Müharibədən məğlub çıxan Ermənistan və onun sifarışlərini yerinə yetirən Qarabağdakı qulbeçələri bölgədə gərginliyi artırmaqda davam edirlər. Bölgədə yaşanmayan “humanitar fəlakəti” əllərində bayraq edən separatçılar güvəndikləri əksər beynəlxalq qurumların, həmçinin böyük dövlətlərin bu məsələdə onların gözləntilərini doğrultmadıqlarını görüb daha da həyasızlaşıblar. Həmin separatçılardan biri - qondarma rejimin sabiq qondarma “dövlət naziri”, Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə öz varidatını artıran rusiyalı erməni milyarder Ruben Vardanyan indi də mikrodövlətləri, yəni cırtdan dövlətləri “humanitar fəlakət” şousuna cəlb etmək fikrinə düşüb. Belə ki, o bu dəfə ümumi sahəsi 160 kvadrat kilometr, əhalisi təxminən 35 min nəfərdən ibarət olan Lixtenşteynə üz tutub.
Ruben Vardanyanın dediyinə görə, guya Lixtenşteyn şahzadəsi Mixael “mühasirədə” olan “artsax”a humanitar yardımın hava karvanına rəhbərlik etməyə və humanitar yardım aparan təyyarədə olmağa hazır olduğunu bildiribmiş. O, daha sonra deyib ki, İsveçrənin "Impact Investing Solutions" şirkəti artıq internet səhifəsində press-reliz dərc edib və qeyd edib ki, guya Lixtenşteynin Əlahəzrət Şahzadəsi Mixael və digər dünya liderləri, indiki və keçmiş dövlət başçıları ilə birlikdə 120 min insanın (???), o cümlədən 30 min (???) uşağın səkkiz aydan çox qida və dərmandan məhrum olduğu Qarabağa həyati əhəmiyyətli malları çatdırmağa hazırdır. Amma Ruben Vardanyan bu məsələnin nə vaxt “reallaşacağı” barədə heç bir məlumat verməyib.
Üstəlik, Ruben Vardanyan bildirib ki, guya bu, həm də beynəlxalq aktorların vəziyyətlə bağlı tam məlumatlı olduqlarının bariz nümunəsi imiş. Amma görünən odur ki, Laçın yolundan və sərhəd buraxılış məntəqəsindən gün ərzində yüzlərlə erməni sakininin keçdiyindən, yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yolların da ayrıldığından, bütün bu səylərə baxmayaraq, bu yollardan istifadənin Ermənistan və havadarları tərəfindən siyasiləşdirilməsindən Lixtenşteyn şahzadəsinin və onunla həmfikir olanların əsla xəbəri yoxdur. Olsaydı Ruben Vardanyanın yalanlarına inanmazdı. Şübhəsiz, bu məsələdə şahzadənin erməni diasporunun təsiri altına düşməsi önəmli rol oynayıb və nəticədə onda hay təəssübkeşliyi “formalaşıb”. Sən demə, həm də biznesmen kimi fəaliyyət göstərən Mixaelin varidatının artmasında Ruben Vardanyanın müstəsna xidmətləri varmış. Belə ki, bəzi məlumatlara görə, o məhz Ruben Vardanyanın vasitəçiliyi ilə Rusiyanın Sankt-Peterburq şəhərindəki “Baltinvestbank”ın səhmlərinin 19,2 faizinə sahiblənib. Amma bütün hallarda şahzadənin adi bir fırıldaqçının, yəni Rusiyanın hakimiyyət dairələrinə yaxınlığı ilə seçilən bazar təmayüllü çirkin bir fiqurun – Ruben Vardanyanın əlində alətə çevrilməsi olduqca gülünc, gülünc olduğu qədər də iyrəncdir.
Bu məqamda bir məsələni də vurğulamaq istərdik. Xəbər verildiyi kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan 40 ton undan ibarət humanitar yardım yola salıb. Amma Ruben Vardanyanın yaratdığı “ictimai” təşkilatın - “Qarabağ təhlükəsizlik və inkişaf cəbhəsi”nin üzvləri humanitar yükün Ağdam-Xankəndi yolu ilə Xankəndinə daxil olmasına imkan vermirlər. Hətta Vardanyanın təşkilatının rəhbəri Arşak Abramyan Ermənistan mediasına deyib ki, erməni silahlı dəstəsi də onlarla birgə bu aksiyada iştirak edir.
Bəli, Azərbaycan öz qəti mövqeyi ilə hər ötən gün Qarabağdakı separatçıların çənbərini bir qədər də daraldır. Mövcud durumda Ruben Vardanyanın və digər separatçıların bu vəziyyətləri isə boğulmaqda olanların saman çöpündən yapışmalarını xatırladır. Saman çöpündən yapışanların aqibətləri isə hər kəsə bəllidir.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Real hədəflər və zəngin layihələr: İrəliləmək üçün çox dəqiq fəaliyyət planı var