KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Naxçıvan dəhlizi BTQ-yə alternativ ola bilər?

04 dekabr 2020 18:37
6062

Azərbaycan, Rusiya və Ermənistan tərəfindən noyabrın 10-da imzalanmış məlum  Bəyanatın müzakirə olunan tərəflərindən biri də ölkəmizin digər bölgələrinin Naxçıvan Muxtar Respublikası (MR) ilə  iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsidir. Belə ki, Bəyanatın 9-cu bəndi bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsini, Ermənistanın vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməsini nəzərdə tutur. Sənədə görə, nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirməli olacaq.

Artıq ölkə ictimaiyyəti tərəfindən sözügedən nəqliyyat əlaqəsinin əhəmiyyəti barədə müxtəlif fikirlər irəli sürülməyə başlayıb. Bu fikirlərin əsas məğzini Azərbaycanın onun digər ərazisi olan Naxçıvanla nəqliyyat əlaqəsinin yaranmasının böyük iqtisadi əhəmiyyətə malik olacağı, həmçinin gələcəkdə Naxçıvan ərazisindən keçəcək quru yolu xətlərinin Bakı-Tbilisi-Qars (BTQ)dəmiryolu xəttinin uzunluğundan az olmaqla daşınmaların xərcini və müddətini azaldacağı vurğulanır.

Hazırda Azərbaycanın digər regionları ilə Naxçıvan arasındakı birbaşa nəqliyyat əlaqəsi sadəcə, hava yolları vasitəsilə mümkündür ki, bu da digər nəqliyyat növləri ilə müqayisədə bahalıdır. Bu baxımdan Naxçıvanla nəqliyyat dəhlizinin yaradılması bahalı nəqliyyat vasitəsinə daha ucuz alternativ olan avtomobil yolu və dəmiryolu xəttinin çəkilməsi üçün imkan yaradır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məsələ ilə  bağlı şərhində sözügedən Bəyanatın 9-cu bəndinin regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası və beynəlxalq nəqliyyat-logistika sistemində Azərbaycanın mövqeyinin güclənməsinə təkan verəcəyi bildirilir. Vurğulanıb ki, bu maddə, nəqliyyat dəhlizinin nəzərdə tutulması ilə Azərbaycanla birbaşa quru əlaqəsi olmayan Naxçıvan MR və Azərbaycan üçün böyük iqtisadi əhəmiyyət vəd edir. Bir ölkənin nəqliyyat və logistika sisteminin inkişafı, xarici və daxili daşınmalar üçün alternativlərin çox olması bu ölkənin iqtisadi inkişafında, idxal və ixrac əməliyyatlarının təhlükəsiz həyata keçirilməsində önəmlidir.

Həmçinin qeyd edilib ki, gələcəkdə Naxçıvan ərazisindən keçəcək quru yolu xətləri BTQ dəmiryolu xəttinin uzunluğundan 1,7 dəfə təxminən 343 kilometr az olmaqla daşınmaların xərcini və müddətini azaldacaq 

Prezident İlham Əliyev isə Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində regiondakı bütün ölkələrin Naxçıvan dəhlizindən faydalanacağını bildirib:  “Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz. Biz istəyirik ki, bölgədə uzunmüddətli sülh olsun. Buna nail olmaq üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin”.

Bu mənada bölgədə nəqliyyat əlaqələrinin bərpasının bir məqsədi də uzunmüddətli sülhə nail olunmasıdır. Ölkə başçısı vurğulayıb ki, burada bir nömrəli məsələ Azərbaycanı Naxçıvan MR ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır: “Çünki bildiyiniz kimi, biz BTQ dəmir yolunu bir neçə il bundan əvvəl istifadəyə verdik. Bu, artıq Türkiyə ilə Azərbaycan arasında dəmir yolları vasitəsilə bir bağlantıdır. Bu layihə də baş versə, - əminəm ki, baş verəcək, – bu, yeni bir bağlantı olacaq və burada beş ölkə bundan fayda götürə bilər... Eyni zamanda, Rusiya Federasiyasının nümayəndə heyətinin Azərbaycana etdiyi səfər çərçivəsində, o cümlədən dəmir yollarının bərpası məsələləri müzakirə olunubdur. Ermənistan dəmir yolları Rusiya dəmir yollarına məxsusdur, 100 faiz. Ona görə biz bu məsələni Ermənistanla yox, Rusiya ilə müzakirə edirik”.

Buradan bu nəticəyə gəlmək olur ki, Naxçıvanla Azərbaycanın digər əraziləri, ilk növbədə dəmiryolu nəqliyyatı ilə birləşə biləcək və bu, regiondakı digər 5 ölkənin dəmiryolu xətləri sistemi ilə əlaqələndirilmək imkanı verəcək. Ancaq bu, heç də BTQ dəmiryolu xəttinin əhəmiyyətinin azalacağı demək deyil. Hazırda bu dəmiryolu xəttinə maraq artmaqdadır və onun əsas üstünlüyü Çindən gələn yüklərin Avropaya çıxışının və ya əks istiqamətdə daha əlverişli olmasıdır. Təsadüfi deyil ki, dekabrın 4-də Türkiyədən Çinə ilk ixrac məqsədli qatar İstanbuldan yola düşüb. Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Mərmərə ərazisindən keçərək BTQ  dəmiryolu xətti ilə Trans-Xəzər Beynəlxalq Marşrutu və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə Çinə çatacaq qatar 8 min 693 kilometr yol qət edəcək. Bildirilib ki, bu qatar iki qitəni, iki dənizi və beş ölkəni keçərək yükləri 12 gün ərzində Çinə çatdıracaq.

BTQ Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir və təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, həm də iki qitə arasında ən qısa yoldur. O, yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. "Azərbaycan Dəmir Yolları" QSC-ın məlumatına görə, əgər 2018-ci ildə BTQ vasitəsilə 67 min 393 ton yük daşınıbsa, 2019-cu ildə bu göstərici artıq 110 174 tona yüksəlib ki, bu da 63,5 faiz artım deməkdir. 2020-ci ilin ilk altı ayında isə BTQ ilə daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artıb. Bu cür yüksək artım templəri dəmir yolu xəttinə olan böyük marağın, marşrutun təhlükəsiz və etibarlı olması ilə izah etmək mümkündür.

Bu baxımdan Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsinin yaranması və onun BTQ dəmiryolu xəttindən qısa olması kimi fikirlər bu iki nəqliyyat dəhlizlərindən birinin əhəmiyyətinin artacağı, digərinin azalacağı demək deyil. Onların hər biri marşrutuna  görə  yeni  imkanlar açır və gələcəkdə regionumuzun iri nəqliyyat mərkəzinə çevrilməsi üçün zəmin yaradır.