02 sentyabr 2023 00:22
1440

Daha bir “fransız”

Və yaxud Gündüz Ağayev kimi “üzdənirağa” nə deyəsən?

Xəbər verildiyi kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarının ödənilməsi üçün Bakıdan göndərdiyi humanitar yardım Ağdama çatıb. Amma müəyyən səbəblərdən içərisində 40 ton un olan iki TIR Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləməkdədir. Azərbaycanın belə bir humanist addımı hayların Laçın-Xankəndi yolu ilə bağlı bütün planlarını alt-üst edib. Bu səbəbdən də onlar 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni reallıqlar yaradan, hazırda özünün ən qüdrətli dövrünü yaşayan, beynəlxalq aləmdə söz sahibinə çevrilən dövlətimizin imicinə ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün çirkin kampaniyalar, müxtəlif aksiyalar təşkil etməkdə davam edirlər. Hayların bu əndişəsi başadüşüləndir. Sən demə, Azərbaycanın bu humanist addımı yalnız hayları, fransızları deyil, bizim bəzi üzdəniraq soydaşlarımızı, daha doğrusu, “sapı özümüzdən olan baltalar”ı da narahat edirmiş.

Belə ki, rəssam Gündüz Ağayev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağa humanitar yardım göndərməsi ilə bağlı çəkdiyi karikaturada ermənilərin istəklərini əks etdirib. Həmin karikaturanın detallarına varıb müəllifi “şərəfləndirmək” istəməzdik. Amma bu, həqiqətdir ki, onun “rəsm əsəri” bütün hayların ürəyincə olub. Hətta sosial şəbəkələrin erməni seqmentlərində Gündüz Ağayevin Xankəndidə  separatçıların xeyrinə təbliğat işi aparması o ki var alqışlanıb, ünvanına xoş sözlər yağdırılıb. Üstəlik, Tatul Akopyan adlı bir erməni yazıb ki, Xankədidə oturanlar (separatçılar nəzərdə tutulur) Ağdam-Xankəndi yolu  ilə bağlı dəqiq fikir söyləməkdə çətinlik çəkirlər: "Bu rəsmin müəllifi isə azərbaycanlıdır. Hər şeyi "əla" əks etdirib".

Çox güman ki, Gündüz Ağayev separatçıları feyzyab edən həmin rəsmi hansısa erməninin sifarişi ilə ərsəyə gətirib. Təbii ki, müəyyən məbləğ qarşılığında. Bununla da  Cündüz Ağayev bir daha sübut edib ki, onun üçün pul-para milli maraqlardan, vətənpərvərlikdən üstündür. Yeri gəlmişkən, bir məqama da toxunmaq yerinə düşərdi. Belə ki, avqustun 30-da Fransanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə “humanitar yardım” adı altında Azərbaycan-Ermənistan şərti sərhədinə bir sıra regionlarının nümayəndələrinin müşayiəti ilə heç bir lüzum olmadan yük maşınları karvanı  göndərib. Bununla da  Fransa Ermənistanın başlatdığı şouya beynəlxalq “çalarlar” əlavə etməyə çalışıb. Üstəlik, Fransa rəsmiləri bu məsələ ilə bağlı Ermənistanda müxtəlif görüşlər keçirib və ölkəmizin əleyhinə ermənisayağı fikirlər səsləndiriblər. Bu mənada Gündüz Ağayevin karikaturasının həmin dönəmdə peyda olması heç də təsadüfi sayıla bilməz. Yəni, bunu Dərviş Məstəli şahın Parisi “partlatmasının” həmin ölkədə baş verən inqilab ilə üst-üstə düşməsi kimi qəbul etmək sadəlövhlük olardı. Bu mənada bu əvvəlcədən düşünülmüş addımdır. Gündüz Ağayev bununla fransızların həyata keçirmək istədikləri siyasəti dəstəkləməklə yanaşı, onlarla həmrəy olduğunu bilavasitə nümayiş etdirib.  Kim bilir, bəlkə də onun pul kisəsi elə həmin fransızlardan biridir. Bəli, daha bir “fransız” da bu yandan çıxdı. Beləsinə nə deyəsən? Deyəsən ki...

Qvami Məhəbbətoğlu, “İki sahil”