra da öz silahlı qüvvələrini Azərbaycan ərazisində saxlayır, onları maliyyələşdirir və hərbi texnika yardımı ilə dəstək göstərirdi. Qarabağda illərdir, 10 min qanunsuz erməni əsgərinin kök salmasının nəticəsidir ki, son zamanlar Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz intensiv şəkildə atəşə tutulur, ərazilərimizin, xüsusilə də mülki təyinatlı yolların terror məqsədilə minalanması davam etdirilir, səfərbərlik, mühəndis-istehkam təkmilləşdirilməsi, kəşfiyyat tədbirləri, bir sözlə, döyüşə hazırlıq prosesləri aparılır, mənfur düşmənin sanki kapitulyasiya rüsvayçılığını unutduğunu, yenidən keçmiş işğalçılıq xülyalarına qapıldığını sərgiləyirdi. Ermənistan silahlı qüvvələrinin Qarabağ iqtisadi rayonunda mövcudluğu – 30 illik həsrətdən sonra işğaldan azad edilən ərazilərdə coşqun həyatın yenidən qayıtmasına, dünyanı heyran qoyan sürət və enerji ilə bərpa-quruculuq işləri aparılmasına, əhalinin öz ata-baba yurdlarında min bir həvəslə yeni həyata başladığı, dövlətimizin müharibə deyil, asayiş və tərəqqi proseslərinə kökləndiyi bir dövrdə  mülki vətəndaşlar və və hərbçilərimiz üçün əsl təhlükəyə çevrilmışdi. Erməni separatçılarının Xocavənd rayonu ərazisində basdırdıqları tank əleyhinə minaya düşən iki avtomobilin partlaması nəticəsində 2 mülki şəxs və 7 polis əməkdaşının həlak olması, artıq Azərbaycanın öz ərazisində onun vətəndaşlarına qarşı törədilən mina terrorunun həddini aşması postmüharibə dövründə yüksək siyasi təmkin və dözümlülük göstərən Azərbaycanın səbrinin son damlasını daşırmış oldu. Regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olan erməni terrorçu qruplaşmalarının tərk-silah edilməsi Azərbaycanın öz vətəndaşlarının təhlükəsizliyini qorumaq, konstitusiya quruluşunu, suverenliyini bərpa etmək üçün tədbirlər görməsi artıq qaçılmaz zərurətə çevrilmişdi.

Gün var əsrə bərabər…

Tarix bir daha sübut etdi ki, idrakla gücün vəhdəti, güclü dövlət, milli həmrəylik, hərbi siyasi qüdrət olduqda xalqların, dövlətlərin sonrakı taleyini, müqəddaratı həll etməyə bir gün belə kifayət edir. Siyasi-tarixi əhəmiyyəti ilə əsrə bərabər sayılası bir gün… Sentyabrın 19-da Azərbaycanın başladığı antiterror əməliyyatları da milli tariximizə ən qısa zaman kəsiyində qazanılan qələbə səhifəsi olaraq yazıldı. Dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan öz suverenliyini bərpa etdi.  Həyata keçirilən antiterror tədbirləri nəticəsində 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli mövqelər Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürüldü. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan Vətən müharibəsindəki Böyük Zəfərdən arxayınlaşmamış, sonrakı dövrdə də ordumuzun daha da təkmilləşdirilməsinə, müasir silahlanma, yeni hərbi texnika ilə təchiz olunmasına, döyüş peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət göstərilmişdir. Son illərdə yaradılan müxtəlif təyinatlı yeni hərbi birliklər böyük hərbi peşəkarlıq, düzgün taktika nümayiş etdirərək dağlıq, meşəlik və yaşayış məntəqələrində müasir silah və texniki vasitələrdən istifadə etməklə qısa zamanda, minimum itki ilə Qarabağımızdakı  terror yuvasını, qanunsuz kriminal xunta rejimini darmadağın etdi. Özü də buna  mülki əhaliyə və infrastruktura zərər vurulmadan nail ola bildi. Prezident cənab İlham Əliyev də xalqa tarixi müraciətində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət və peşəkarlığını kimi yüksək qiymətləndirmişdir.         

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa qələbə müjdəli tarixi müraciətini diqqətlə nəzərdən keçirdikdə görərik ki, 24 saata yaxın lokal antiterror tədbirlərinin hər saniyəsi hərbi-strateji baxımdan zərgər dəqiqliyi ilə hesablanmışdı. Prosesə bilavasitə rəhbərlik və nəzarət edən Ali Baş Komandanın özünün də dediyi kimi, bu tədbirlər zamanı mülki insanların qorunması məsələsi ən mühüm prioritetlərdən biri kimi qarşıya qoyulmuşdu. Bu Azərbaycan humanizminin, beynəlxalq hüquqa, humanizm prinsiplərinə, demokratik ənənələrə sadiqliyin növbəti nümayişidir. Bu, həm də erməni və ermənipərəst əleyhdarlarımızın sonrakı anti-Azərbaycan siyasi hücumlarını puça çıxarmaq, bədxah niyyətlərini gözlərində qoymaq demək idi. Nəticədə, bir gün əvvəl meydan oxumaq niyyətinə düşən separatçı qanunsuz birləşmə, təxminən, 24 saata darmadağın edilərək Azərbaycan tərəfinin şərtlərini qeyd-şərtsiz qəbul etməyə, ağ bayraq qaldırmağa məcbur edildi. Bu ağ bayraq siyasi mahiyyət etibarilə təkcə həmin separatçı qüvvələrin deyil, ümumilikdə, Ermənistanın, uzaqda, Avropada yerləşən bütün ermənipərəst havadarların təslim olmasının  rəmzi idi. Qarabağın erməni sakinləri sentyabrın 21-də Yevlax şəhərinə vaxtilə boyun qaçırdıqları görüşə məğlubiyyət boyunduruğu altında, ağ bayraqla gəldi.

Dosta və düşmənə sözə sadiqlik örnəyi: “Bizim sözümüz imzamız qədər dəyərlidir!”

Azərbaycan şərtləri qəbul olunduğu üçün hərbi tədbirləri dayandırdı, sentyabrın 20-də saat 13:00-da atəşkəs elan edildi. Azərbaycan Respublikası Prezident Administrasiyasının dəvəti əsasında sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə görüş keçirildi. Konstruktiv mühitdə keçirilən, nəticə etibarilə, müsbət dəyərləndirilən, sonrakı effektiv danışıqların, görüşlərin təməli ola biləcək görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparıldı, qarşı tərəfə reinteqrasiya üzrə planlar təqdim edildi. Bir nüansa da diqqət etmək yerinə düşər ki, görüşdə sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Hər iki ölkəni, tərəfləri müqayisə etmək üçün yaranan paradoksal vəziyyət: bir tərəfdə güclü dövlətə, qüdrətli, dayanıqlı iqtisadiyyata malik Azərbaycan, digər bir tərəfdə öz ölkəsində baş alıb gedən qanunsuzluq, cinayətkarlıq, iqtisadi böhranlar, çətinliklər içərisində məhv olmaqda olan Ermənistanın və onun “yaşatdığı” erməni sakinlər. Azərbaycanın Qarabağ erməniləri 30 il ərzində qondarma Qarabağ dövlətinin, “prezident”inin yağlı vədlərinə aldandıqları üçün bu qədər sosial problemlər içərisində boğulurdusa, Azərbaycan 3 ildir ki,  işaldan azad olunan ərazilərində dünyanı heyrətə gətirəcək dərəcədə sürətli və geniş miqyasda quruculuq işləri aparır. Təkcə bir faktı  xatırladaq ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər, təqribən, 7 milyard ABŞ dollarına bərabər olacaq. Özü də bütün bunları Azərbaycan heç kimdən asılı olmadan, öz daxili imkanları hesabına həyata keçirir. Bu özü dövlətimizin siyasi qələbəsi, iqtisadi qüdrətinin nümayişi idi ki,  Qarabağda yaşayan ermənilər artıq normal həyata dönüş üçün yeganə nicat yollarının xunta hakimiyyətində, Ermənistanda və onların havadarlarında deyil, əsl həqiqətdə vətəndaşı olduqları, mənsub olduqları hüquqi  dövlətdə axtarmalı olduqlarını dərk etməyə başlamışdılar.

Azərbaycan isə qarşı tərəfin tam əksinə olaraq sözünə sadiqliyini, mülki vətəndaşlarla deyil, yalnız terrorçular və separatçılarla mübarizə apardığını bir daha bütün dünyaya bəyan etdi. Qarabağdakı erməni sakinləri ərzaq, su və istiliklə təmin edilməyə başlanılıb, Ağdam-Xankəndi yolu ilə yanacaq göndərib Azərbaycanda fəaliyyətinə tam şərait yaradılan, yerli hökumət tərəfindən dəstək göstərilən Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağa Laçın yolu ilə təkcə ötən şənbə 70 tonluq humanitar yardım daşındığını, tibbi təxliyə həyata keçirildiyini bildirib.

Blokada sitəmi, şoubazlıq, yoxsa Qafqazın barıt çəlləyi?

Qarabağın hərbi birləşmələrinin döyüş mövqelərindən geri çəkilməsi antiterror əməliyyatın uğurlu nəticəsi kimi bir sıra mühüm siyasi həqiqətləri də gün üzünə çıxardı. Hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunmuş razılaşmalara uyğun olaraq Qarabağın silahlı qüvvələri Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsini davam etdirib. Sentyabrın 24-dək 6 ədəd zirehli texnika, 1,2 mindən çox atıcı silah, tank əleyhinə silahlar və daşınan zenit raket kompleksi, 130 minə yaxın döyüş sursatı təhvil verilib. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu günlərdə  tərk-silah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlər olduğunu “X” sosial şəbəkəsində yazmaqla bildirib ki, Qarabağda üçgünlük tərk-silah prosesi göstərdi ki, bu bölgə işğal dövründə hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barıt çəlləyinə çevrilib.

Qanunsuz kriminal xunta rejiminin və onun havadarı Ermənisanın idarə etdiyi silahlanmaya, silah-sursat dolu kadrlara baxdıqca insanın bir anlıq damarlarında qanı donur: bütövlükdə insanlığın qəniminə çevrilən bu vandalların xalqımıza qarşı törədəcəyi daha böyük, dəhşətli faciələrin qarşısının alındığı üçün bir daha  dövlət və ordumuzun qüdrəti ilə qürur duyursan. Bu silahlanmanın üzə çıxarılması “məzlum” ermənilərin humanitar məqsədli Laçın dəhlizindən hansı məqsədlər üçün istifadə etdiyini, haradan və hansı “humanitar yardım”ların  buraya axışdığını, Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə əlaqədar bölgədə “gərgin humanitar vəziyyət”in yaranma səbəblərini bir daha bütün dünyanın gözü önündə sərgilədi. Blokada sitəmi ilə fəryad edib aclıq aksiyasına qalxmanın, “Spayka” şousu göstərməyin, əslində, siyasi manipulyasiya olduğu bir daha ifşa edildi,  ermənilərlə yanaşı onların Fransa kimi qahmarlarının da iç üzünü ifşa etdi, sonrakı məkrli niyyətlərini heçə-puça çıxardı. Cənab Prezidentin də xalqa müraciətində vurğuladığı kimi:

Sarsılmaz birliyin, ənənəvi həmrəyliyin daha bir nümunəsi

Azərbaycanın lokal xarakterli antiterror əməliyyatı dünyada böyük rezenans doğurmaqla Azərbaycan daha bir əhəmiyyətli beynəlxalq siyaisi qələbəsi olduğunu təsdiqlədi. Pakistanın Azərbaycanın ərazi bütövlüyünü və suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləməsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Azərbaycanın ərazi bütövlüyünün qorunmasına verilən dəyər, Gürcüstan ictimaiyyəti Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini dəstəkləməsi, ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycri Prezident cənab İlham Əliyevə təbrik məktubu göndərməsi, bu hadisənin dünya mediasınıda geniş və obyektiv işıqlandırılmasını və digər müsallar da çəkmək olar. BMT tribunasında Azərbaycanın antiterror əməliyyatlarına obyektiv münasibət isə, təbii olaraq, Azərbaycanın ən yaxın və sadiq tərəfdaşı Türkiyənin dilindən səsləndi.

Azərbaycan və Türkiyənin həm də strateji müttəfiq olaraq beynəlxalq təşkilatlarda bir-birimizin haqlı mövqeyini müdafiə etməsi artıq ənənə formasını alıb. Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımlara dəstək ən ali kürsüdən – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışı zamanı səsləndirərək Ermənistanın addımlarını bir daha şiddətlə qınayıb. Türkiyə Prezidenti Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaqla verdiyi sözləri yerinə yetirməyə çağırış etməklə onların qeyri-stabilliyini, beynəlxalq hüquq prizmasında etimadsızlığını ali kürsüdən bəyan etdi. “Artıq hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa bir statusun zorla qəbul etdirilməsi əsla qəbul olunmayacaq” qətiyyəti bir daha vuğulandı. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə sosial şəbəkə hesablarında paylaşımda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü ifadə etməklə bildirdi ki, “Siz də, mən də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan “Bir millət, iki dövlət” kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq”.

Zəngəzur dəhlizinə doğru addım-addım…

Azərbaycan cəmi bir gün ərzində qazandığı mühüm hərbi-siyasi uğuru ilə 3 il əvvəl Vətən müharibəsi nəticəsində kapitulyasiyaya uğradılan Ermənistana daha ciddi zərbə oldu. Vaxtilə Azərbaycanla “şərt dili ilə danışan”, 44 günlük müharibədə qazanılan Tarixi Qələbə və dövlətimizin müharibədən sonrakı konstruktiv xarici siyasi xətti, informasiya strategiyasının düzgün müəyyənləşdirməsi nəticəsində Ermənistan artıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir. Ölkə başçımızın tarixi müraciətində də vurğuladığı kimi, hətta bizim ərazimizin ölçülərini də dilə gətirir. Azərbaycanın hərbi-siyasi uğuru – erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması isə onu deməyə əsas verir ki, sıra 10 noyabr Bəyannaməsinin həllini gözləyən digər bir müddəasının – Naxçıvana çıxışın təmin edilməməsinin reallaşmasına, Zəngəzur dəhlizinin açılmasına  gəlib. Zəngəzur dəhlizi təkcə Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir. Onun istifadəyə verilməsi ilə tarixi Azərbaycan torpağı Zəngəzur Türk dünyasını birləşdirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda Azərbaycanı regionun əsas nəqliyyat qovşaqlarından birinə çevirəcək, eyni zamanda Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu məsələ Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Bu dəhlizdə tək avtomobil yolu deyil, paralel olaraq Naxçıvanla birləşən keçmiş dəmir yolu bərpa olunacaq,  boru və qaz kəmərləri açılacaq.  Gələcəkdə Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər Qərb dövlətlərinə çıxmaq imkanı yaradacaq. Beləliklə, Zəngəzur dəhlizinin açılması Azərbaycanın siyasi-strateji mövqeyini xeyli yüksəltməklə onun iqtisadi qüdrətini əhəmiyyətli dərəcədə artıracaq, eyni zamanda logistik mərkəz kimi Naxçıvanın da inkişafına mühüm təkan vermiş olacaq. Günü-gündən daha da ağırlaşan siyasi-iqtisadi tənəzzülü, hərbi məğlubiyyəti ilə məhvə məhkum olan Ermənistan isə normal siyasi-iqtisadi tərəfdaşlığa qayıtmaq naminə bu dəhlizin işə düşməsinin daha çox bunun tərəfdarı olmalıdır. Lakin, təəssüf ki, türk dünyasının bu uğurunu da həzm edə bilməyənlər hər vəchlə hələ də buna mane olmaqdadırlar. Lakin dövlətimizin başçısının siyasi qətiyyətlə dediyi “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır” fikirlərinin realaşacağı mütləq və labüddür. 

