23 sentyabr 2023 00:11
338

Heç hənanın yeridir?

Tofiq Yaqublunun özünü separatçılarla eyniləşdirmək məntiqi

Müsavat Partiyasının üzvü və qondarma «Milli Şura»nın funksionerlərindən olan Tofiq Yaqublu hələ də erməni baltasına sap olmaq mərəzindən qurtula bilmir. Onun son statuslarında bu lap açıq- aşkar görünür. Məsələn, o, yenə də həyasızcasına yazır ki, Azərbaycan bəyan edib ki, Dağlıq Qarabağ ermənilərinin Azərbaycan Kostitutsiyasında nəzərdə tutulmuş bütün hüquqları təmin ediləcək. Tutaq ki, hər şey deyilən kimi oldu, ermənilər daşı ətəklərindən tökdülər və reinteqrasiya baş verdi. Onda necə olacaq, ermənilər Azərbaycan Respublikasının «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanununa əsasən istədikləri vaxt Xankəndidə və ya Ağdərədə kütləvi aksiyalar keçirə biləcəklər, biz isə yenə də bunu Bakıda və ya Gəncədə edə bilməyəcəyik?

Bu status da əvvəlkilər kimi çox dayaz düşüncənin məhsuludur. Ona görə ki, bu zat sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda apardığı lokal xarakterli antiterror tədbirlərinin uğurlu nəticəsinə, separatçıların ağ bayraq qaldıraraq təslim olmalarına sevinmək əvəzinə, yenə də qaragüruhçuluqla məşğuldur. Yəni, mitinq arzusundadır. Məşədi İbad demişkən heç hənanın yeridir?

Əslində onlar heç vaxt həqiqi mitinq keçirmək istəyində olmayıblar. Əvəzində guya mitinq keçirməyə icazə ala bilmədikləri görüntüsü yaratmağa çalışıblar. Xatırladaq ki, hələ bir neçə il əvvəl bu dağıdıcı düşərgə mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən ayrı-ayrı vaxtlarda bir neçə dəfə icazə almışdı. Lakin sosial bazalarının zəif olması səbəbindən mitinqlərini havanın yağışlı və soyuq keçməsi bəhanəsi ilə təxirə salmışdılar. Yəni, onlar üçün mitinq keçirmək önəmli olmayıb, əvəzində Azərbaycan dövlətini antidemokrtiklikdə ittiham etməyə yalançı səbəblər axtarmağa çalışıblar.

Tofiq Yaqublunun yuxarıdakı statusunun qəribəliyi isə ondadır ki, o, özünü və mənsub olduğu düşərgəni erməni separatçıları və terrorçuları ilə müqayisə edir, hətta onların səviyyəsinə enir. Məhz elə buna görədir ki, İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizi məğlub ermənilər nə qədər həzm edə bilmirlərsə, Tofiq Yaqublu da eyni səviyyədə qəbul edə bilmir.

44 günlük müharibədən sonra yaranan reallıqlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bununla bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Ermənistanın üzərinə öhdəlik qoyulub. Bu dəhlizin açılmaq gerçəkliyi Ermənistanı nə qədər təşvişə salırsa, bir o qədər də Tofiq Yaqublunu narahat edir. Məsələn, o, Zəngəzur dəhlizi ideyasını «Azərbaycan dövlətinin avantürası» adlandırır. Ancaq anlamır və yaxud anlamaq istəmir ki, birincisi, Zəngəzur dəhlizi Azərbaycanın milli məsələsidir. İkincisi, Zəngəzur dəhlizinin açılması ölkəmizə yeni siyasi-dipomatik qələbələr və iqtisadi imkanlar vəd edir.

Görünən odur ki, Tofiq Yaqublu və onun «əqidədaşları» Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilən dairələrdən qrant qoparmaq üçün davamlı olaraq erməni lobbisi və revanşistlərlə eyni tezisləri paylaşırlar. Bundan başqa, Tofiq Yaqublunın və ətrafının necə olursa- olsun hakimiyyətə gəlmək ehtirası onların qəlbində dövlətimizə qarşı dərin nifrət yaradır. Onlar bu rəzilliklərinə görə Azərbaycanın güclənməsindən, regionun qüdrətli dövlət olmasından narahatdırlar.

Tofiq Yaqublunun daha bir rəzilliyi isə 26 avqust «Laçın Şəhər Günü» ilə bağlı Prezident İlham Əliyevin də iştirak etdiyi bayram tədbirlərinə və atəşfəşanlığa qısqanclıqla yanaşması olmuşdur. Hələ ötən ay Yaqublu sosial şəbəkə üzərindən Böyük Qayıdışı nağıl adlandırır və insanları bu nağıllara inanmamağa səsləyirdi. Bu adam hələ də anlamır ki, Böyük Qayıdış artıq həyata keçirilir və keçmiş məcburi köçkünlər işğaldan azad edilmiş rayonlarda yeni və xoşbəxt həyatlarına başlayıblar. Ermənistan mətbuatının yazdığına görə, ermənilər Laçındakı atəşfəşanlığı və təntənəni özlərinin yas günü adlandırıblar. Onlar bu kimi möhtəşəm tədbirlərdən sonra ölkələrinin acizliyini, özlərinin isə «böyük millət» ideologiyasının eyforiyaya uğradığını dilə gətirirlər. Bu məntiqdən çıxış etsək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı tikinti-quruculuq işləri, ordakı sürətli məskunlaşmalar haylar kimi, Tofiq Yaqublunun və onun «kruqu»nu da təşvişə salır.

Elçin Zaman, «İki sahil»