02 sentyabr 2023 00:10
210

Avaralara və tüfeylilərə Vətən hissi yaddır

Tofiq Yaqubludan etiraf: qrant üçün çalışır və qrantverənlərin sifarişini yerinə yetiririk

Hər bir insan malik olduğu dünyagörüşünə, təhsilin səviyyəsinə, həmçinin mənəvi, əxlaqi və mədəni keyfiyyətlərinə uyğun öz həyat tərzini formalaşdırır. Həyat tərzi isə insanların təfəkkürü ilə birbaşa bağlı olan məsələdir. Bu, bir həqiqətdir ki, insan yalnız mənalı, yaradıcı, xeyirxah həyat tərzi keçirməklə cəmiyyətdə layiqli mövqe tutmağı bacarır, hörmət qazanır, sayılıb seçilə bilir.

Doğulduğu, böyüyüb boya-başa çatdığı, təhsil aldığı ölkənin əsl vətənpərvəri olmaq, yüksək vətəndaşlıq məsuliyyəti, yaşadığı ölkənin uğurlarına sevinmək hissləri hər bir insana qismət olmayan keyfiyyətlərdir. Tanınmış rus yazıçısı L.Leonovun əsərlərinin birində söylədiyi fikirlər deyilənləri bir daha təsdiq edir: “Avaralara və tüfeylilərə Vətən hissi həmişə yad olmuşdur.”

Bu gün böhtan və yalanlarla dolu məlumatları beynəlxalq təşkilatlara, erməni millətçilərinə ötürməklə gündəmdə qalmaq istəyən AXCP sədri Əli Kərimli, qondarma “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu və dağıdıcı müxalifətin digər nümayəndələrindən olan mənəvi eybəcərlər məhz bu sırada yer tutmağa layiqdirlər. Bunlar pul qazanmaq üçün vicdanını belə satmağa hazır olan, abır və həya hissini itirmiş, şəxsi mənliyi və məsləki olmayanlardır. Bu cür xarakterə malik insanlar adətən özünü dərk etmək hisslərindən də uzaq olur, özü natəmiz, çirkaba batmış olsa da, ağ rəngə qara deməkdən çəkinmir, bütün hallarda yalnız şəxsi mənafelərini güdürlər. Millətə üzqaralığı gətirən bu cür “azadlıq carçıları” yaddan çıxarırlar ki, bu gün nökər psixologiyası ilə qabaqlarında diz çökdükləri həmin beynəlxalq təşkilatlar və erməni millətçiləri vaxtı çatdıqca növbə ilə onları bir-bir ifşa edəcəklər. Ermənilərin çeynənmiş bayatılarını uzun illərdir təkrarlamaqla ictimai fikri çaşdırmaq siyasəti həyata keçirən həmin insanlar haqqında çox deyilib, çox yazılıb.

Uzun illərdir ki, özünü “əsas müxalifət” adlandıran, müxalifətçilikdə belə başqasına meydan tanımaq istəməyən T.Yaqublu nə qədər “demokrat”, “azadlıq carçısı” rolunu oynamağa çalışsa da, əsl mahiyyətini gizlədə bilmir. Müəyyən miqdarda pul qarşılığında T.Yaqublunun dedikləri və yazdıqları göstərir ki, özünü “əvəzolunmaz” hesab edən bu üzdəniraq əslində meydanda tək qalıb.

Təkrar da olsa yenidən qədim hind aforizmlərinin birində deyilənləri ermənipərəst mövqeləri ilə seçilən bu cür ünsürlərin yadına salmaq istərdik: “Yaxşı məsləhətçiləri olmayan ölkə, azuqə ehtiyatı olmayan qala, gənclikdən sonra gələn səadət, biliksiz təcrid, zalımın sakitliyi, dinsizin müdrikliyi, dilənçinin narazılığı, qulluqçunun qəzəbi, ağanın məhəbbəti, yoxsulun evi, axmağın müvəffəqiyyəti faydasız və bəhrəsiz olar.”

T.Yaqublu “Facebook” səhifəsində yenə çaşıb. Əslində bəzi həqiqətləri etiraf edib. Yazıb ki, müxalifət oyun oynayır, xalqı maarifləndirə bilmir, xalqla ünsiyyət qurmağı bacarmır, mübarizə metodlarını düzgün seçmir, bir-biri ilə didişir. T.Yaqublu özü müxalifətçidir, özünü tərifləyir, sonra da həyasızlıqla qeyd edir ki, müxalifət xalqı maarifləndirə bilmir. T.Yaqublu ağzının danışığını belə bilmir, o kimdir ki, xalqı maarifləndirsin. Özü maariflənməli olan bu bədxah uzun illərdir ki, qanun-qaydadan dəm vurur, sonra da təhsildən, maarifdən danışır. Yaxşı bilikli, maarifçi adam olsa xalqı maarifləndirər.

Həmçinin qeyd edir ki, müxalifət birləşə bilmir. Guya ironiya etsə də əslində, həqiqəti etiraf edərək qeyd edib ki, mübarizənin imitasiyası ilə məşğuldurlar, qrant üçün çalışır və qrantverənlərin sifarişini yerinə yetirirlər, sosial şəbəkələrdə mübarizə aparır və qaragüruhdurlar. Daha sonra öz məsuliyyətini xalqın boynuna atır, utanmadan xalqı ittiham edir ki, indiyədək özünə keyfiyyətli müxalifət yarada bilməyib. Daha beləsinə nə deyəsən...

T.Yaqublu, özün də bilmədən dolayı yolla etiraf edirsən ki, siz təkcə antimilli yox, eyni zamanda keyfiyyətsizsiniz. Və buna görə niyə xalq günahkar olmalıdır? Təəssüf, görək nə vaxt düzələcəksiniz. Amma bu gedişlə heç vaxt...

Cavid Əkbərov, “İki sahil”