Günün nəbzi
Parisin xanım meri qatı terrorçu Vaqif Xaçaturyanı hansı yolla azad etmək niyyətindədir?..
Baxın. Bu fotoya diqqətlə baxın. Heç şübhəsiz, son günlər ermənI mediasını “bəzəyən” iki xanımın bir-birinə sarılmasını əks etdirən bu şəkilə nəzər yetirərkən ilk ağlınıza gələn o olacaq ki, uzun illərin ayrılığından sonra görüşən ana-balanın vüsal anı əksini tapır sözügedən fotoda. Xeyr, qətiyyən belə deyil. Bir-birinə sarılan bu xanımları nə valideyn-övlad, nə digər doğmalıq, nə hansısa yaxın-uzaq qohumluq telləri, nə də ki eyni millətə mənsubluq amili birləşdirir. Ana-bala yaşında olan bu qadınlar nəinki eyni xalqa mənsub deyillər, hətta doğulduqları məkan da, həyat tərzləri də müxtəlifdir. Ana yaşında olan xanım 1959-cu il iyunun 19-da İspaniyanın Kardis vilayətinin San-Fernando şəhərində doğulub. O, 2 yaşında ikən ailəsi Fransaya köçüb. Sonradan şahlıq quşunun başına qonması nəticəsində karyera pillələri ilə dırmaşa-dırmaşa gəlib çatıb indiki məqama. Yəni, olub Paris adlı dünya şöhrətli şəhərin sahibəsi. Onun bərk-bərk sinəsinə sıxdığı qadın isə gəncdir. Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərində Vaqif Xaçaturyan adlı-soyadlı erməninin ailəsində dünyaya gəlib.
Yəqin ki, diqqətli oxucularımız söhbətin Fransanın Paris şəhərinin meri madam Ann İdalqo ilə Birinci Qarabağ müharibəsi dövründə Xocalıda, Meşəlidə və digər yurd yerlərimizdə azərbaycanlıları misli görünməmiş qəddarlıqlarla qətlə yetirən, bu il iyulun 29-da Laçın nəzarət-buraxılış məntəqəsində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılaraq istintaqa təhvil verilən qatı terrorçu Vaqif Xaçaturyanın qızı Eradan getdiyini anladılar. Şübhəsiz, onu da anladılar ki, həmin fotoşəkil qatı ermənipərəstliyi ilə nəinki bu gün faşizm ideologiyasının tüğyan ediyi Fransada, hətta bütün dünyada ad çıxarmış, Parisdən, Starsburqdan və digər şəhərlərdən guya “humanitar fəlakət yaşayan” Qarabağ ermənilərinə yardım adı ilə göndərilən TIR-ları müşaiyət etmək üçün Ermənistana səfərə gələn Ann İdalqonun İrəvanda cəllad Vaqif Xaçaturyanın qızı ilə görüşü “səhnəsindən” bəhs edir. Bu yazıda ermənidən də betər ermənilik edən madam İdalqonun səfəri zamanı işğalçıları dəstəkləyən, 30 il davam edən təcavüz nəticəsində misli görünməmiş faciələrlə üz-üzə qalan Azərbaycanı isə aşağılayan, xalqımıza hədyan yağdıran bəyanatlarına toxunmaq niyyətində deyilik. Əsas diqqəti ispanəsilli fransalı madamın qatı terrorçunun qızı ilə “maç-maç”, “quc-quc” səhnəsi zamanı verdiyi bu vədə yönəltmək istəyirik: “Mən sənin atanı Azərbaycan həbsxanasından azad edib evizinə qaytarmaq üçün əlimdən gələni edəcəyəm.”
Bax, belə! Əvvəla, ondan başlayaq ki, hazırda Bakıdakı təcridxanada saxlanılan və haqqında Azərbaycan qanunvericiliyinə uyğun istintaq hərəkətləri aparılan qatı cinayətkarı “azad etmək” üçün başqa ölkənin məmurunun əlindən nəyinsə gəlməsi, yumşaq desək, müşkül məsələdir. Axı, adamdan soruşarlar ki, Azərbaycan adlı məmləkətin vətəndaşı olan və vaxtilə azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı cinayətləri törədən və bu gün müstəqil ölkəmizin qanunları ilə mühakimə olunan qatı terrorçunu azad etmək üçün sənin əlində hansı siyasi, hüquqi və diplomatik rıçaqlar var ki, başından böyük vədlər verirsən? İkincisi, səndən də betər ermənilik edən “şefin” Emmanuel Makron bu və buna məsələlərdə Azərbaycan Prezidenti İlham Əliyevin yenilməz siyasi iradəsi və qətiyyəti qarşısında dəfələrlə aciz duruma düşdüyü halda axı sənin əlindən nə gələ bilər, madam İdalqo? Yəni, sözümüzün canı odur ki, bu gün qatı terrorçunu Azərbaycan həbsxanasından azad etmək məsələsində nəinki sənin, hətta “şefin” Makronun heç bir siyasi, hüquqi və diplomatik şansı yoxdur.
Hə, qalır bir vasitə. O da təbii ki, güc yoludur. Bəlkə tarixdən orta əsrlər Fransasında əsas söz sahibi olmuş cəngavərlərin döyüş və mübarizə yolunu əxz etmiş madam İdalqo “əlimdən gələni edəcəyəm” deyəndə Azərbaycana cəngavərsayağı güc tətbiq etməyi nəzərdə tutur? Axı, nə də olmasa o, Paris kimi dünya şöhrətli bir şəhərin sahibəsidir. Təbii ki, paytaxtın əsas söz sahibəsi kimi o, Viktor Hüqonun məşhur “Səfillər” əsərindən bizə qiyabi tanış olan Parisin nəhəng yeraltı dolanbac kanalizasiya sisteminə bələd olmamış deyil. Bəlkə madam İdalqo orta əsrlər cəngavərlərinin qəhrəmanlığını təkrar etmək, yəni, öz canından da artıq sevdiyi haylarla birlikdə İrəvandan Bakının istintaq təcridxanasına lağım atıb murdar əli günahsız azərbaycanlıların qanına batmış terrorcunu bu üsulla azad etməyi düşünür? Bəri başdan bəyan edirik: Əgər belə düşünürsə çox yanılır. Birincisi, ona görə ki, cəngavərlik qadın peşəsi deyil. İkincisi, madam mer niyyətini reallaşdırmaq üçün özü və onunla birlikdə bu “əməliyyatda” iştirak edəcək haylar üçün orta əsr cəngavərlərinin əsas döyüş rəmzi olan geyimlərini və qılınc-qalxanlarını əldə etməlidir. Görəsən, 64 yaşlı həşəmətli madam XXI əsrdə bu döyüş vasitələrini əldə etməyi bacaracaqmı? Bir anlığa fərz edək ki, bacardı. Bəs, Bakı istintaq təcridxanasında peyda olanda onları burada hazır vəziyyətdə gözləyən Müzəffər Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin öldürücü dəmir yumruğundan necə, yayına biləcəkmi? Bax, bu, müşkül məsələdir. Özü də cox müşkül!..
Əhməd Qurbanoğlu, “İki sahil”
P.S. Madam İdalqo İrəvana səfəri ərəfəsində jurnalistlərə açıqlamasında vəd etmişdi ki, Qarabağ ermənilərinə Fransa TIR-larının aparacağı “humanitar yük”ü İrəvandan Xankəndiyədək dostu və həmcinsi, Sttrasburq şəhərinin erməniəsilli meri Janna Barseqyan ilə birlikdə şəxsən özü müşayiət edəcəkdir. Məlum olduğu kimi, Azərbaycan sərhədçilərinin qətiyyəti nəticəsində onun bu vədi suya düşdü. Fikrimizcə, bundan sonra madam merin Azərbaycanda ciddi istintaq altında olan qatı terrorçunu “hansı yolla olursa-olsun azad etməyə” söz verməsi, sadəcə, axmaqlıqdır. Başqa heç nə...
Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır
Azərbaycan-Özbəkistan münasibətləri: Türk dünyasında strateji müttəfiqlik nümunəsi
Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli