03 sentyabr 2023 13:19
345

Ərazi bütövlüyümüzün tam bərpası

30 illik həsrətdən sonra düşmən tapdağından azad olunaraq soydaşlarımızın doğma yurd-yuvalarına geri döndüyü, qovuşduğu ərazilərimizdən biri də Laçındır. Laçın ərazi baxımından böyük strateji əhəmiyyətə malikdir. 1992-ci ilin may ayının 8-i Şuşanın, may ayının 18-i isə Laçının işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaranmasına gətirib çıxardı. 

Azərbaycan hər zaman dünyaya öz mövqeyində sülhün tərəfdarı olduğunu nümayiş etdirmişdir. Bu səbəbdən də, 28 il Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə çalışmışdır. Lakin təəssüf ki, bütün cəhdlərə, qətnamələrə məhəl qoymayan ermənilər xarici havadarlarına arxalanaraq sülhün bərpasına, Azərbaycanın ərazi bütövlüyünün təmini məsələsinə əməl etməmişlər. 44 günlük müharibə Ermənistana sübut etdi ki, Azərbaycanın dözümlülük göstərməsi acizlikdən deyildir. Azərbaycan əgər lazım gələrsə bu problemi güc yolu ilə həll etməyə qadirdir.

Məlumdur ki, Vətən müharibəsində Müzəffər Azərbaycan ordusunun əzmi, peşəkarlığı qarşısında dayana bilməyən Ermənistan ordusu və höküməti öz məğlubiyyətlərini etiraf etməli oldular. Bunun nəticəsində 10 noyabr bəyanatına əsasən məğlubiyyətlərini etiraf edən Ermənistanın baş naziti tərəfindən kapitulyasiya aktı imzalandı.

Müharibənin itməsindən üç ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hökuməti üzərinə düşən bəzi öhdəlikləri hələ də yerinə yetirmir. Azərbaycana qarşı erməni mövqeyindən müxtəlif dövlətlər və təşkilatlar tərəfindən təziqlərə baxmayaraq, dövlətimiz öz haqq yolunda əzmlə davam edir. 

2022-ci ilin dekabrın 3-də və 7-də Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların öz vəzifələrini lazımi şəkildə əməl etmədikləri üçün bu monitorinq baş tutmadı. Buna etiraz olaraq, dekabr ayının 12-dən azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dinc aksiyaya başladılar. Azərbaycan hər zaman dünyaya öz torpaqlarına, maddi və mənəvi sərvətlərinə sahib çıxan mövqeyini nümayiş etdirmişdir.

Xaricdən ermənipərəst qüvvələrin təziqlərinə baxmayaraq, bu il aprelin 23-də Azərbaycan tərəfi Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi yerləşdirdi.  Bu isə bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçınlılarla görüşü zamanı çıxışında demişdir: “Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri