23 sentyabr 2023 01:57
250

Avropa İttifaqı ikili standartların məngənəsində

Qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı qərəzdən və reallıqları qəsdən təhrif etməkdən başqa bir şey deyildir

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Hətta qurumun "Şərq Tərəfdaşlığı" proqramının üzvüdür. Bu, həm də o deməkdir ki, demokratiya və insan hüquqlarının müdafiəsi, inkişaf sahələrində Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı mövcuddur. Lakin Avropa İttifaqının bir sıra təmsilçiləri Azərbaycan ictimaiyyəti üçün sınaqdan çıxmayıb. Belə ki, bir müddət öncə Azərbaycan ictimaiyyəti nümayəndələrinin Laçın yolunda ermənilərin ekoloji terroruna qarşı keçirdikləri aksiyanın işıqlandırılmasında da Aİ-nin bəzi nümayəndələri qərəzdən xilas ola bilmədi. Onların aksiyaya Ermənistanın mövqeyindən yanaşması da bunu təsdiq edir. Həmin ölkələrin rəsmiləri, KİV-i iddia edirdi ki, guya Azərbaycan ictimaiyyətinin nümayəndələri həmin ərazidə “Laçın dəhlizini blokadaya alıb” və Xankəndidə “ermənilər humanitar fəlakətlə üzləşib”və s. Qarabağda cəmləşən bir qrup separatçının əsassız iddialarına açıq və gizli şəkildə verilən dəstəyi də bu siyahıya aid etmək olar. Xüsusən də Xankəndidəki qondarma rejimin keçirdiyi “seçki” fonunda bu qərəzli münasibət, ikili yanaşma özünü daha qabarıq şəkildə biruzə verdi. Aİ bəyanat yayaraq, 9 sentyabr 2023-cü il tarixdə Xankəndidə keçirilən qondarma “prezident seçkisi”nin konstitusiya və hüquqi çərçivəni tanımadığını bəyan etsə də separatçılara dəstəyindən də geri qalmadı. Təşkilat bildirdi ki, Qarabağ erməniləri Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan “lider”in ətrafında cəmləşsinlər. Avropa İttifaqı bu prosesi dəstəkləməyə sadiq olduğunu xüsusi vurğuladı. Bu rüsvayçı yanaşma ilə Avropa İttifaqı Qarabağda çoxsaylı hərbi cinayətlər törədən, atdığı addımlarla Azərbaycanın ərazi bütövlüyünə qəsd edən qondarma rejimi himayə etdiyini acıq-aşkar bildirdi. Maraqlıdır, nəyə görə Ukraynanın, Gürcüstanın ərazilərində yaradılan oyuncaq qurumların “liderlərinə” belə mərhəmət göstərilmədiyi halda, Qarabağdakı separatçılara bu cür dəstək verilir? Bunun adı qərəzli yanaşma, ikili standartlar, qeyri-obyektivlik, həmçinin beynəlxalq hüququ ayaqlar altına atmaq deyil, bəs nədir?

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı da deyilənlərin sübutudur. Bildirək ki, sözügedən bəyanat ilk olaraq Aİ-nin 27 ölkəsinin birgə bəyanatı olmalı idi. Lakin Macarıstan sözügedən bəyanata veto qoyub. Cozep Borrelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı da yerlərdəki bütün reallıqları qəsdən təhrif etməkdən başqa bir şey deyildir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, bu təşkilat Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxındır davam edən hərbi işğalını, azərbaycanlılara qarşı etnik təmizləmə və bəşəriyyətə qarşı cinayətləri pisləməkdən həmişə çəkinib, 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın regionda sülh və sabitliyin bərqərar olması istiqamətində fəaliyyətini heç vaxt təqdir etməyib: “Azərbaycana qarşı belə qərəzli yanaşmanın hədələyici bəyanat səviyyəsinə çıxarılması regionumuzda sülhə xələl gətirir. Bir daha xatırladırıq ki, Azərbaycanın öz suveren ərazilərində yerləşdirilmiş qanunsuz erməni hərbi birləşmələrinin məhv edilməsi üzrə qanuni tədbirləri növbəti təxribatların və hücumların qarşısının alınmasına yönəlib və Azərbaycanın terrorizmə qarşı mübarizə tədbirləri ilə bağlı iddialarının erməni əhalisinə qarşı olması hətta Ermənistanın Baş naziri tərəfindən sentyabrın 21-də əhaliyə müraciətində təkzib edilib”.

Bu həm də xristian təəssübkeşliyinin nümunəsidir. Çünki bölgədə işğalçı müharibəni aparan Ermənistan olub. Azərbaycan torpaqları Ermənistan vandalizminə məruz qalıb və nəticə etibarilə Azərbaycana 150 milyard dollardan çox ziyan dəyib. Qərb bir dəfə də olsun minaların təmizlənməsi ilə bağlı Azərbaycana nə maliyyə yardımı, nə də qrant layihələrinə vəsait ayırıb. Ermənistana isə zaman-zaman maddi və ideoloji dəstək vermələri, müxtəlif adlarla maliyyə yardımı ayırmalarına bəraət qazandırmağa çalışmaları əslində bölgədə sabitliyə deyil, qeyri-sabitliyə xidmət edir. Təcrübədə sübut olunub ki, Ermənistan Qərbdən aldığı maliyyə yardımlarını, qrantları silah alınmasına, hərbi infrastrukturun  möhkəmləndirilməsinə, bir sözlə, militarizm siyasətinə yönəldib.

Bütün bunların fonunda Aİ-nin başqa dövlətlərdən hansısa dəyərlərə əməl etməsi tələbində bulunmasına mənəvi haqqı varmı? Təbii ki, yoxdur. Öz daxilində vəd etdiyi qaydalara, normalara əməl etməyən bir təşkilat digərlərinə necə irad bildirə bilər? Məlumdur ki, ermənilər ABŞ və Avropa İttifaqı daxilində çirkli pullarla lobbi bəsləyir. Konqresmenlər, Fransa Senatının üzvləri, siyasilər, KİV və s. bu pullarla ələ alınır, onlar Cənubi Qafqazda əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına qarşı çıxır, regionda qarşıdurmanın yaranmasına təhrik edilirlər. Bu sayaq nümunələrin sayını artırmaq da olar. Avropa İttifaqı birlik daxilində maliyyə və təhlükəsizlik məsələlərinə diqqət ayırmır. O, dezinformasiya ilə mübarizəni bəhanə edərək öz ərazisində bütün xarici maliyyələşməni dayandırır. Bu kimi layihələrin zahiri cəlbediciliyi ilə yanaşı, şirnikləndirici mahiyyət daşıdığı ehtimalı az deyil. Beynəlxalq donorlar, indiki halda Avropa İttifaqı adları çəkilən dövlətlərdən layihə, qrant adı ilə açıq şəkildə informasiya toplayır. Bu isə ictimai təhlükəsizliyə dəstək adı altında həmin ölkələrin təhlükəsizliyinə təhdiddir.

Sevinc Azadi, “İki sahil”