30 avqust 2023 12:39
232

Tarixi ədalətin təntənəsi

30 il həsrətilə yaşadığımız və Müzəffər Ordumuzun şücaəti sayəsində azadlığını qürurla qeyd etdiyimiz dilbər guşələrimizdən biri də Laçındır. Yeni müstəqillik əldə etdiyimiz dövrdə baş vermiş siyasi səriştəsizlik, 90-cı illərin mürəkkəb sosial-siyasi vəziyyəti, namərd qonşularımız ermənilərin əsassız torpaq iddiaları 1992-ci ilin may ayının 18-də Laçının işğalı ilə nəticələndi. Aparılan düzgün siyasətin və Müzəffər Ordumuzun sayəsində həmin ağrılı günlər arxada qalmışdır. Bu gün illərlə həsrətində yaşadığımız, 30 il ərzində torpaq nisgililə yaşamış həmvətənlərimizin ayrılığına son qoyulmuşdur.

Böyük Zəfərimizin təntənəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında 2023-cü ilin 31 iyul tarixində Sərəncam imzalamışdır. Bu Sərəncamdan irəli gələrək hər il 26 avqust – Laçın şəhəri günü kimi qeyd ediləcəkdir.

2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanat  əsasən 1 dekabr 2020-ci il tarixinədək Laçın rayonunu Azərbaycana geri qaytarıldı. İkinci Qarabağ müharibəsi dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsilə başa çatdı. Lakin müharibənin bitməsinə baxmayaraq, keçmiş Laçın dəhlizinə görə Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri Azərbaycanın nəzarətində deyildi. Azərbaycan tərəfinin qısa müddətdə çəkdiyi yeni yol 31 illik həsrətdən sonra sakinlərin həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtmasını təmin etdi.

Avqust ayının 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin əlamətdar günü qeyd etmək üçün Laçında olmuşlar.

Tədbir Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilmişdir.  

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 il torpaq həsrətilə yaşamış laçınlıların mərhələli şəkildə dədə-baba yurdlarına qayıdacaqlarından bildirdi. Ölkə Başçısı qeyd etdi ki, 44 günlük müharibə dövründə ordumuz ancaq irəli getmək, düşməni məhv etmək, bayrağımızı qaldırmaq əzmində idi. Cənab Prezident İlham Əliyev dövlətimizə qarşı çirkin təbliğatların aparılmasına baxmayaraq, haqq-ədalətin, beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu, heç kimdən qorxmadığımızı həm döyüş meydanında, həm siyasi müstəvidə hər kəsə göstərdiyimizi bildirdi. İşğaldan sonra qarşılaşdığımız erməni vandalizmindən danışarkən Ölkə Başçısı bildirdi ki, “əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub, nə üçün bütün tarixi abidələr dağıdılıb?”  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmasından da söz açaraq  dünyada erməni havadarlarının təziqlərinə, hədə-qorxularına baxmayaraq bildirdi ki, “heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri