KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Məkrli cəhdlərin iflası və Turalın etirafı

10 aprel 2018 00:27
4590

Onlar yenə də böyük təşviş içindədirlər. Nə qədər gizlətməyə çalışsalar da,  narahatlıq içində vurnuxmaları özünü getdikcə daha qabarıq formada büruzə verir. Çünki illər uzunu müstəqil Azərbaycana qarşı hazırlanan planlarının icrası daim fiaskoya uğrayıb və  yenə də belədir. Azərbaycan daha qüdrətli dövlətə çevrilir, günü-gündən inkişaf edir, təkcə mövcud olduğu regionda yox, onun hüdudlarından kənarda belə böyük nüfuz sahibi kimi çıxış edir.

Söhbət Avropanın çirkabında oturub Azərbaycanı təhqir və böhtan hədəfinə çevirənlərdən gedir. Hansı ki,  ölkəmizin qazandığı uğurların miqyası artdıqca Orduxan, Məhəmməd, Tural kimi südəmərlərin müvəffəqiyyətsizliyindən doğan əsəbləri daha çox tarıma çəkilir və nəticə özünü söyüşlərdə göstərir.

Əslində Avropadakı antiazərbaycan laboratoriyalarının “məhsullarından” bundan artığı da gözlənilə bilməzdi. Ancaq bir məsələ də var ki, belələrini təlimatlandıran və ya proqramlaşdıranlar bir məsələni nəzərə almayıblar ki, belə şeylər Azərbaycan ictimaiyyəti üçün heç bir məna kəsb etmir. Xalq gördüyünü və ya görmək istədiyini artıq görüb və ona yenidən Amerikanı kəşf etmək lazım deyil. Bir sözlə, məsələnin mahiyyəti belə mərkəzlərin gücündə yox, Azərbaycan xalqının iradəsindədir. O iradədə ki, dövlət müstəqilliyinin əldə olunmasında və onu qorunmasında böyük sınaqlardan keçib, daha da güclənib. Qısası Azərbaycan hansısa “bahar”ın keçirilməsi üçün poliqon deyil və ölkəmiz yadellilərin bu cür hücumlarına qarşı ciddi “immunitet”ə malikdir.

Vəziyyətdən çıxış yolu axtarmağa çalışan qarşı tərəf müxtəlif yollara əl atmaqdadır. Manqurtlaşdırılanlardan biri- Tural Sadıqlı “Amerikanın səsi” radiosuna video müsahibəsində apardığı  çirkin oyunu davam etdirmək üçün dağıdıcıları onlara qoşulmağa səsləyib. O, dağıdıcı müxalifətin ünsürlərinə əvvəllər də müraciət etdiyini, lakin heç bir reaksiyanın olmadığını bildirib.

T.Sadıqlı etiraf edib ki, cidd-cəhdlərinə baxmayaraq, AXCP və dağıdıcı düşərgədə təmsil olunan digər partiyaların “mühacir biznes”lərinin qurbanları onlara qoşulmaqdan imtina edirlər.

Lakin bu bədbin mənzərənin fonunda T. Sadıqlı Almaniyada Azərbaycan əleyhinə mitinq keçirmək niyyətindədir. Özü də idda etdiyi 100 nəfərlə! Görünür,  minimum səviyyədə dünyagörüşü olmayan, ancaq harada gəldi  özünü hamıdan ağıllı göstərməyə çalışan bu uşağın da digər “həmkarları” kimi  cəmi 26 ildən bir az çox dövlət müstəqilliyini əldə etmiş Azərbaycanın keçdiyi siyasi proseslərdən heç xəbəri yoxdur. Əks halda don kitoxsayağı “mübarizə” aparan südəmər manqurtlar nəyin uğrunda mübarizə apardıqlarını dərk etmiş olardılar. Aydın məsələdir ki, 21-ci əsrin manqurtları üçün müqəddəs olan heç nə yoxdur və onlar verilən təlimatları robotcasına həyata keçirməkdədirlər. Bu cür xəyanətin müqabilində onlardan doğulduqları torpaq, böyüdüb boya-başa çatdıran valideynləri də imtina edib. Bəlkə də nə vaxtsa valideynləri onları qəbul edər, ancaq torpaq əsla!

Ancaq sevindirici hal ondan ibarətdir ki, belələrinin dövlət, dövlətçilik, milli maraqların əleyhinə yönələn mövqeyinə ən tutarlı cavab elə həmişə xalq tərəfindən gəlib. Elə də böyük zaman kəsiyini əhatə etməyən yeni müstəqillik tariximizə nəzər yetirdikdə bunun real mənzərəsini aydın nümayiş etdirən, bir çoxumuzun canlı şahidi olduğu xeyli faktlar görmək mümkündür.

Bu dəfə də ölkə ictimaiyyətinin nümayəndələri  istək və iradələrini ortaya qoymaqla bir daha müdrikliyini göstərərək onlara layiqli münasibətini bildirdi və nümayiş etdirdi ki, belələrinin məkrli cəhdləri iflasa məhkumdur.