03 sentyabr 2023 11:18
345

“Laçın” sərhəd-buraxılış məntəqəsi strateji əhəmiyyət kəsb edir

44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edildi, suveren ərazi bütövlüyümüz bərpa edildi. Ermənistanla sərhəddə Həkəri çayının üstündə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması qazanılan şanlı Zəfərdən sonra ən böyük tarixi əhəmiyyət daşıyan bir işdir. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir.Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır.

Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və ona dəstək verən qüvvələr ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində “humanitar böhran” yaratmaqda ittiham edirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, uzun illərdir ki, ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini ört-basdır etməyə çalışır. “Humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır. Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasına səbəb oldu. Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyətindən olan digər şəxslərlə birgə Xocalı rayonunun Meşəli kəndinə silahlı basqın edərək 28 nəfər azərbaycanlı milliyətindən olan kənd sakinini amansızcasına qətlə yetirib. Azərbaycan tərəfindən Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı atılan bütün addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib.

Cənab Prezident İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır.” Bu milli maraqların qorunması naminə siyasi iradənin nümayişidir.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması gərginliyi azaltmağa, daha sülhsevər bir atmosfer yaratmağa və regionda daha sürətli əməkdaşlığın inkişaf etməsinə kömək edir.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı