23 sentyabr 2023 01:15
293

Fransa regiondan nə qədər uzaq olsa, bir o qədər yaxşı olar

Axı, səndən soruşan oldumu ki, bu gün ayın neçəsidir?

Özünü “demokratik” ölkə kimi təqdim edən Fransa istər müharibədən əvvəl, istər İkinci Qarabağ savaşı dönəmində,  istərsə də postmüharibə dövründə Ermənistanın regionda sülhə və təhlükəsizliyə ciddi zərbə vuran davranışlarına, manipulyasiya cəhdlərinə haqq qazandırır, öz aləmlərində bu addımlarını “doğru” hesab edirlər.  

Fransanın son illərdəki təəssübkeşliyinə  aid bir neçə faktı yada salmaq kifayətdir. Müharibədən sonrakı dövrdə də Fransanın hakimiyyət orqanları, ayrı-ayrı siyasətçilər Azərbaycana qarşı qondarma ittihamlar səsləndirməkdə davam etdirlər. Fransa Senatı, Milli Assambleyası beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın ərazi bütövlüyünə və və suverenliyinə hörmətsizlik nümayiş etdirdilər, qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyini“ tanımağa çağıran qətnamələr qəbul etdilər. Fransada prezident seçkiləri dövründə namizədlər və onları dəstəkləyən bir sıra siyasətçilər gizli şəkildə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisinə qeyri-qanuni səfərlər etdilər.  

Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Fransa Senatı qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyinin” tanınması barədə qətnamə qəbul etmişdi. Aradan iki il vaxt ötüb. Dəyişən isə heç nə yoxdur. Məlum qətnamə Senatın arxivində toz basmaqdadır. “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyi” isə dünya çapında ümumiyyətlə yada düşmür, müzakirə predmeti deyil və bundan sonra da belə olacaq.

Ölkənin siyasi hakimiyyətinin verdiyi siqnallardan ruhlanan Fransa Senatı və Milli Assambleyası ötən ilin sonlarında respublikamıza qarşı yeni qərəzli qətnamələr qəbul etdilər.  Bu qətnamələrdə Avropanın enerji təhlükəsizliyində getdikcə daha çox yer alan Azərbaycana qarşı sanksiyaların tətbiq olunması və digər cəfəng iddialar yer alırdı. Fransa bir böyük bacı kimi Ermənistanın başını sığallamaq cəhdini növbəti dəfə Tunisin Cerba şəhərində baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində nümayiş etdirdi. Nə qədər qəribə görünsə də, fransız dilinə və mədəniyyətinə aid olan bir tədbirdə yenə də  bu dillə yaxın, uzaq heç bir əlaqəsi olmayan təcavüzkar Ermənistanın siyasi ambisiyalarının müzakirə predmetinə çevrilməsinə cəhdlər göstərilib. Lakin qurumdakı Azərbaycana dost dövlətlər tədbirin qətnamə layihəsinə yer alan ölkəmizə qarşı müddəalara kəskin etirazlarını bildiriblər. Bununla da qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməyib.

Fransaya üzqaralığı gətirən belə faktların siyahısını uzatmaq da mümkündür. Bu ölkənin BMT Təhlükəsizlik Şurasındakı (TŞ) rəzaləti isə bədnam faktların siyahısında xüsusi yer tutur. Fransanın ötən ilin dekabrında BMT TŞ-da Azərbaycan əleyhinə sənəd qəbul etdirməyə çalışması bu ölkənin Cənubi Qafqazda sülhyaratma prosesinə hansı niyyətlə qoşulmaq istəyini bir daha ortaya qoydu. Yenə də Azərbaycanın beynəlxalq səviyyədə apardığı uğurlu diplomatik fəaliyyət Paris-İrəvan tandeminin cəhdlərini darmadağın etdi. Bu proses sözün əsl mənasında Fransa üçün böyük rüsvayçılıqla nəticələndi. BMT TŞ-nın daimi üzvü və dekabr ayında TŞ-nın sədri statusunu daşıyan Fransa bütün resurslarını səfərbər etsə də, Azərbaycan əleyhinə olan sənədi qəbul etdirə bilmədi. Halbuki Emmanuel Makronun komandası bədnam sənəd üzərində günlərlə gecə və gündüz çalışmışdı.

Fransa və Ermənistan bacıları növbəti BMT TŞ rəzalətini cari il avqustun 16-dayaşadılar. Təhlükəsizlik Şurasının bəhs olunan iclası Ermənistanın Qarabağda “yaşanan” “humanitar böhran” iddiası əsasında baş tutdu. Əlbəttə ki, daim bu ölkənin  yanında yer alan Fransanın dəstəyi ilə. Müzakirələrin sonunda isə hər iki ölkənin gözləntiləri puç oldu. İclasda ölkəmizə qarşı heç bir sənəd qəbul olunmadı. Əksinə müzakirələr respublikamızın prinsipial yanaşmasına hörmət ruhunda keçdi.

Fransa BMT TŞ-nın bundan əvvəl keçirilən iclaslarında üzləşdiyi rüsvayçılıqlardan nəticə çıxarmayaraq  Azərbaycanın konstitusiya quruluşunu bərpa etmək məqsədilə Qarabağ bölgəsində apardığı lokal antiterror tədbiri ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının  iclasının çağırılmasını istəyib.  Fransa bəyanat yayaraq Azərbaycanın Qarabağda antiterror tədbirlərini aparmasını qəti şəkildə pislədiyini bildirib.Göründüyü kimi, Emmanuel Makron və onun komandasında yer alanlar güclü erməni lobbisinin girovluğundan azad ola bilmirlər.

Azərbaycan Xarici işlər Nazirliyinin (XİN) Fransa Avropa və Xarici İşlər Nazirliyinin Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə qəbulolunmaz bəyanatına dair şərhində   qeyd edilib ki, Azərbaycan ərazilərinin işğalı faktına və bu faktın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi ilə tanınmasına baxmayaraq, Fransanın 1997-2020-ci illərdə ATƏT-in  keçmiş Minsk qrupunda həmsədrliyi dövründə münaqişənin beynəlxalq hüquq əsasında ədalətli həllini tapmasından daha çox işğal nəticələrinin və bölgədəki status-kvonun saxlanmasına töhfə verdiyi yaxşı yadımızdadır. Bu baxımdan, hazırkı postmünaqişə vəziyyətində belə əvvəlki siyasətindən imtina etməyən Fransanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq görülən tədbirlər barədə bugünkü bəyanatını işğal dövrünün qalıqlarına göstərilən dəstək kimi qiymətləndiririk.

XİN-dən bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı da anti-Azərbaycan mövqeyi və bəyanatları ilə seçilən Fransanın, münaqişədən sonrakı vəziyyətdə bölgədə sülh quruculuğu səylərindən kənarda dayanaraq, prosesə yalnız mənfi təsir göstərən açıqlamalar verməsi, separatizmi dəstəkləyən mövqe göstərməsi ilə özünü regiondan daha da təcrid etməsi yaxşı məlumdur. Fransanın bugünkü mövqeyi bu ölkənin müstəmləkə bölgələrində hazırda üzləşdiyi mövcud vəziyyətdən dərs almadığını və bu mövzuda əvvəlki davranışlarını və siyasətlərini davam etdirdiyini göstərir. Fransa rəsmiləri, Milli Assambleyası və Senatı Azərbaycana qarşı bəyanatlar verilməsi və sənədlərin qəbulunda Ermənistandan daha fəal çıxış edirlər. Fransanın İslamofob və anti-Azərbaycan siyasəti və onun daxili işlərimizə qəbuledilməz müdaxiləsi göstərir ki, bu dövlət regiondan nə qədər uzaq olsa,  bölgəmiz üçün bir o qədər yaxşı olar.

Görəsən, E.Makronun komandası bu dəfə hansı möcüzənin baş verəcəyinə ümid bəsləyir? Möcüzə baş verməyəcək.  Fransanın TŞ-nın gözlənilən iclasında da fiaskoya uğrayacağına heç bir şübhə yoxdur. Ən azından ona görə ki, Təhlükəsizlik Şurasında Azərbaycanla sıx əməkdaşlıq edən ölkələr də var. Bundan başqa, Rusiya nümayəndəsinin avqust islasında olduğu kimi, yenə də Fransanın istəyini təmin etməyəcəyini bəri başdan söyləmək mümkündür.

İstər Fransaya, istərsə də digər erməni havadarlarına bir daha xatırladırıq ki, Azərbaycanın Qarabağ bölgəsində apardığı lokal antiterror tədbirlər uğurla başa çatdırılıb.  Lokal antiterro tədbirlərinin dayandırılması barədə razılığa Azərbaycanın şərtlərinin yerinə yetirilməsi müqabilində gəlinib. Əldə olunan razılığa əsasən  Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılıb. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilib. Eyni zamanda, Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib.

Baş verən son hadisələrin gedişindən nəticə çıxarmalı olan  Fransa və digər erməni havadarları isə Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn, regionda kövrək normallaşma prosesini təhlükə altına alan əsassız bəyanatlarına, əməllərinə son qoymalıdırlar. Yoxsa, pislik elə özünüzə qalacaq. Necə ki, qalır da… Azərbaycan isə zəfərlərinin siyahısını genişləndirərək tarix yazmaqda davam edir. Elə sizin acığınıza!..

Yaqut Ağaşahqızı, “İki sahil”