Azərbaycan son siyasi-hərbi uğurları ilə erməni revanşistləri, onun uzaqdakı havadarları siyasi təfəkkürdə, məfkurə və mənəviyyatda (təbii ki, əgər bunlar mövcuddursa) birdəfəlik kapitulyasiyaya uğratmaqdadır. Azərbaycan ilə Ermənistanın dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin qoyulması postmünaqişə dövründə mühüm mərhələ kimi şəraiti əhəmiyyətli dərəcədə dəyişdi. Ağdam-Xankəndi yolu Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir.

Avqustun 16-da BMT Təhlükəsizlik Şurası (TŞ) İrəvanın təklifi ilə Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin, guya,  “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün keçirilən iclasda ermənilərin “humanitar fəlakət”, “soyqırımı” və “etnik təmizləmə” kimi uydurduğu yalanlar dünyanın ən mötəbər qurumunda birmənalı şəkildə ifşa edilməsi Azərbaycanın həm daxildə, həm də BMT çərçivəsində çevik, uğurlu diplomatik və siyasəti nəticəsində Ermənistanın, sözün əsl mənasında, diplomatik fiaskoya uğraması demək idi.

Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlər nəticəsində siyasətdə qeyri-müəyyənlik və qeyri-stabillik, müəyyən vaxt əldə etməyə nail olub yenidən düşmən mövqe sərgiləyən Ermənistanı daha bir siyasi kapitulyasiyaya uğratdı. Bunun ən real nümunəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Təhlükəsizlik Şurasında çıxışı zamanı iclas zalını tərk edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın demarşı – beynəlxalq aləmin ədalət mühakiməsindən yayınması, utancverici siyasi rəzalətə tab gətirə bilməməsidir. Azərbaycan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Qarabağda yaşayan erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciət edənlərin sayının artması da artıq onlar arasında güclü, etibarlı, vətəndaşının konstitusiya hüquqlarını təmin edə biləcək, yağlı vədlərlə aldatmayıb  real dinc yaşayış şəraiti yaradacaq dövlətə sığınmaq meyilləri yaranması da siyasi qələbəmizin bir faktorudur.  Ən əsası isə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tanıması sülh sazişinin bağlanmasını reallaşdıracaq daha bir addım oldu. Qarşıda isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi strateji hədəflər var: “İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq”.

Dövət başçımız xalqa növbəti tarixi müraciətində dünyada qazandığı qalib və qətiyyətli siyasi lider nüfuzuna söykənərək Cənubi Qafqazın sülh və inkişaf konsepsiyasını açıqladı, sülhə, təhlükəsizliyə, birgəyaşayışa, insanlığa və gələcəyə doğru hədəfləri bəyan etdi: “Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət, sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq… Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!”  Bu həm də Azərbaycan Prezidentinin hələ 2022-ci ilin oktyabrında Gürcüstana səfəri zamanı regional əməkdaşlığın üçlü Qafqaz formatını, yəni “Qafqaz evi” ideyasının reallaşdırılması istiqamətində atılan real addım idi.

Azərbaycan Müstəqilliyin Bərpası Günü ərəfəsində öz suverenliyini, tarixi ədaləti bərpa etməklə dövlətçilik tariximizə yeni qalibiyyət möhürünü vurdu. Bu qələbə nəticəsində Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin yüzillik yubileyini ən layiqli töhfə ilə dahi Azərbaycanlının Qarabağlı Azərbaycan ideyasını, vəsiyyətini gerçəkləşdirməklə qeyd etdi. Xalqımız Ata vəsiyyətinə, siyasi irsə sahibliyin daha bir örnəyinə şahidlik etdi. Bu, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda şərəfli mübarizədə canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinə böyük ehtiram abidəsi idi. Bu həm də Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərliyinin  20 illiyinin tamamında siyasi fəaliyyətində nəyi, necə, nə vaxt etmək lazım olduğunu bilmək siyasi müdrikliyinin, siyasi liderliyinin zivəsi oldu: “…o gün uzaqda deyil – Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Mehriban SULTAN,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti